Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(5-104)-24/2026 24.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı öhdəliklərin icra edilməsi, giriş-çıxışa və təmirə qoyulan maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: öhdəliyin icra edilməsi, maneələrin aradan qaldırılması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı öhdəliklərin icra edilməsi, giriş-çıxışa və təmirə qoyulan maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 272002 nömrəli müqaviləyə əsasən "xxxx" MMC inşa ediləcək Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18ci mərtəbəsində yerləşən ümumi sahəsi 79.5 kv.m olan 2 otaqdan ibarət 272 nömrəli mənzili pay kimi İddiaçı təhvil verilməyi, sonuncu isə müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2-ci bəndinə əsasən, tikintinin xarici tərtibatı və arakəsmələr, mənzilə elektrik enerjisi, qaz, su və kanalizasiya ana xətlərinin çəkilməsi, pəncərələrin qoyulması və şüşələnməsi icraçının öhdəliyinə daxildir.
3. Müqavilənin 4-cü bəndinə əsasənmüqavilə üzrə mnzilin dəyəri bir kv.m sahəsi üçün 850 manat təyin edilir. Cəmi 79.5 kv.m sahəsi üçün 67575 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə qiymətindən 100% miqdarında, yəni 67575 manat məbləğ ödənilmişdir.
4. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79.5 kv.m olan 2 otaqdan ibarət 272 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmiş və heç bir borcu yoxdur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdə onunla bağladığı 272002 nömrəli müqavilə üzrə öhdəliklərinin tam və vicdanlı şəkildə icrasının təmin edilməsi, MMC tərəfindən ünvan 2 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü blokuna və bu blokun 18ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79.5 kv.m. olan izolə olunmuş 2 otaqlı, 272 nömrəli mənzilə giriş-çıxışına və bu mənzili təmir etdirməyinə qoyulmuş maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ona dəymiş maddi ziyanın əvəzi olaraq 2000 manat, mənəvi ziyanın əvəzi olaraq 7000 manat, hüquqi xidmətlərə görə ödənilmiş 325 manat, dövlət rüsumu olaraq ödənilmiş 110 manat maliyyə vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 272002 nömrəli müqavilə əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18ci mərtəbəsində yerləşən ümumi sahəsi 79.5 kv.m olan 2 otaqdan ibarət 272 nömrəli mənzilin dəyəri, hər kvadratmetr üçün 850 manat olmaqla, ümumilikdə 67575 manat bir dəfəyə ödənilərək, mənzil üzərində pay hüququ əldə etmişdir. Mənzilin dəyəri tam ödənildiyi üçün xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. Müqavilə bağlandıqdan sonra qeyd edilən mənzil ona təqdim olunmuş, mənzilin giriş qapısına dəmir qapı qoyularaq mənzilin qapısı kilidlənmişdir. Binada gedən təmir işləri ilə əlaqədar mənzilin giriş qapısının açarının bir nüsxəsi binanın komendantına verilmişdir. xx.xx.2021-ci il tarixli, 272002 nömrəli Müqavilənin 8.2-ci maddəsinə əsasən təhvil-təslim aktı hər iki tərəfin imzası ilə təsdiqlənmiş akt əsasında qanuniləşdirilir. Artıq binada inşa işləri demək olar ki, yekunlaşdığından, mənzilin müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsi və mənzildə təmir-tikinti işlərini həyata keçirərək mənzili təmir etmək üçün cavabdehə müraciət etdi. Lakin cavabdeh hər-hansı bir səbəb olmadan mənzilin müaqvilədə nəzərdə tutulmuş şərtlərlə ona təhvil verməsini dolayısı ilə yubadaraq, mənzildə təmir işlərinin aparılmasına maneəçilik yaradır. Mənzilin təmir işlərinin gecikdirilməsi, mənzil şəraitinin yaxşılaşdırılmasına, layiqli həyat şəraitimin təmin olunmasına maneə yaradır. Bu səbəbdən cavabdehin hərəkətlərinə son qoyulması, ona məxsus, hazırda istifadə və sahibliyində olan mənzildə təmir işlərinin aparılması üçün yaranmış maneələrin aradan qaldırılması və mənzilin müqavilədə nəzərdə tutulmuş şərtlərlə ona təhvil verilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Mülkiyyətində hər-hansı bir daşınmaz əmlak yoxdur. Ailəsi ilə birlikdə sənədsiz evdə kirayənişin yaşayır.
b) iddiaya qarşı etiraz
7. İddiaya qarşı etiraz məhkəməyə daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi göstərmişdir ki, iddia tələbində müqavilə öhdəliklərinin icrası dedikdə binanın istismara qəbul edilməsi və mənzilin iddiaçıya verilməsini təmin etmək nəzərdə tutulmuşdur.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 770-1.4. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların alqı-satqı müqavilələrinə bu Məcəllənin daşınmaz əşyaların alqı-satqısı haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
11. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
14. İşin faktiki halları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 272002 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79.5 kv.m olan 2 otaqdan ibarət 272 nömrəli mənzilin tam şəkildə dəyərini ödəməyi, cavabdeh isə həmin mənzili tikərək iddiaçıya təhvil verilməsini öhdəlik olaraq üzərinə götürmüşdür.
15. Müqavilə üzrə iddiaçı öz öhdəliyini icra etmiş, mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan müqavilənin özü və cavabdeh tərəfindən verilmiş maliyyə arayışı bunu təsdiq edir.
16. Cavabdeh tərəfindən öhdəliyin icra edilməsi isə işin halları ilə öz təsdiqini tapmır. Ümumiyyətlə, cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz daxil olmamışdır.
17. İddiaçının iddia tələblərindən ilki müqavilə öhdəliklərin icra edilməsi ilə bağlıdır ki, iddiaçının vəkili və nümayəndəsinin şifahi dəqiqləşməsindən məlum olur ki, iddiaçının niyyəti binanın istismara qəbulunun təmin edilməsi və mənzilin təhvil verilməsidir. Müqavilə bəndlərinə əsasən cavabdeh MMC-nin binanın istismara qəbul edilməsi ilə bağlı hər hansı öhdəlik götürdüyü müəyyən edilmir. Mənzilin iddiaçıya verilməsi isə müqavilənin əsas mahiyyətini təşkil edir və cavabdehin əsas öhdəliyi də bununla bağlıdır. Odur ki, mənzilin iddiaçıya təhvil verilməsi təmin edilməlidir.
18. Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
19. Müqavildə öhdəliyin icra müddəti göstərilməsə də, bu xarakterli müqavilələr üzrə öhdəliyin ağlabatan icra müddəti keçmişdir.
20. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
21. Bundan əlavə, iddiaçı mənzilə giriş-çıxışına və təmirinə törədilən maneələrin aradan qaldırılmasını xahiş edir ki, bu hissədə də tələb təmin edilməlidir. İddiaçı qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlərin həyata keçirilməsi üçün müqavilə əsası və ya qanuni əsas mövcud deyil.
22. Bundan əlavə, iddiaçı maddi və mənəvi zərərin ödənilməsini də tələb edir, lakin iddiaçı dəymiş maddi və mənəvi zərərlə bağlı iddiasını sübuta yetirə bilməmişdir.
23. İddiaçı maddi zərərə uğradığını inşaat materiallarının qiymət artımı ilə əsaslandırır. Lakin, iddiaçının hansı tarixdə təmirə təşəbbüs göstərməsi, buna konkret hansı hərəkətlərlə maneə törədildiyi, həmin vaxtdan hazırkı vaxtadək qiymətlərin artım səviyyəsi ilə bağlı sübut təqdim etməmiş, yəni maddi zərərin hansı tariflə hesablandığı məlum deyil. Görünən odur ki, iddiaçı cavabdeh MMC-yə pretenziya məktubunu xx.xx.2025-ci il tarixdə göndərmişdir.
24. Digər payçıların mənzillərin təhvil verildiyi halda, iddiaçının mənzilinin təhvil verilməməsi səbəbindən iddiaçının ayrı-seçkiliyə məruz qalması əsası ilə mənəvi zərərin tutulması da təmin edilə bilməz.
25. Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyrimaddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. Hazırkı halda bu cür hüquqazidd müdaxilə işin halları ilə müəyyən edilmir.
26. İddi qismən əsaslı olduğundan, cavabdehin iddiaçıya münasibətdə öhdəliklərini icra etmədiyi təsbit edildiyindən və iddiaçının hüquqi xidmətdən istifadə etməsi bu baxımdan zəruri olduğundan vəkil xidmət haqqı üçün ödənilmiş 325 manat pul da cavabdehdən tutulmalıdır.
27. Eyni zamanda iddia tələbi qiymətləndirilməyən hissələrdə təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü blokuna və bu blokun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79.5 kv.m. olan izolə olunmuş 2 otaqlı, 272 nömrəli mənzil İddiaçı təhvil verilməli, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü blokuna və bu blokun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79.5 kv.m. olan izolə olunmuş 2 otaqlı, 272 nömrəli mənzilə giriş-çıxışına və bu mənzili təmir etdirməyinə qoyulmuş maneələr aradan qaldırılmalı və hüquqi xidmətlərə görə ödənilmiş 325 manat və dövlət rüsumu olaraq ödənilmiş 100 manat olmaqla, ümumilikdə 425 manat məbləğdə pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü blokuna və bu blokun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79.5 kv.m. olan izolə olunmuş 2 otaqlı, 272 nömrəli mənzil İddiaçı təhvil verilsin. "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü blokuna və bu blokun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 79.5 kv.m. olan izolə olunmuş 2 otaqlı, 272 nömrəli mənzilə giriş-çıxışına və həmin mənzili təmir etdirməyinə qoyulmuş maneələr aradan qaldırılsın. Hüquqi xidmətə görə ödənilmiş 325 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat olmaqla, ümumilikdə 425 manat məbləğdə pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə