Məhkəmə qərarları › İş №2(3-6)-1017/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1017/2026

14.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1017/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Elşənoğlu İnşaat” MMC-yə qarşı iş üzrə Açar sözlər: əldən çıxmış faydanın və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi Hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı Asif qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “Elşənoğlu İnşaat” MMC-yə qarşı “müqaviləyə xitam verilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin, habelə əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə “Elşənoğlu İnşaat” MMC (bundan sonra cavabdeh) arasında bağlanmış ##.##.2023-cü il tarixli, M-**/** nömrəli Xidmət Müqaviləsinə əsasən cavabdeh iddiaçıdan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ** saylı evin, ** saylı mənzili (56,7 kv.m sahəsi olan) təhvil alaraq təmir işlərinin görülməsini, iddiaçı isə təmir işlərinin görülməsinə görə cavabdehə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə görə iddiaçı (sifarişçi) tərəfindən cavabdehə (icraçıya) 15.300 manat məbləğində xidmət haqqının ödənilməsi razılaşdırılmışdır.

2. Cavabdeh tərəfindən tərtib edilmiş mədaxil qəbzlərinə əsasən iddiaçı ##.##.2023-cü il tarixdə 4.600 manat, ##.##.2023-cü il tarixdə 4.600 manat, ##.##.2023-cü il tarixdə 4.600 manat və 1.500 manat, ümumilikdə isə 15.300 manat ödənişi tam şəkildə cavabdehin hesabına mədaxil etmişdir.

3. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli hesabatına əsasən iddiaçıya məxsus ünvan 1) ünvanında yerləşən ** saylı mənzilin təmir xərclərinin (işçilik və material xərci daxil olmaqla) 5.303,96 manat müəyyən edilmişdir.

4. “xxxx” MMC-nin daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə ##.##.2025ci il tarixli hesabatına əsasən ünvan 1) ünvanında yerləşən ** saylı mənzilin (həmin mənzil orta təmirli olsa idi) orta aylıq kirayə haqqı 600 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı İddiaçı cavabdeh “Elşənoğlu İnşaat” MMC-yə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanılnış ##.##.2023-cü il tarixli, № M-**/** saylı “xidmət müqaviləsi”nin ləğv edilməsi, həmin “xidmət müqaviləsi” əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ona vurulmuş 9.996,04 manat məbləğində maddi zərərin, 12.600 manat məbləğində əldə çıxmış fayda qismində maddi zərərin, ona 9.996,04 manat məbləğində maddi zərər ödənilənə qədər (2-ci bənddə göstərilən məbləğ nəzərə alınmaqla) hər ay 600 manat məbləğində əldə çıxmış fayda qismində maddi zərərin, 5.000 manat məbləğində mənəvi zərərin ödənilməsi, 300 manat vəkil xərcinin və 172,79 manat məbləğində dövlət rüsumunun ödənilməsi vəzifəsinin cavabdeh “Elşənoğlu İnşaat” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla “Elşənoğlu İnşaat” MMC arasında ##.##.2023-cü il tarixli “xidmət müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən cavabdeh ona məxsus ünvan 1) ünvanında yerləşən ** saylı mənzili təmir etməyi, o isə cavabdehə 15.300 xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən təmir işləri ##.##.2023-cü il tarixdə bitməli olduğu və onun tərəfindən xidmət haqqı tam ödənildiyi halda cavabdeh təmir işlərini yarımçıq qoyaraq, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Hazırda ona məxsus mənzildə yalnız 5.767,60 manat dəyərində iş görülmüşdür. Belə ki, Mərkəzi Ekspertiza Bürosunun MEB/**- ****/** saylı, ##.##.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən həmin mənzildə aparılmış təmiş işlərinin dəyəri 5.767,60 manat təşkil edir. Bu mənzil ona məxsus ikinci mənzildir və o, bu mənzili kirayə vermək və gəlir əldə etmək məqsədilə təmir etmək istəyirdi. O, həmin mənzili ən azı ayda 500 manata kirayəyə verə və 12 ay ərzində 6.000 manat gəlir əldə edə bilərdi. Cavabdeh onun istənilən müraciətinə məhəl qoymayaraq, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Onun tərəfindən cavabdehə ##.##.2024-cü il tarixli pretenziya göndərilmiş və həmin pretenziya ilə ondan 9.532,40 manat borcun, 6.000 manat məbləğində əldən çıxmış fayda qismində ziyanın, ümumilikdə 15.532,40 manat pulun ona ödənilməsi tələb edilmiş, həmçinin tərəflər arasında bağlanılan müqaviləyə ##.##.2024-cü il tarixdən sifarişçi (onun) tərəfindən ləğv edilməsi bildirilmişdir. Onlar arasında bağlanılnış müqavilənin 3.3-cü bəndinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi ##.##.2023-cü il tarixdə bitirməli idi. Həmçinin müqavilənin 4.3-cü bəndinə əsasən müqaviləyə öhdəliklər yerinə yetirildikdən sonra xitam verilir. Lakin bu müddətdən 1 ildən artıq müddətin keçməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilənin şərtləri kobud şəkildə pozulduğundan, həmin müqaviləyə xitam verilməlidir. O, cavabdehə 15.300 manat dəyərindəki işə görə pul ödəsə də, cavabdeh yalnız 5.767,60 manat dəyərində iş görmüşdür. Beləliklə də, cavabdeh ona 9.532,40 (15.300- 5.767,60) manat dəyərində ziyan vurmuşdur. Həmçinin 1 ildən artıq müddətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona məxsus mənzil istifadəyə yararsız vəziyyətdə qalmışdır. Bu mənzil ona məxsus ikinci mənzildir və o, bu mənzili kirayə vermək niyyəti ilə təmir etdirmək istəyirdi. Göründüyü kimi, mənzil Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşir və o, əlavə yeni təmirli mənzili kirayə vermək niyyətində olub. Bu ərazidə yerləşən yeni tikililərdəki təmirli mənzillər daha baha qiymətə kirayəyə verilsə də, ona əldən çıxmış fayda qismində dəymiş ziyanı 6.000 manat məbləğində qiymətləndirir (500 manat x 6 ay). Cavabdehin qanunsuz hərəktləri nəticəsində ona mənəvi zərər də vurulmuşdur. Belə ki, mənzilinin yararsız halda qalması, cavabdehin onu saymaması, iddiaçının əsəb və stress keçirməsi ilə nəticələnmişdir.

7. İddiaçı iddia tələbinin dəqiləşdirilməsi barədə ərizəsini isə onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş “xxxx” MMC-nin verdiyi rəyə əsasən mənzilin təmir xərclərinin (işçilik və material xərci daxil olmaqla) dəyəri 5.303,96 manat təşkil edir. Beləliklə, cavabdeh ona 9.532,40 manat deyil, 9.996,04 manat ödəməlidir (15.300 – 5.303,96). Bundan başqa, əldən çıxmış fayda qismində o, cavabdehdən 5000 manat tələb etmişdir. Lakin məhkəmə tərəfindən təhkim edilmiş “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, ünvan 1) ünvanında yerləşən ** saylı mənzilin (həmin mənzil orta təmirli olsa idi) orta aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 600 manat müəyyən olunmuşdur. Onların arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh təmir işlərini ##.##.2023-cü il tarixdə başa çatdırmalı idi, hazırda isə 2025-ci ilin oktyabr ayıdır. Odur ki, 21 aydır ki, cavabdeh ona əldən çıxmış fayda qismində ziyan vurmaqdadır və bu ziyanın dəyəri 12.600 manat təşkil edir (21 х 600). Onun mənzili təmir etməyə vəsaiti yoxdur. Bunu etmək üçün cavabdeh ona dəymiş maddi ziyanı ödəməlidir. Bu səbədən də, cavabdeh ona 9.996,04 manat ziyanı ödəməyənə qədər, hər ay 600 manat kirayə haqqını ona ödəmək məcburiyyətində qalmalıdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “Elşənoğlu İnşaat” MMC-dən müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 9.996,04 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 250 manat, habelə ödənilmiş dövlət rüsumunun 120 manat hissəsi iddiaçı İddiaçı xeyrinə tutulmuş, iddianın qalan hissədə təmin edilməmişdir (hakim X3).

9. Məhkəmə işin mübahisəsiz halı kimi qeyd etmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh “Elşənoğlu İnşaat” MMC arasında iddiaçının mülkiyyərində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 38 ünvanında yerləşən ** saylı mənzilin cavabdeh tərəfindən təmir edilməsi, iddiaçının isə xidmət haqqının ödənilməsi barədə ##.##.2023-cü il tarixli müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək, 15.300 manat məbləğində pul vəsaitini ödəmiş, cavabdeh isə öhdəliklərini tam icra etməyərək, təmir işlərini başa çatdırmamışdır.

10. İddiaçı tərəfdən cavabdehə müqavilənin ləğvi barədə pretenziya məktubu göndərilərək, ##.##.2024-cü il tarixdən müqavilənin ləğv ediləcəyi bildirildiyindən, məhkəmə hesab etmişdir ki, müqavilənin məhkəmə tərəfindən ləğv edilməsinin qət edilməsinə zərurət yoxdur, artıq ləğv edilmiş müqavilə təkrar ləğv edilə bilməz.

11. Məhkəmə mülki işin materiallarında olan “xxxx” MMC-nin rəyini mülki işin materialları ilə təkzib edilmədiyindən, qanunvericiliyə uyğun şəkildə təqdim edildiyindən, hesab etmişdir ki, rəy mötəbər sübut qismində qiymətləndirilməli və cavabdehdən (15300-5303,96=) 9.996,04 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

12. Məhkəmə tələbin “əldən çıxmış fayda” hissəsini əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəmişdir. Belə ki, mənzilin vaxtında təmir olunsaydı, kirayəyə verilməsi ehtimal xarakteri daşıyan tələbdir. Bu ehtimalı təsdiq edəcək hər hansı bir sübut da təqdim edilməmişdir.

13. Məhkəmənin “mənəvi zərərin əvəzinin tutulması” hissəsində mövqeyi ondan ibarət olmuşdur ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü, 21-ci, 324-cü, 385.1-ci, 386.1-ci, 389.1-ci, 399.1-ci, 425-ci, 439.4-cü, 442-ci, 443-cü, 762-ci, 1096cı, 1097.1-ci, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 115-ci, 119.1-ci, 217-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin özünün əldə etdiyi ##.##.2024-cü il tarixli “xxxx” MMC-nin daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 2) ünvanında yerləşən ** saylı mənzilin (həmin mənzil orta təmirli olsa idi) orta aylıq kirayə haqqı 600 manat müəyyən edilmişdir. Bu rəyi almaq üçün məhkəmə 4 aya yaxın işi dayandırmışdır. Məhkəmə bu rəyi nəzərə almayacaqdısa, həmin rəyə görə niyə işi 4 aya yaxın müddət ərzində dayandırırdı?! Cavabdehin 2 ildən artıq müddət ərzində ona məxsus mənzili yararsız vəziyyətdə saxladığı halda hər hansı bir məsuliyyət daşımaması qanunsuz olduğu kimi həm də ədalətsizdir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 2 ildən artıq müddətdir ki, həm xeyli miqdarda pulundan məhrum olan, həmçinin də mənzili istifadəyə yararsız halda qalan bir insanın mənəvi zərərə uğraması hansı səbəbədən məhkəməyə inandırıcı gəlmir? Bu hal nə ilə sübut edilməli idi? Mütləqdir ki, o, əsəbdən xəstəxanada müalicə alsın?! Bu hal olsa da belə, məhkəmə yəqin ki, deyəcəkdi ki, “iddiaçının məhz bu səbəbdən xəstəxanada müalicə alması sübuta yetirilmir”.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iddiaçı İddiaçı Asif qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddianın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza daha çox zərər müəyyən edib. İddiaçı mənzili əlavə investisiya məqsədilə alıb, təmir edib kirayə vermək istəyirdi, bu mənzil onun ikinci mənzilidir. Mənzili almaqda başqa məqsəd olmayıb, iddiaçının yaşadığı başqa evi var. Avropa Məhkəməsinin qərarlarında da zərərçəkənin bir mənzili olsa belə onun kirayə verilib, gəlir əldə etmə ehtimalı ilə kompensasiya müəyyən edilir. Mənzilin təmiri yarımçıq qalıb, sonradan təmir tamamlanmayıbdır.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh “Elşənoğlu İnşaat” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

23. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** saylı Qərarının: 4.13-cü bəndinə əsasən müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. Məsələn, tibbi turizm zərfi müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində təcili cərrahi əməliyyat keçirməli olan müqavilə tərəfinin əməliyyatının vaxtında baş tutmaması və yaxud sərnişin daşıma xidmətinin qüsurlu icrası nəticəsində şəxsin ali məktəbin qəbul imtahanına gecikməsi və ya podrat, xidmət müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yeganə nüsxədə fotoalbom, rəsm əsəri və bu kimi mənəvi dəyəri olan əşyalara bərpaolunmaz ziyanın vurulması, satılmış planşetin qüsurlu olması səbəbindən işə qəbul imtahanından kəsilməsi, estetik əməliyyat səbəbindən şəxsin xarici görünüşünün eybəcərləşməsi nəticəsində mənəvi zərərə məruz qalması; 4.14-cü maddəsinə əsasən bu halda mənəvi zərərin kompensasiyası tələbinin hüquqi əsasını müqavilənin şərtləri, habelə Konstitusiya və (və ya) bu müqavilədən irəli gələn münasibətləri tənzimləyən maddi hüquq normaları (məsələn, Mülki Məcəllə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Turizm haqqında” və “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları və s.) təşkil edəcəkdir; 4.15-ci bəndinə əsasən müqavilə öhdəliklərinin pozulması müqavilə tərəfinin həyat və sağlamlığına, habelə üçüncü şəxslərin həyat və sağlamlığı daxil olmaqla, digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi hallarda, o cümlədən hər iki kateqoriyaya aid olan şəxslərə münasibətdə onların istehlak məqsədi üçün istifadə etdiyi müqavilə predmetini təşkil etməyən digər əmlakına zərər vurduqda bu tələbin hüquqi əsasını işin hallarından asılı olaraq müqavilə şərtləri və delikt, yaxud sadəcə delikt təşkil edəcəkdir. Belə ki, müqavilə tərəfinə münasibətdə hər iki maddi hüquqi əsas, üçüncü şəxsə münasibətdə isə yalnız delikt əsası çıxış edəcəkdir (Məsələn, satılmış qida məhsulunun keyfiyyətsiz olması nəticəsində alıcının və ya üçüncü şəxsin zəhərlənməsi, estetik əməliyyatın qüsurlu icrası nəticəsində şəxsin sağlamlığına zərər dəyməsi və ya vəfat etməsi, satılmış qüsurlu məişət cihazında qısa qapanmanın təsirindən alıcının və ya hər hansı üçüncü şəxsin evinin yanması).

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırda apellyasiya şikayətində qətnamənin qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilməklə, iddianın tam təmin edilməsi xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh iddiaçıya məxsus mənzilin təmir edilməsini, iddiaçı isə görüləcək işlərin müqabilində 15.300 manat məbləğində pulun ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək, 15.300 manat məbləğində pul vəsaitini cavabdehə ödəmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərini tam icra etməyərək, təmir işlərini müqavilə üzrə şərtləndirilmiş müddət ərzində başa çatdırmamışdır. Birinci instansiya məhkəməsi “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli hesabatını mötəbər sübut kimi qiymətləndirərək əsas götürmüş və iddia üzrə həmin tələbi tam təmin edərək, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq (ümumi ödənilmiş 15.300 manatdan bu rəylə görülmüş işlərin müəyyən edilmiş dəyəri olan 5.303,96 manatı çıxmaqla) 9.996,04 manat pulu iddiaçının xeyrinə tutmuşdur. Cavabdeh həmin hissədə qətnaməni mübahisələndirməməklə, bu nəticə ilə razılaşmışdır.

29. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd edilən hissəsində mübahisələndirir və cavabdehdən əldən çıxmış faydanın, vurulmuş mənəvi ziyanın əvəzinin və vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin tam tutulmasını tələb edir.

30. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.

31. İddiaçının göstərilən tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

32. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

33. Bu baxımdan məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı bu mənzilin ikinci mənzil olduğunu və məhz əlavə gəlir əldə edilməsi (təmir etdirib, kirayə verilməsi) məqsədi ilə alındığını, lakin mənzilin vaxtında təhvil verilməməsi səbəbindən mənzili kirayəyə verə bilmədiyini bildirir və bu səbəbdən cavabdehdən əldən çıxmış fayda qismində pulun tutulmasını tələb edir. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir və nəticə etibarı ilə öz mövqeyini sübuta yetirə bilmir. Bu səbəbdən məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və qeyd edir ki, hər bir halda iddiaçının istinad etdiyi hallar mötəbər və konkret əsaslara söykənməli, fərziyyə və ehtimallara əsaslanmamalıdır. İddiaçı isə mənzilin kirayə veriləcəyi barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş, nəticədə, öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının mülkiyyətində başqa mənzilin olması, onun Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 38 ünvanında yerləşən ** saylı mənzili məhz kirayəyə vermək məqsədi ilə alması və təmir etdirməsi qənaətinə gəlmək üçün kifayət etmir. Bununla bağlı da sübutlar təqdim edilmədiyindən həmin mənzilin qeyd edilən müqavilənin bağlandığı tarixdən hansı müddət əvvəl alındığı da müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin bu tələbin əsaslığına dair dəlillərini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir.

34. Məhkəmə kollegiyası iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı aralarında bağlanmış podrat müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərini pozması səbəbindən ona mənəvi zərərin vurulduğunu bildirir. Lakin müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Belə bir halın mövcudluğu da iddiaçı tərəfindən sübuta yetirilməlidir. Lakin iddiaçı bununla da bağlı hər hansı sübut təqdim edə bilmir, işin hallarından da bu xüsusat müəyyən olunmur. İddiaçı ümumiyyətlə mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını məsələsinə aydınlıq gətirə bilmir. Bu səbəbdən məhkəmə kollegiyası həmin hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin həmin hissədə də dəlillərini əsassız hesab edir.

35. Məhkəmə kollegiyası hüquqi yardımın göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği ilə də razılaşır və bu məbləğin artırılması üçün hər hansı əsas görmür.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar