Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4344/2025 21.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh3 və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə (X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsinə köçürülmə tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMCyə qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında blok B, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC və digərləri tərəfindən məcburi boşaldılması öhdəliyin cavabdehlərin üzərinə qoyulması və onun həmin sahəyə məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Cavabdeh4 MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh4 MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 140 Q/y Alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında B blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 140 kv/m olan qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsi e-2(012)-236/2024 saylı 3.02.2024-cü il tarixli Qiyabi Qətnaməsi ilə iddia ərizəsi təmin olunaraq, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ünvan 3 ünvanında inşa edilən yaşayış binasının B blok, 1-ci mərtəbə, ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsi həmin yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra İddiaçı oğluna təhvil verilməsi vəzifəsi Cavabdeh4 MMCyə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən artıq bir il yarım keçmiş, tikinti başa çatmış, lakin cavabdeh haqqında cinayət işi açılmış (eyni mənzillər bir neçə şəxslərə satıldığı səbəbindən) və hal-hazırda istintaq davam edir. Tikinti başa çatdıqdan sonra mübahisəli qeyri-yaşayış sahəsi digər cavabdehlər tərəfindən zəbt edilib və artıq təmir tikinti işləri aparılır. İcraçıya tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq, ona bildirilmişdir ki, cavabdeh hal-hazırda həbsdə olduğu üçün qətnamənin icrası mümkünsüzdür və mübahisəli sahənin digər şəxslərdən alınıb iddiaçıya verilməsi barədə tələb yoxdur. Bu səbəbdən ünvan 3 ünvanında B blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 140 kv/m olan qeyri-yaşayış sahəsinin digər cavabdehlər tərəfindən məcburi boşaldılması və onun həmin sahəyə köçürülməsi barədə qətnamə qəbul edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra, İddiaçı oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında blok B, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC tərəfindən məcburi boşaldılması öhdəliyin cavabdehlərin üzərinə qoyulması və onun həmin sahəyə məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etmədi və onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, həmin binada ümumi 330 kv.m qeyri-yaşayış sahəsi mövcuddur. Almış olduğu 100 kv.m qeyri-yaşayış sahəsinin dəyəri onun tərəfindən tam ödəniş edildikdən sonra akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı oğlu və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişlər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, onun mübahisə edilən qeyri-yaşayış sahəsinə aidiyyəti yoxdur. Həmin yerə dair müqaviləsi olsa da, məhkəmə qətnaməsinə əsasən müqavilə ləğv edilmişdir. Videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmaqla iştirak etdiyi məhkəmə iclasında Cavabdeh4 MMC-nin direktoru X5 iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, İddiaçı oğlunun hazır olan binada yeri olmamış, tikilməsi nəzərdə tutulan binada yeri olmalı idi. Sadəcə İddiaçı arxa tərəfdə binanın olacağı göstərilmişdir. Maliyyə arayışında olan imza ona məxsus deyil, lakin müqavilədəki imza ona məxsusdur. 1-ci blokla, A bloku eynidir. 2-ci blok dedikdə B bloku nəzərdə tutulur. Plan-cizgi yaşayış və qeyri-yaşayış sahələrini əhatə etmişdir. Həmin lahiyə Fəxrəddin Hüseynovda olmalı idi. Lahiyədə 2 bina olmalı idi. Fəxrəddin Hüseynov şirkətin sahibkarı idi və işi tamamilə özü yönəldirdi. Bildiyinə görə həmin lahiyə Abşeron rayon İcra Hakimiyyətində təsdiqlənmişdir. Digər binanın tikilməsi nəzərdə tutulmuşdur. A blok hazır olan, B bloku isə hazır olmayan binadır. Vüqar, Sərdar, Cəlil və Azər adlı şəxslərin orada qeyri-yaşayış sahələri mövcuddur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X1 video-konfrans vasitəsi ilə verdiyi izahatında bildirmişdir ki, İddiaçı oğlunu bir dəfə görmüşdür. İddiaçı üçün qeyri-yaşayış sahəsi tikilmiş binanın arxasında nəzərdə tutulmuş, lakin tikilməmişdir. Onun fikrində İddiaçı yeri B blokunda olmalı idi. 1-ci blok adətən A bloku kimi qeyd olunur. Lahiyə mövcuddur, sənədlərin hamısı İcra Hakimiyyətindədir. Tikilən binanın arxasında 3 blok tikiləcəkdir. Cavabdeh3 1-ci blokdan qeyri-yaşayış sahəsi alan şəxsdir. Mənzillərin sənədləri alınıb yerində digər blokların tikilməsi nəzərdə tutulmuşdur. Mafiq Məsimovla bağlı problem olduğundan mənzili onlara satmamışlar. Qeyri-yaşayış sahəsinin plan-cizgisi Ağır Cinayətlər Məhkəməsində və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mövcuddur. Daha 5 şəxsin yeri nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan «İcraçı” Cavabdeh4 MMC ilə “Payçı” İddiaçı oğlu arasında bağlanan 01 mart 2022-ci il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “İcraçı” inşa etdiyi ünvan 2, B blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə 350000 manat məbləğində pulu Cavabdeh4 MMC-yə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron Rayon Məhkəməsi e-2(012)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsindən görünür ki, iddia təmin olunmuş, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda inşa edilən yaşayış binasının B blok, 1-ci mərtəbə, ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsinin həmin yaşayış binasının tikintisi başa çatdırıldıqdan sonra İddiaçı oğluna təhvil verilməsi vəzifəsinin Cavabdeh4 MMC-yə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan «İcraçı” Cavabdeh4 MMC ilə “Payçı” Cavabdeh3 arasında bağlanan 24 sentyabr 2021-ci il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin və 01 saylı Əlavənin surətindən görünür ki, “İcraçı” inşa etdiyi ünvan 2, 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə 180000 manat məbləğində pulu Cavabdeh4 MMC-yə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh4 MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən müəyyən edilir ki, Cavabdeh3 tərəfindən ünvan 2, 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olan 180000 manat tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan Cavabdeh4 MMC-nin direktoru X5 ilə Cavabdeh3 arasında tərtib edilmiş qeyri-yaşayış sahəsinin payçıya təhvil verilməsi haqqında 21 oktyabr 2021-ci il tarixli aktın surətindən müəyyən edilir ki, 24 sentyabr 2021-ci il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqaviləyə əsasən, Cavabdeh4 MMC-nin inşa etdiyi ünvan 2, 1-ci blok, 1-ci mərtəbəsində yerləşən 100 kv.m olan qeyri-yaşayış sahəsinin tam dəyəri Cavabdeh3 tərəfindən ödənilmiş və həmin küçədən baxdıqda binanın qarşı sol künc tərəfindən yerləşən 100 kv.m qeyri-yaşayış sahəsinin sərhədləri göstərilməklə kənarlarında hörgü və suvaq işləri görülməmiş vəziyyətdə payçı Cavabdeh3 təqdim olunaraq şəxsən təhvil verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)- 528/2023 saylı qətnaməsindən görünür ki, ilk iddia təmin edilmiş, Cavabdeh1 ilə Cavabdeh4 MMC arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, 0-140 saylı Qeyriyaşayış tikintisi haqqında müqavilənin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış məktubundan görünür ki, Baş İdarəyə İddiaçı oğlunun Cavabdeh4 MMC-yə qarşı hər hansı şikayət ərizəsi daxil olmamış, habelə Cəmiyyət tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahələri satılarkən həmin obyektlərin yerləşmə planları tərtib edilmədiyindən, Baş İdarənin İstintaq İdarəsində hazırda ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrəibtidai istintaqın hazırkı mərhələsində həmin Cəmiyyət tərəfindən Cavabdeh2 və qeyrilərinə qeyd edilən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin hansı hissəsinin satılması, habelə eyni qeyri-yaşayış sahəsinin ayrı-ayrı şəxslərə satılması faktlarını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış məktubundan görünür ki, X1 və X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə İddiaçı oğlu ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmamışdır. Məhkəmə tərəfindən müəyyən olundu ki, 01 mart 2022-ci il tarixdə “Payçı” - İddiaçı oğlu ilə «İcraçı” Cavabdeh4 MMC (hazırki mülki iş üzrə Cavabdeh4 MMC) arasında “qeyriyaşayış tikintisi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən o, inşa etdiyi ünvan 2, B blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 140 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri olan 350000 manat məbləğində pulu ödəməklə almışdır. 24 sentyabr 2021-ci il tarixdə “Payçı” - Cavabdeh3 ilə «İcraçı” Cavabdeh4 MMC (hazırki mülki iş üzrə Cavabdeh4 MMC) arasında “qeyri-yaşayış tikintisi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən o, inşa etdiyi ünvan 2, 1-ci blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin dəyəri olan 180000 manat məbləğində pulu ödəməklə almışdır. Hazırda İddiaçı oğlu qeyd edir ki, mübahisəli 140 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq onun sahibliyində olmasına baxmayaraq, cavabdehlər tərəfindən həmin qeyri-yaşayış sahəsi zəbt edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi mübahisəli qeyri-yaşayış sahəsi onunla Cavabdeh4 MMC arasında bağlanmış müqaviləyə əsasən ünvan 2, B blok üzrə 1-ci mərtəbədə, Cavabdeh3 məxsus qeyri-yaşayış sahəsi isə onunla Cavabdeh4 MMC arasında bağlanmış müqaviləyə əsasən həmin binanın 1-ci bloku üzrə 1-ci mərtəbədə yerləşir. Göründüyü kimi həmin qeyri-yaşayış sahələrinin binanın ayrı-ayrı bloklarında yerləşdiyi qeyd olunmuşdur. Həmçinin Cəmiyyətin direktoru da məhkəmə iclasında verdiyi izahatında iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin tikilməkdə olan binanın 1-ci blokunda deyil, binanın B blokunda yerləşəcəyinin nəzərdə tutulduğunu təsdiq etmişdir. İddiaçının tələb etdiyi qeyri-yaşayış binasının isə digər Cavabdeh1 ümumiyyətlə aidiyyəti yoxdur. Belə ki, həmin binada yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh4 MMC arasında bağlanmış müqavilə məhkəmə qətnaməsinə əsasən ləğv edilmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 da izahatı ilə bunu təsdiq etmişdir. Bundan başqa iddiaçı müqavilə əsasında onun sahibliyinə verilmiş qeyri-yaşayış obyektinin digər cavabdehlər tərəfindən zəbt edilməsi, həmçinin həmin ərazinin onun yeri olması barədə hər hansı mötəbər süburlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsinə köçürülmə tələbi barədə iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsinə köçürülmə tələbi barədə iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı oğluna aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4344/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4344/2025
21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver