Məhkəmə qərarları › İş №e-2(005)-1417/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1417/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1417/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqaviləyə xitam verilməsi, maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı müqaviləyə xitam verilməsi, maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanılnış 23 sentyabr 2023-cü il tarixli, №M-01/28 saylı “xidmət müqaviləsi”nin ləğv edilməsi, 23 sentyabr 2023-cü il tarixli, №M-01/28 saylı “xidmət müqaviləsi” əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə iddiaçıya vurulmuş 9532,40 (doqquz min beş yüz otuz iki manat qırx qəpik) manat məbləğində maddi zərərin ödənilməsi; 6000 (altı min) manat məbləğində əldə çıxmış fayda qismində maddi zərərin ödənilməsi; 5000 (beş min) manat məbləğində mənəvi zərərin ödənilməsi; 300 (üç yüz) manat vəkil xərcinin və 151,60 (yüz əlli bir manat altmış qəpik) manat dövlət rüsumunun ödənilməsi vəzifələrinin Cavabdeh MMC –nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 23 sentyabr 2023-cü il tarixli, №M-01/28 saylı “xidmət müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 64 saylı mənzili təmir etməyi, iddiaçı isə cavabdehə 15.300 xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, təmir işləri xx.xx.2023-cü il tarixdə bitməli olduğu və iddiaçı tərəfindən xidmət haqqı tam ödənildiyi halda cavabdeh təmir işlərini yarımçıq qoyaraq, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Hazırda, iddiaçıya məxsus mənzildə yalnız 5.767,60 manatlıq iş görülmüşdür. Belə ki, Mərkəzi Ekspertiza Bürosunun MEB/01- 3426/24 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, sözügedən 64 saylı mənzildə aparılmış təmiş işlərinin dəyəri 5767,60 qəpik təşkil edir. Onu da qeyd edək ki, adıçəkilən mənzil iddiaçıya məxsus ikinci mənzildir və o, bu mənzili kirayə vermək və gəlir əldə etmək məqsədilə təmir etmək istəyirdi. Həmin mənzili iddiaçı ən azı ayda 500 AZN-ə kirayəyə verə və 12 ay ərzində 6000 manat gəlir əldə edə bilərdi. Cavabdeh iddiaçının istənilən müraciətinə məhəl qoymayaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Qeyd edək ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya göndərilmiş və həmin pretenziya ilə ondan 9532,40 manat borcun, 6000 manat məbləğində əldən çıxmış fayda qismində ziyanın, ümumilikdə 15.532,40 (on beş min beş yüz otuz iki manat qırx qəpik) manat pulun iddiaçıya ödənilməsi tələb edilmiş, həmçinin tərəflər arasında bağlanılan müqaviləyə xx.xx.2024-cü il tarixdən sifarişçi (iddiaçı) tərəfindən ləğv edilməsi bildirilmişdir. Tərəflər arasında bağlanılnış 23 sentyabr 2023-cü il tarixli, №M-01/28 saylı “xidmət müqaviləsi”nin 3.3-cü bəndinə əsasən, cavabdeh üzərinə götürdüyü öhdəliyi xx.xx.2023-cü il tarixdə bitirməli idi. Həmçinin müqavilənin 4.3-cü bəndinə əsasən, müqaviləyə öhdəliklər yerinə yetirildikdən sonra xitam verilir. Lakin bu müddətdən 1 ildən artıq müddətin keçməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, cavabdeh tərəfindən 23 sentyabr 2023-cü il tarixli, № M-01/28 saylı müqavilənin şərtləri kobud şəkildə pozulduğundan, həmin müqaviləyə xitam verilməlidir. İddiaçı cavabdehə 15300 AZN dəyərindəki işə görə pul ödəsə də, cavabdeh yalnız 5767,60 manatlıq dəyərində iş görmüşdür. Beləliklə də, cavabdeh iddiaçıya 9532,40 (15.300-5767,60) manat dəyərində ziyan vurmuşdur. Həmçinin 1 ildən artıq müddətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində idiaçıya məxsus mənzil istifadəyə yararsız vəziyyətdə qalmışdır. Bildirdiyimiz kimi, bu mənzil iddiaçıya məxsus ikinci mənzildir və o, bu mənzili kirayə vermək niyyəti ilə təmir etdirmək istəyirdi. Göründüyü kimi, mənzil Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşir və iddiaçı əlavə yeni təmirli mənzili kirayə vermək niyyətində olub. Bu ərazidə yerləşən yeni tikililərdəki təmirli mənzillər daha baha qiymətə kirayəyə verilsə də, iddiaçı ona əldən çıxmış fayda qismində dəymiş ziyanı 6000 manat məbləğində qiymətləndirir (500 AZN x 6 ay). Cavabdehin qanunsuz hərəktləri nəticəsində iddiaçıya mənəvi zərər də vurulmuşdur. Belə ki, mənzilinin yararsız halda qalması, cavabdehin onu saymaması, iddiaçının əsəb və stress keçirməsi ilə nəticələnmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, ekspert rəyi ilə razı olmadığını bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Mülki işin materialları - Cavabdeh MMC-yə ünvanlanan müqavilənin ləğv edilməsi barədə bildiriş və pretenziyadan görünür ki, iddiaçı 5 (beş) təqvim günü ərzində 9.532,40 (doqquz min beş yüz otuz iki manat qırx qəpik) manat borcun və 6000 (altı min) manat məbləğində əldən çıxmış fayda qismində ziyanın sifarişçiyə ödənilməsini, əks halda məbləğlər, məhkəmə xərcləri və vurulmuş mənəvi ziyana görə kompensasiyanın məhkəmə vasitəsilə tələb ediləcəyi bildirilmişdir. - Cavabdeh MMC-nin təmir işlərinin görülməsi barədə xx.xx.2023-cü il tarixli Xidmət Müqaviləsinnin 1.1-ci maddəsindən görünür ki, Cavabdeh MMC İddiaçı ünvan 2 ünvanında yerləşən 56,7 kv.m sahəsi olan mənzili təhvil alaraq təmir işlərinin görülməsini, İddiaçı isə təmir işlərinin görülməsinə görə Cavabdeh MMC-yə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, mənzil alqı-satqısına dair müqaviləsindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Ə.Əlizadə, Ə.Vahid küçələrinin kəsişməsində yerləşən 5 bloklu yaşayış kompleksinin B blok, 13-cü mərtəbəsində yerləşən, 64 saylı, 2 otaqdan ibarət, ümumi sahəsi 56.7 kv.m olan mənzilin tikintisini, onun istismara verilməsini, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay ərzində tamamlayıb tam layihə gücünə çatdırılması öhdəliklərini yerinə yetirməyi öz üzərinə götürmüşdür. - Cavabdeh MMC-nin kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində 1500 (min beş yüz) manat, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində isə 4600 (dörd min altı yüz) manat ödəniş etmişdir. - 11 dekabr 2024-cü il tarixli Mərkəzi Ekspertiza Bürosunun mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında təmirə çəkilmiş xərcin (işçilik və material xərci daxil olmaqla) məbləği 5767,6 (beş min yeddi yüz altmış yeddi) manat (altmış) qəpik müəyyən edilmişdir. - 27 dekabr 2024-cü il tarixli "xxxx" MMC-nin daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilin (həmin mənzil orta təmirli olsa idi) orta aylıq kirayə haqqı 600 manat müəyyən edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 116,20 kv.m olan mənzilin tam mülkiyyətçisi İddiaçıdır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli hesabatından görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilin təmir xərclərinin (işçilik və material xərci daxil olmaqla) 5303,96 (beş min üç yüz üç manat doxsan altı qəpik) manat müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 152 manat dövlət rüsumu ödənmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2-ci Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 324.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 399.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddi 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında iddiaçının mülkiyyərində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 38 ünvanında yerləşən 64 saylı mənzilin cavabdeh şirkət tərəfindən təmir edilməsi, iddiaçının isə xidmət haqqının ödənilməsi barədə 23 sentyabr 2023-cü il tarixli müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək, 15300 manat məbləğində pul vəsaitini ödəmiş,cavabdeh isə öhdəliklərini tam icra etməyərək, təmir işlərini başa çatdırmamışdır. Müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.Məhkəmə iddiaçı tərəfdən cavabdehə müqavilənin ləğvi barədə pretenziya məktubu göndərərək, xx.xx.2024cü il tarixdən müqaviləyə ləğv ediləcəyini bildirdiyindən,istinad edilən Qərarda sərgilənən hüquqi mövqe rəhbər tutularaq, hesab edir ki, müqavilənin məhkəmə tərəfindən ləğv edilməsinin qət edilməsinə zərurət yoxdur,artıq ləğv edilmiş müqavilə təkrar ləğv edilə bilməz. Məhkəmə mülki işin materiallarında olan "xxxx" MMC-nin rəyi çülki işin materialları ilə təzib edilmədiyindən, qaunvericiliyə uyğun şəildə təqdim edildiyindən, məhkəmə hesab hesab edir ki, rəy mötəbər sübut qismində qiymətləndirilməli və cavabdehdən (15300- 5303,96=) 9996,04 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tələbin “əldən çıxmış fayda” hissəsini əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Belə ki, mənzilin vaxtında təmir olunsaydı, kirayəyə verilməsi ehtimal xarakteri daşıyan tələbdir. Bu ehtimalı təsdiq edəcək hər hansı br sübut da təqdim edilməmişdir. Halbuki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddia tələbi qismən təmin edildiyindən və hüquqi yardıma görə iddiaçının 300 manat məbləğində xərc çəkdiyi işin materialları ilə təsdiq olunduğundan, 250 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-də maddi ziyanın əvəzi olaraq 9996,04 manat məbləğində və hüquqi yardıma çəkiliş xərcə görə 250 manat məbləğində pul tutularaq İddiaçı xeyrinəödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, cavabdeh”Elşənoğlu İnşaat”MMC-də dövlət üsumunun əvəzi olaraq 120 manat məbləğində pul tutularaq İddiaçı qıına ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 9996,04 manat məbləğində, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 250 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 120 manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində «Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar