Məhkəmə qərarları › İş №2(103)-6690/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6690/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6690/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “avadanlığın qaytarılması, bunun əvəzində ödənilmiş pul vəsaitinin tutulması, texniki baxışa görə pul vəsaitinin tələb edilməsindən çəkindirilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2616/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə (bundan sonra, cavabdeh) qarşı “avadanlığın qaytarılması, bunun əvəzində ödənilmiş pul vəsaitinin tutulması, texniki baxışa görə pul vəsaitinin tələb edilməsindən çəkindirilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehdən alınmış **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşının qüsurlu əşya olduğuna görə cavabdehə qaytarılması, bunun əvəzində ödənilmiş müvafiq pul vəsaitinin (pulun dəyərinin 2025-ci ilə uyğun olaraq fərqi nəzərə alınmaqla) tutulması, məhsula texniki baxış göstərilmədən əvvəl pul vəsaiti tələb edilməsindən cavabdehin çəkindirilməsi, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı icra olunarkən xidmət mərkəzinin əməkdaşları tərəfindən sındırılmış 1 ədəd kasanın, 1 ədəd çərəz qabının, hər ikisinin birlikdə 4 manat olmaqla, “sovet” dövründə alman 1 ədəd böyük Madonna servis boşqabının dəyəri 50 manat olmaqla, cəmi 54 manat, ümumilikdə 354 manat maddi zərərin, həmçinin 300 manat maddi və 5000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı cavabdeh MMC-nin daimi müştərisidir, şəxsi mülkiyyətində olan mənzilinin bütün məişət, elektronika əşyalarını cavabdeh MMC-dən almışdır. Şirkət tərəfindən, iddiaçı qızıl müştəri statusu almış, bir neçə dəfə kreditlə mal alsa da, müddətdən əvvəl kreditini birdəfəlik ödəməklə şirkətə olan borcunu yekunlaşdırmışdır. Buna baxmayaraq, cavabdeh şirkət iddiaçıya münasibətdə qanunların tələbini pozmuş, onu əlil övladı ilə birlikdə köməksiz vəziyyətdə salmışdır. Belə ki, iddiaçının övladı Ehlers-Danlos sindromundan əziyyət çəkir, dəri xəstəsidir. Həkimlərin tövsiyyəsinə görə, övladına məxsus geyim əşyaları antialergik, antibacterial proqramlara malik paltaryuyan maşında yuyulmalıdır. Buna görə şirkətin satış məsləhətçiləri ilə məsləhətləşərək **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşın almışdır. Aldığı məişət əşyasını zəmanət müddəti ərzində dəfələrlə, servisi gəlib təmir etsə də, yararsız hissələri yeni hissələrlə dəyişsə də, yenə mal istifadəyə yararsız olmuşdur, nəticədə iddiaçıya daha böyük zərərlər vurmuşdur, hələ də hərtərəfli zərərlər vurmaqda davam edir. Buna görə də iddiaçı paltaryuyan maşının geri qaytarılması barədə iddia qaldırır. Qeyd edildiyi kimi, zəmanət müddəti ərzində, şirkət, paltaryuyan maşının yararsız hissəni dəyişdirərkən qoyduğu yeni hissə istifadəyə yararsız olduğuna görə iddiaçıya maddi, mənəvi zərərlər vurmuşdur. Bu azmış kimi, cavabdeh MMC, istifadəyə yararsız paltaryuyan maşının dəfələrlə təmiri zamanı, hələ maşına texniki xidmət göstərmədən qabaq, istehlakçı ilə (yəni iddiaçı ilə) qarşılıqlı razılaşma olmadan, birtərəfli qaydada "xxxx" adı altında 30 manat əlavə pul vəsaiti tələb etmiş, lakin iddiaçı Antiinhisar Dövlət Xidmətinə müraciət etmiş, həmin xidmətin müdaxiləsi ilə bu məbləği ödəməkdən özünü azad etdirmiş və cavabdeh servis xidməti görmüşdür (keyfiyyətsiz şəkildə). Qisa müddət sonra yenə paltaryuyan maşın xarab olmuş, cavabdeh şirkət ondan yenə texniki baxış adı altında 30 manat birdəfəlik ödəniş tələb etmiş, iddiaçı “servis xidməti haqqınızı ödəyəcəm, amma məndən qarşılıqlı razılaşma olmadan "xxxx" adı ilə pul almayın” desə də, onunla razılaşmamışlar. İddiaçı xx.xx.2020-ci il tarixdə BEKO marlakı **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşın almış, 599 manat nəğd şəkildə ödəmişdir. xx.xx.2020-ci ildə paltaryuyan maşını alandan sonra, xx.xx.2020-ci ildə MMC-dən nümayəndə gəlib maşını iddiaçının mənzilində quraşdırmışdır. Quraşdırılıb təhvil veriləndən sonra, paltaryuyan maşını işlədərkən maşından kəskin yanıcı iylər, yüksək səslər gəlməyə başlamışdır. Buna görə də iddiaçı xx.xx.2020-ci ildə təkrar cavabdeh şirkətə müraciət etmişdir ki, gəlib maşına baxsınlar. xx.xx.2020-ci ildə nümayəndə gəlib düzəliş etmişdir. xx.xx.2020-ci ildə cavabdeh tərəfindən 3 illik zəmanət müddəti ilə (malı satanda bildirdilər ki, zəmanət müddəti 3 ildir) iddiaçıya satılmış sözü gedən paltaryuyan maşın 2023-cü ilin mart ayında yararsız vəziyyətə düşmüş - su qızdırıcı hissəsi işləməmişdir. Buna görə də, iddiaçı MMC-nin 180 qısa zəng mərkəzinə müraciət etmişdir ki, usta göndərsinlər, gəlib düzəltsinlər. Lakin, ona bildirilmişdir ki, texniki xidmət göstərmədən, göstəriləcək texniki xidmətin haqqından əlavə, əvvəlcə "xxxx" adı ilə 20 manat pul ödənilməlidir. Cavabdeh MMC-nin electron saytının servis xidməti olan hissəsinin paltaryuyan maşınların təmiri ilə bağlı bölümdə istehlakçılar üçün belə bir məlumatlandırma yoxdur. MMC-nin elektron saytının, paltaryuyan maşınların təmiri ilə bağlı bölümün elektron linki ərizəyə əlavə edilirhttps://w\\w.soliton.az/az/pages/servis/paltarvuvan-mashinlarinintemiri/. ... Müvəqqəti təminat tədbiri barədə ərizə üzrə qərardadın icrası cavabdeh MMC tərəfindən iddiaçıya həm maddi zərər vurulmuş, eyni zamanda istehlakçı hüquqlarının pozulması barədə etirafedici sənəd və cavab təqdim edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə icra olunmuşdur. Qərardadm icrası zamanı MMC-dən iddiaçının evinə gələn 2 nəfər nümayəndə, iddiaçıya əlavə maddi zərərlər vurmuşdur. Belə ki, iddiaçının şəxsi mülkiyyətində olan 3 ədəd keramik mətbəx qabları əməkdaşlar tərəfindən qırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2616/2025 nömrəli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddia qismən təmin edilmiş, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına texniki baxış həyata keçirilərkən Cavabdeh tərəfindən pul vəsaiti tələb edilməsi Cavabdehnə qadağan edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, həmin hissədə tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, əşyanın qüsurları barədə cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi, ümumiyyətlə əşyanın qüsurlu olması, cavabdehin hərəkətləri nəticəsində hüquqlarının pozulması, iddianın tam təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həkim məsləhəti ilə övladının paltarlarının daha antibakterial yuyulması üçün cavabdehdən “Beko markalı” xüsusi paltaryuyan almışdır. Əşya cavabdeh tərəfindən ona təhvil verildikdən sonra, üç illik zəmanət müddətində əşyada bir neçə dəfə qüsurlar yaranmış, həmin qüsurların aradan qaldırılması üçün cavabdehə müraciətlər etmiş, cavabdeh tərəfindən həmin qüsur aradan qaldırılsa da, yenidən təkrarlanmışdır. Onda əşyaya 3 il müddətinə zəmanət verilməsinə dair sübut vardır, lakin birinci instansiya məhkəməsi bunu ondan istəməmişdir. Bu səbəbdən də, həmin sübutu apelyasiya şikayətinə əlavə etmişdir. Həmçinin müraciətinə cavab olaraq texniki baxış üçün ondan əlavə pul da tələb olunmuşdur. O, bununla bağlı, dövlət orqanlarına müraciətlər etmiş, son müraciəti zamanı isə əşyanın zəmanət müddəti bitmədən ona əsassız imtina verilmişdir. Halbuki, qanunsuz hərəkətlərlə ona ziyan vururlmuş, o və övladının səhhəti nəzərə alınmamışdır. Ümumilikdə, əşyada dəfələrlə qüsurların aşkara çıxması səbəbindən onun müqavilənin ləğvi hüququna malik olmasına baxmayaraq, cavabdeh tərəfindən onun istehlakçı hüquqları pozulmuş, nəticədə maddi və mənəvi zərər çəkmişdir. Cavabdehin əməkdaşı ona göndərdliyi votsapp yazışmasında dövlət orqanlarına etdiyi müraciətlərə (şikayətlərə) görə ona hər hansı güzəşt və s. tətbiq olunmadığı açıq bildirmişdir. Halbuki, onun bir istehlakçı kimi dövlət orqanlarına şikayət etmək hüququ vardır. Bu hal bir daha cavabdehin ona qarşı qərəzli davranışını sübut edir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Cavabdeh ******* nömrəli servis çekindən görünür ki, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına xx.xx.2020ci il tarixdə baxış keçirilmişdir. İşdə olan Cavabdeh ******* nömrəli servis çekindən görünür ki, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına xx.xx.2020-ci il tarixdə baxış keçirilmişdir. İşdə olan Cavabdeh ******* nömrəli servis çekindən görünür ki, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşına xx.xx.2023-cü il tarixdə baxış keçirilmişdir. İşdə olan Cavabdeh ******* nömrəli servis çekindən görünür ki, İddiaçı istifadəsində olan **********- BEKO WRE 7512 XSS model paltaryuyan maşına xx.xx.2025-ci il tarixdə zəmanətsiz baxış keçirilmiş və su filteri dəyişdirilib, yenisi ilə əvəz edilib. İşdə olan “Soliton” şirkətinin internet səhifəsindən paltaryuyan maşınların təmiri hissəsindən çıxarışdan görünür ki, avadanlıqlara təmir xidməti ilə bağlı şirkətin təkliflərə səhifədə əks olunmuşdur. Təkliflər sırasında “usta nasaz texnikanın kompleks diaqnostikasını həyata keçirdikdən sonra təmirin təxmini qiyməti barədə müştərini xəbərdar edəcək” məzmunlu təklif əks olunmuşdur. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə, satış qiyməti 599 manat olan BEKO markalı, **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşınının alqı-satqısının həyata keçirilməsi, həmin əşyanın iddiçıya təhvil verilməsi, sonradan iddiaçının müraciətlərinə əsasən cavabdehin əməkdaşları tərəfindən əşyaya baxışların keçirilməsi, bəzi hissələrin dəyişdirilməsi işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki iddiasında cavabdehdən aldığı həmin əşyanın 24 aprel 2020-cu il tarixdə ona çatdırılmasını, həmin tarixdən etibarən 3 illik zəmanət müddətinin başlanmasını, lakin zamanət müddəti bitməmiş müxtəlif vaxtlarda bir neçə dəfə həmin əşyada qüsurların aşkar olunması, bu barədə cavabdehə məlumat verməsini, qüsur aradan qaldırılsa da sonradan təkrarlanmasını, sonradan isə zəmanət müddəti bitməmiş yaranmış qüsurların aradan qaldırılmamasını və s. iddia edərək, hazırki tələblərini irəli sürmüşdür. Cavabdeh məlumatlı olmasına baxmayaraq iddianın mahiyyəti üzrə nə birinci instansiya məhkəməsində icraat zamanı, nə də apellyasiya icraatı zamanı münasibət bildirməmiş, iddiaçının irəli sürdüyü dəlilləri təkzib etməmiş, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə icraatlarında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianın əsassız olması nəticəsinə gələrkən göstərmişdir ki, əşya alıcıya xx.xx.2020-ci ildə təhvil verildiyindən qüsurlarla bağlı tələb irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmişdir və bu halda əşyanın qüsurlu mal olduğuna görə qaytarılması barədə tələb təmin edilə bilməz. Mənəvi zərərlə bağlı hissədə isə qeyd etmişdir ki, mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Məhkəmə kollegiyası qətnamənin yoxlanılan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, eyni zamanda aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra, MM) 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-nin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. MM-nin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. MM-nin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır; MM-nin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. MM-nin 582.3-ci maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, tərəflər arasında bağlanan mülki-hüquqi əqdlərin biri də alqı-satqı müqaviləsidir. Satıcı alıcıya müqavilənin şərtlərinə uyğun keyfiyyətdə əşya verməyə borcludur. Əgər müqavilədə keyfiyyət barədə konkret göstəriş yoxdursa, təqdim edilən əşya həmin növdən olan malların adi istifadə məqsədlərinə uyğun və normal keyfiyyət tələblərinə cavab verən vəziyyətdə olmalıdır. Satıcı həmçinin əşyanı müqavilədə nəzərdə tutulan funksional xüsusiyyətlərə və texniki göstəricilərə uyğun şəkildə təhvil verməlidir. Əks halda əşya qüsurlu hesab olunur və alıcı qanunla müəyyən edilmiş hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Həmçinin, verilən əşya həmin növ əşyalardan alıcının adətən istifadə etdiyi məqsədlər üçün ağlabatan müddətdə və ya tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan qarantiya müddəti ərzində yararlı olmalıdır. Əşyanın keyfiyyətinə dair tələblərin pozulması alıcıya bir sıra maddi-hüquqi tələblər irəli sürmək imkanı yaradır. Mülki Məcəllənin müvafiq normalarına görə alıcı qüsurun xarakterindən və əhəmiyyətindən asılı olaraq əşyanın qüsurlarının aradan qaldırılmasını, qüsurlu əşyanın eyni növdən olan qüsursuz əşya ilə dəyişdirilməsini, qiymətin müvafiq qaydada azaldılmasını və ya mühüm qüsur mövcud olduqda müqavilədən imtina etməklə ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər. Bu mexanizm müqavilə balansını qorumağa və alıcının legitim gözləntilərini təmin etməyə xidmət edir; satıcı isə təqdim etdiyi əşyanın müqaviləyə uyğun keyfiyyətdə olmasını təmin etməklə mülki dövriyyənin etibarlılığına cavabdeh olur. Hazırkı halda isə, qətnamənin yoxlanılan hissəsində iddiaçının tələbinin əsası cavabdeh MMC-dən xx.xx.2020-ci ildə üç illik qarantiya müddəti ilə aldığı “Beko” markalı” paltaryuyan maşın lazımi keyfiyyətdə olmaması (avadanlığın qüsurlu olması, dəfələrlə təmir edilsə də qüsurların təkrarlanması), bu səbəbdən əşyanın qaytarılması, malın əvəzində ödənilmiş pulun isə ona qaytarılmalı olmasını bildirmişdir. Əşyanın qüsurlarına münasibətdə isə qeyd olunmalıdır ki, MM-nin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. MM-nin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. MM-nin 589.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. MM-nin 589.3-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. MM-nin 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. MM-nin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi, - satış qiymətini uyğun məbləğdə azaltmağı, - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin maddənin 2-ci bəndinə əsasən isə, satıcı (icraçı) istehlakçıdan lazımı keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Göründüyü kimi, satıcı lazımi keyfiyyətli olmayan əşyanı vermədikdə, yəni əşyanın keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulmaqla (dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar və s.) icra olunduqda alıcının müqavilənin icrasından imtina etməklə, əşya üçün ödədiyi pul məbləğinin qaytarılması tələb edə bilər. Bundan başqa, müqavilədə xüsusi qarantiya və yararlılıq müddəti müəyyənləşdirilməyibsə alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. İddiaçı əşya üçün 3 illik qrantiya (zəmanət) müddəti müəyyənləşdirildiyini iddia etmiş, bununla bağlı müvafiq qəbzi təqdim etmiş, cavabdeh bu halı təkzib etməmişdir. İşin hallarından isə göründür ki, iddiaçı mübahisə predmeti olan paltaryuyanı təhvil aldıqdan sonra əşyada dərhal qüsurlar aşkar olunmuş, bununla bağlı bir neçə dəfə cavabdehə məlumat verilmişdir. Cavabdeh isə əşyadakı qüsurları ilk vaxtlar aradan qaldırmış, sonralar isə iddiaçıdan texniki baxış üçün ödəniş tələb edilmiş, iddiaçının dövlət orqanlarına müraciətindən sonra cavabdehin əməkdaşları ödəniş almadan əşyaya baxış keçirərək qüsuru aradan qaldırmışdır (su filteri dəyişdirilmiş və s.). Hazırda isə, iddiaçı işin qeyd olunan hallarına istinad etməklə, əşyada yenidən qüsurlarına yarandığına və bununla bağlı cavabdehə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən lazımi qanuni hərəkətlərin aparılmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı qeyd edilən hissədə rədd edərkən maddi hüquq normasını səhv təfsir etmiş, MM-nin 589.2-ci maddəsində nəzərdə tutulmuş müddəti məhkəməyə müraciət müddəti (iddia müddəti) kimi nəzərə almışdır. Halbuki, həmin normada nəzərdə tutulmuş müddət əşyada olan qüsurun aşkar edilməsi və məhkəmədən kənar qaydada satıcıya qarşı tələblərin (qüsurun aradan qaldırılması, əşyanın dəyişdirilməsi, qiymətin azaldılması, müqavilədən imtina və s.) irəli sürülməsi üçün nəzərdə tutulmuş müddətdir. Əgər tərəflər arasında qüsurla bağlı hər hansı razılaşma olmazsa, o zaman (hüquqlarının pozulduğunu bildiyi andan) iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət edə bilər və bu zaman cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verdiyi təqdirdə müddət məsələsi yoxlanıla bilər (cavabdeh ümumiyyətlə mübahisəyə iddia müddətinin tətbiq olunmasını tələb etməmişdir). Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı əldə etdiyi əşyada qüsurların aşkar olunması ilə bağlı müvafiq müddətlər ərzində cavabdehə dəfələrlə müraciət etmiş, nəticədə əşyada olan qüsurların aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülmüş, lakin bu hal yenidən davam etmiş, sonradan ortaya çıxan qüsurlar mövcud olmuşdur. Bu hal işdə olan servis aktlarından, iddiaçının müraciətlərindən açıq aşkar görünür. İşdən həmçinin görünür ki, iddiaçı məcburiyyət qarşısında səlahiyyətli dövlət orqanlarına şikayətlər etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurların olması halı əşyanın keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndlirilir və belə olan halda isə alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (MM-nin 587.2.1-ci maddəsi və s.) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsindən imtina edərək, əşyanın qaytarılması və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu və ya rəsmi mövqeyini təqdim etməmişdir. İşdən görünür ki, iddiaçı əşyanın alınması üçün cavabdehə 599 manat pul vəsaiti ödəmişdir (müvafiq qəbz əlavə olunmuşdur). Bu səbəbdən də kollegiya həmin pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlir və iddianı həmin hissədə əsaslı hesab edir. İddiaçı həmçinin əşyaya görə ödədiyi müvafiq pul vəsaitinin dəyərinin 2025-ci ilə uyğun olaraq fərqinin nəzərə alınmasını da tələb etmiş, lakin tələbini həmin hissədə əsaslandırmamış, həmin hissədə tələbini konkretləşdirməmişdir. Bu səbəbdən də Kollegiya iddianın həmin hissədə təmin olunmaması nəticəsinə gəlir. Məhkəmə kollegiyası həmçinin iddianın mənəvi zərərin tutulması hissəsinə münsaibətdə aşağıdakıları qeyd edir. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 18.0.6-cı maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklam fəaliyyətinin subyekti) alıcıya (istehlakçıya) ödənilməsini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli Qərarında izah edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şəraitin yaradılması məqsədilə alqı-satqı prosesində, işlərin görülməsində və xidmətlərin göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsasları, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsasları və mexanizmi qanunla müəyyənləşdirmişdir. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına dəymiş zərər zərərvuran tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərərin vurulması isə şəxsin şəxsiyyət hüquqlarının pozulması ilə nəticələndiyi halda mənəvi zərərin yaranmasına səbəb olur. İstehlakçıların şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə, Mülki Məcəllənin 9-cu bölməsinin və ya digər (müqavilənin növündən asılı olaraq) normaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə digər sahəvi normativ hüquqi aktlar təşkil edir. İstehlak münasibətlərindən irəli gələn zərər tələbinin maddi hüquqi əsasları müəyyənləşdirilərkən zərəçəkmişin müqavilə tərəfi olub-olmaması, zərər əmlaka vurulduqda isə həmin əmlakın müqavilə predmetini təşkil edib-etməməsindən asılı olaraq, bu qərarın 4.15-ci bəndində göstərilən qayda nəzərə alınmalıdır. İstehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (icraçı, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “icraçı” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir. İstehlakçıya ödənilməli olan mənəvi zərərin həcmi malın (işin, xidmətin) dəyərindən və ya tutulmalı olan dəbbə pulunun məbləğindən asılı olmayaraq, ümumi meyarlar əsasında müəyyən olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Qeyd edilməlidir ki, iddiaçının himayəsində səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan əlil övladının olması, müvafiq məqsədlə alınmış, müəyyən yuyucu özəlliyə malik olan, lakin qüsurlu olması səbəbindən iddiaçının uzun müddət ərzində müraciət və şikayətlər etməsi, müsbət nəticələrin əldə olunmaması, habelə baxış üçün qanunsuz olaraq əvvəlcədən iddiaçıdan müəyyən pul vəsaitlərinin tələb olunması, ondan maddi haqq tələb olunması və s. bu kimi hallar iddiaçının qanunla qorunan qeyri-maddi əmlak nemətlərinə müdaxilə ilə nəticələnmişdir. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən tələblərini məcmu halda nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri (əşyanın qüsuru, iddiaçının müraciətlərinin müəyyən müddət nəticəsiz qalması, keçirilmiş narahatçılıq və iztirablar və s.) nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur. Lakin, iddiaçının tələb etdiyi məbləğ yüksək olmaqla pozuntunun xarakteri ilə mütənasib deyildir. Odur ki, məhkəmə kollegiyası mənəvi zərərin məbləğinin 300 manat həddində müəyyən olunmasını ağlabatan və ədalətli hesab edir və həmin pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlir. İddiaçının digər tələbi - məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı icra olunarkən xidmət mərkəzinin əməkdaşları tərəfindən sındırılmış 1 ədəd kasanın, 1 ədəd çərəz qabının, hər ikisinin birlikdə 4 manat olmaqla, “sovet” dövründə alman 1 ədəd böyük Madonna servis boşqabının dəyəri 50 manat olmaqla, cəmi 54 manat, ümumilikdə 354 manat maddi zərərin cavabdehdən tutulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən həmin zərərin qarşılığı olaraq 200 manat pul vəsaiti iddiaçıya ödənilmiş, iddiaçı bu halı təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının həmin hissədə tələbinin əsası kimi dəymiş zərərin məbləği hissədə (354 manat) müvafiq sübutları təqdim etməməsini, cavabdehin isə könüllü olaraq 200 manat ödəməsini nəzərə alaraq, ödənilmiş məbləği yetərli hesab etmişdir. Bununla yanaşı iddiaçı 300 manat maddi zərər tələb etmiş, bunu taksi xidmətlərindən istifadə ilə əsaslandırmış, lakin həmin hissədə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edilən hissələrdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə qismən ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalı, İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşın Cavabdehnə qaytarılmalı, bunun əvəzində iddiaçı tərəfindən ödənilən 599 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, həmçinin istehlakçı hüquqlarının pozulmasına görə mənəvi zərərin əvəzi olaraq 300 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsmunu ödəməkdən azaddırlar. Həmin Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində vəsait ödənilməlidir. Hazırkı halda, iddia qismən təmin edildiyindən və iddiaçı dövlət rüsmunu ödəməkdən azad olduğundan iddianın təmin olunmuş hissəsinə münasibətdə ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdehnə aid edilməli, sonuncudan tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində baxılan hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “avadanlığın qaytarılması, texniki baxışa görə pul vəsaitinin tələb edilməsindən çəkindirilməsi və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2616/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2616/2025 nömrəli qətnaməsi qismən (yəni, paltaryuyan maşının cavabdehə qaytarılması, bunun əvəzində müvafiq pul məbləğinin tutulması, 500 manat mənəvi zərərin əvəzinin tutulması ilə bağlı iddia tələblərinin rədd olunması hissələrində) ləğv olunsun, iddia tələbləri həmin hissədə qismən təmin olunsun. İddiaçı istifadəsində olan **********-BEKO WRE 7512 XSS model paltaryuyan maşın Cavabdehnə qaytarılsın, bunun əvəzində iddiaçı tərəfindən ödənilmiş 599 (beş yüz doxsan doqquz) manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilsin. İstehlakçı hüquqlarının pozulmasına görə mənəvi zərərin əvəzi olaraq 300 (üç yüz) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilməli olan 30 (otuz) manat pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar