Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2616/2025 16.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı avadanlığın qaytarılması, texniki baxışa görə pul vəsaitinin tələb edilməsindən çəkindirilməsi və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: avadanlığın qaytarılması, texniki baxışa görə pul vəsaitinin tələb edilməsindən çəkindirilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı avadanlığın qaytarılması, texniki baxışa görə pul vəsaitinin tələb edilməsindən çəkindirilməsi və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh ******* nömrəli servis çekindən görünür ki, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına xx.xx.2020-ci il tarixdə baxış keçirilmişdir.
2. Cavabdeh ******* nömrəli servis çekindən görünür ki, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına xx.xx.2020-ci il tarixdə baxış keçirilmişdir.
3. Cavabdeh ******* nömrəli servis çekindən görünür ki, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir.
4. Cavabdeh ******* nömrəli servis çekindən görünür ki, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına xx.xx.2025-ci il tarixdə zəmanətsiz baxış keçirilmiş və su filteri dəyişdirilib, yenisi ilə əvəz edilib.
5. “Soliton” şirkətinin internet səhifəsindən paltaryuyan maşınların təmiri hissəsindən çıxarışdan görünür ki, avadanlıqlara təmir xidməti ilə bağlı şirkətin təkliflərə səhifədə əks olunmuşdur. Təkliflər sırasında “usta nasaz texnikanın kompleks diaqnostikasını həyata keçirdikdən sonra təmirin təxmini qiyməti barədə müştərini xəbərdar edəcək” məzmunlu təklif əks olunmuşdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, paltaryuyan maşının cavabdehə geri qaytarılması, bunun əvəzində müvafiq pul məbləğinin tutulması, məhsula texniki baxış göstərilmədən əvvəl pul vəsaiti tələb edilməsindən cavabdehin çəkindirilməsi, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı icra olunarkən xidmət mərkəzinin əməkdaşları tərəfindən sındırılmış 1 ədəd kasanın, 1 ədəd çərəz qabının, hər ikisinin birlikdə 4 manat olmaqla, “sovet” dövründə alman 1 ədəd böyük Madonna servis boşqabının dəyəri 50 manat olmaqla, cəmi 54 manat, ümumilikdə 354 manat maddi zərərin və 500 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, iddiaçı cavabdeh MMC-nin daimi müştərisidir, yenitikilən hündürmərtəbəli binada yerləşən şəxsi mülkiyyətində olan yeni mənzilinin bütün məişət, elektronika əşyalarını MMC-dən almışdır. Şirkət tərəfindən, iddiaçı qızıl müştəri statusu almışdır, bir neçə dəfə kreditlə mal alsa da, müddətdən əvvəl kreditini birdəfəlik ödəməklə şirkətə olan borcunu yekunlaşdırmışdır. Buna baxmayaraq, cavabdeh şirkət iddiaçıya münasibətdə qanunların tələbini pozmuş, onu, əlil övladı ilə birlikdə köməksiz vəziyyətdə salmışdır. Belə ki, iddiaçının övladı Ehlers-Danlos sindromundan əziyyət çəkir, dəri xəstəsidir. Həkimlərin tövsiyyəsinə görə, övladına məxsus geyim əşyaları antialergik, antibacterial proqramlara malik paltaryuyan maşında yuyulmalıdır. Buna görə şirkətin satış məsləhətçiləri ilə məsləhətləşərək **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşın almışdır. Aldığı məişət əşyasını zəmanət müddəti ərzində dəfələrlə, servisi gəlib təmir etsə də, yararsız hissələri yeni hissələrlə dəyişsə də, yenə mal istifadəyə yararsız olmuşdur, nəticədə iddiaçıya daha böyük zərərlər vurmuşdur, hələ də hərtərəfli zərərlər vurmaqda davam edir. Buna görə də iddiaçı paltaryuyan maşının geri qaytarılması barədə iddia qaldırır. Qeyd edildiyi kimi, zəmanət müddəti ərzində,şirkət,paltaryuyan maşının yararsız hissəni dəyişdirərkən qoyduğu yeni hissə istifadəyə yararsız olduğuna görə iddiaçıya maddi, mənəvi zərərlər vurmuşdur. Bu azmış kimi, cavabdeh MMC, istifadəyə yararsız paltaryuyan maşının dəfələrlə təmiri zamanı, hələ maşına texniki xidmət göstərmədən qabaq, istehlakçı ilə (yəni iddiaçı ilə) qarşılıqlı razılaşma olmadan, birtərəfli qaydada "xxxx" adı altında 30 manat əlavə pul vəsaiti tələb etmiş, lakin iddiaçı Antiinhisar Dövlət Xidmətinə müraciət etmiş, həmin xidmətin müdaxiləsi ilə bu məbləği ödəməkdən özünü azad etdirmiş və cavabdeh servis xidməti görmüşdür (keyfiyyətsiz şəkildə). Qisa müddət sonra yenə paltaryuyan maşın xarab olmuş, cavabdeh şirkət ondan yenə texniki baxış adı altında 30 manat birdəfəlik ödəniş tələb etmiş, iddiaçı “servis xidməti haqqınızı ödəyəcəm, amma məndən qarşılıqlı razılaşma olmadan "xxxx" adı ilə pul almayın” desə də, onunla razılaşmamışlar. İddiaçı xx.xx.2020-ci il tarixdə BEKO marlakı **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşın almış, 599 manat nəğd şəkildə ödəmişdir. xx.xx.2020-ci ildə paltaryuyan maşını alandan sonra, xx.xx.2020-ci ildə MMC-dən nümayəndə gəlib maşını iddiaçının mənzilində quraşdırmışdır. Quraşdırılıb təhvil veriləndən sonra, paltaryuyan maşını işlədərkən maşından kəskin yanıcı iylər, yüksək səslər gəlməyə başlamışdır. Buna görə də iddiaçı xx.xx.2020-ci ildə təkrar cavabdeh şirkətə müraciət etmişdir ki, gəlib maşına baxsınlar. xx.xx.2020-ci ildə nümayəndə gəlib düzəliş etmişdir. xx.xx.2020-ci ildə cavabdeh tərəfindən 3 illik zəmanət müddəti ilə (malı satanda bildirdilər ki, zəmanət müddəti 3 ildir) iddiaçıya satılmış sözü gedən paltaryuyan maşın 2023-cü ilin mart ayında yararsız vəziyyətə düşmüş - su qızdırıcı hissəsi işləməmişdir. Buna görə də, iddiaçı MMC-nin 180 qısa zəng mərkəzinə müraciət etmişdir ki, usta göndərsinlər, gəlib düzəltsinlər. Lakin, ona bildirilmişdir ki, texniki xidmət göstərmədən, göstəriləcək texniki xidmətin haqqından əlavə, əvvəlcə "xxxx" adı ilə 20 manat pul ödənilməlidir. Cavabdeh MMC-nin electron saytının servis xidməti olan hissəsinin paltaryuyan maşınların təmiri ilə bağlı bölümdə istehlakçılar üçün belə bir məlumatlandırma yoxdur. MMC-nin elektron saytının, paltaryuyan maşınların təmiri ilə bağlı bölümün elektron linki ərizəyə əlavə edilir- https://w\\w.soliton.az/az/pages/servis/paltarvuvan-mashinlarinintemiri/. ... Müvəqqəti təminat tədbiri barədə ərizə üzrə qərardadın icrası cavabdeh MMC tərəfindən iddiaçıya həm maddi zərər vurulmuş, eyni zamanda istehlakçı hüquqlarının pozulması barədə etirafedici sənəd və cavab təqdim edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə icra olunmuşdur. Qərardadm icrası zamanı MMC-dən iddiaçının evinə gələn 2 nəfər nümayəndə, iddiaçıya əlavə maddi zərərlər vurmuşdur. Belə ki, iddiaçının şəxsi mülkiyyətində olan 3 ədəd keramik mətbəx qabları əməkdaşlar tərəfindən qırılmışdır.
b) iddiaya etiraz
8. İddia tələbinə qarşı təqdim edilmiş iddiaya münasibətin dəlillərinə əsasən, iddiaçıya dəymiş ziyanın həcmi olaraq 200 manat pul cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, iddia tələbində olan iki ədəd sınıq qabın bazar dəyəri 100 manatı aşmadığı halda belə, cavabdeh tərəfindən iddiaçıya aztəminatlı şəxs olduğundan və himayəsində qrup əlilliyi olan şəxs olduğundan yuxarıda qeyd edilən məbləğ iddiaçıya ödənilmişdir.
c) məhkəmə icraat iştiakçılarının izahatları
9. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verib təmin edilməsini xahiş etmişdir.
10. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, cavabdeh tərəfin nümayəndəsi Nümayəndə tərəfindən zərərin əvəzi olaraq 200 manat pul vəsaiti ona göndərilmişdir. İddia tələblərinə mahiyyəti üzrə baxarkən, yekun məhkəmə aktı qəbul edərkən, cavabdeh şirkətin iddia tələblərini qəbul etmələrini nəzərə alınmasını xahiş edir.
11. Cavabdehin nümayəndəsi ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılaraq iddianın rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur; Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır; 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir; 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir; Maddə 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır; Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi; 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin; 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir; Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin; Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.
13. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanun: Maddə 5. İstehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına hüququ
1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir;
4. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir; İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir; Maddə 6. Zəmanət öhdəlikləri
1. İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir; Komplektləşdirici məmulatların zəmanət müddəti qanunvericilikdə və ya müqavilədə ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az olmamalıdır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
17. İddiaçı tərəfindən təqdim edilmiş faktiki hallardan görünən odur ki, iddiaçı tərəfindən cavabdeh MMC-dən xx.xx.2020-ci ildə “Beko” markalı paltaryuyan maşın alınmışdır.
18. İddiaçı həmin avadanlığın qüsurlu mal olması səbəbi ilə cavabdehə, malın əvəzində ödənilmiş pulun isə ona qaytarılmalı olmasını bildirir.
19. Mülki Məcəllənin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
20. Həmin Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.
21. Göründüyü kimi xüsusi qarantiya və yararlılıq müddəti müəyyənləşdirilməyibsə alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Alqısatqı müqaviləsində daha uzun müddət müəyyənləşdirildiyi məhkəməyə aydın deyil, lakin iddiaçının bildirdiyi faktiki hallardan məlum olur ki, hazırkı halda əşya üçün 3 illik zəmanət müddəti müəyyənləşdirilmişdir.
22. Əşya alıcıya xx.xx.2020-ci ildə təhvil verildiyindən qüsurlarla bağlı tələb irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətlər artıq keçmişdir və bu halda əşyanın qüsurlu mal olduğuna görə qaytarılması barədə tələb təmin edilə bilməz.
23. İddiaçının digər tələbi maddi ziyanın tutulması ilə bağlıdır. Maddi ziyanın yaranma əsasları olaraq iddiaçıdan “texniki xidmət” adı altında pul vəsaitinin alınması və cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qab-qacaqların sındırılması göstərilmişdir.
24. Məhkəmə gedişatında cavabdeh tərəfindən zərərin əvəzi olaraq iddiaçıya 200 manat məbləğdə pul ödənilmişdir. Bu zərərin vurulması faktını qəbul etmək üçün yetərli olsa da, zərərin məbləğinin daha çox – iddiaçının göstərdiyi həcmdə olduğu iş materialları ilə müəyyən edilmir. Bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir, ona görə iddia tələbi bu hissə də təmin edilə bilməz.
25. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.
26. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.
27. İddiaçı cavabdeh tərəfindən hər hansı məhsulla bağlı texniki xidmət göstərərkən, texniki xidmət göstərməmişdən əvvəl, ondan, texniki baxış adı ilə, qabaqcadan, birdəfəlik 30 manat pul vəsaitini tələb etməsindən çəkindirilməsini də xahiş edir və məhkəmənin qənaətincə bu hissədə tələb qismən əsaslıdır.
28. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən istehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.
29. Məhsula texniki baxış keçirilməsi və texniki xidmət göstərilməsinin tələb etmək iddiaçının hüququdur. Texniki baxış zamanı isə əvvəlcədən bunun üçün hər hansı haqq tələb edilməsinin maddi hüquqi əsası yoxdur. Cavabdeh MMC özü də istehlakçılara açıq texniki xidmət təklifində xidmətdən öncə texnikanın kompleks diaqnostikasını həyata keçirilməsinə zəmanət vermiş, bunun üçün hər hansı ödəniş məbləği nəzərdə tutmamışdır.
30. Odur ki, texniki baxış zamanı hər hansı ödənişin tələb edilməsi qanunsuzdur, b u barədə tələb təmin edilməlidir. Lakin bu iddiaçının tələb etdiyi kimi hər hansı məhsula yox, yalnız hazırkı mübahisənin predmeti olan “Beko” markalı paltaryuyan maşına münasibətdə tətbiq edilməlidir.
31. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına texniki baxış həyata keçirilərkən Cavabdeh MMC tərəfindən pul vəsaiti tələb edilməsi Cavabdeh MMC-yə qadağan edilməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına texniki baxış həyata keçirilərkən Cavabdeh tərəfindən pul vəsaiti tələb edilməsi Cavabdehnə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə