Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2622/2022 16.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, 18 aprel 2012-ci il tarixdə 256 nömrəli alğı-satqı və ipoteka müqaviləsi əsasında Hüseyn Cavid küçəsi, ev 5, 14 saylı mənzil X4 iddiaçının adına rəsmiləşdirilməklə 60000 manata alınmışdır. Mənzilin 15000 manatı iddiaçı tərəfindən ödənilmişdir. 45000 manat isə xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən kredit vəsaiti hesabına, yəni hər ay 347,32 manat olmaqla iddiaçı tərəfindən ödənilir. İddiaçının atası X8 2005-ci ilin fevral ayında vəfat etmişdir. Atasına məxsus Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 7, 4 saylı mənzili iddiaçının bacısı Ağayeva (Şükürova) Firəngiz Fuad qızı 10 aprel 2012-cı ildə 35380 manata satmışdır. Əldə edilmiş puldan hal-hazırda mübahisə predmeti olan mənzilin alınmasına 15000 ödənilmişdir. İddiaçının bacısı Ağayeva (Şükürova) Firəngiz Fuad qızı ilə cavabdeh rəsmi nikahda olmuş, onların birgə nikahı 17 noyabr 2021-ci il tarixdə ləğv edilmişdir. Bacısı və onun iki övladı iddiaçı ilə birlikdə qeyd edilən Yasamal rayonu, İnşaatçılar prospekti, ev 28, 6 saylı mənzildə yaşayırlar. Cavabdeh isə iddiaçının mülkiyyətində olan Hüseyn Cavid küçəsı ev 5, 14 saylı mənzildə yaşayır və mənzilin girişçıxış kilidini dəyişib, nə iddiaçı, nə də onun bacısını ona məxsus mənzilə buraxmır. Halbuki, cavabdehin həmin mənzilə heç bir hüququ yoxdur. Hətta iki övladına aliment belə vermir. Əlavə olaraq bildirir ki, cavabdeh qarşılıqlı iddia ərizəsində ünvan olaraq Binəqədi rayonu, ünvan 1 belə bir mənzili varsa, o, həmin ünvanda yaşaya bilər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, 2005-ci ildə uşaqlarının anası ilə tanış olmuşdur. 2006-cı ildə isə ailə qurmuşdur. Ailə qurarkən məcburi köçkün olduğuna görə qızı ona vermək istəmirdilər. Keçmiş yoldaşına məxsus Haqverdiyev küçəsində yerləşən ev tam təmirsiz idi. Dollarla hesablasa, 8-13 min dollar arası pul xərcləmiş və əsaslı təmir etmişdir. Həmin evə o vaxt 25-30 min arası qiymət qoyulmuşdur. Toydan sonra həmin mənzilə köçmüşlər. 2007-ci ildə qızları, 2010-cu ildə oğulları olmuşdur. Mübahisə edilən evin ipoteka ilə alınmasını "xxxx" ASC-nin sədr müavini Museyib müəllim ona kömək etmişdir. Çünki, onu şəxsən tanıyırdı. O bir neçə banka ipoteka ilə bağlı müraciət etsə də, maaşı az olduğu üçün ona ipoteka vermirdilər. O, evi əvvəl qardaşının baldızının adına almaq istəyirdi. Qardaşıgil özləri istədiyi üçün alınmadı. İddiaçı maaşı yüksək olduğu üçün onun adına almağa qərar vermişlər. Hətta hazırkı evdən qabaq digər ev taparaq behini vermişdir. Lakin satıcı sonradan fikrini dəyişmişdir. Sonra Müseyib müəllimə zəng etmişdir. Museyib müəllim bildirmişdir ki, 10 günə ev tapsın. Evi aldıqdan sonra keçən ilin aprelinə qədər ipotekanı o ödəmişdir. Fidan Azpetrolda işləmiş və illər boyu maaşını "xxxx" ASC-dən almışdır. Hətta ipotekanı götürəndə ona maaşından çıxmağı təklif etmişlər. Fidan isə razı olmamışdır. O, həmin evə əziyyət çəkmişdir, canını qoymuşdur, o çıxmalı deyil. İddiaçı 30 minə torpaq alıb Dübəndidə bağ tikdirir. O evi əziyyətlə almışdır. Bu işin lazımi orqanlara verilib araşdırılmasını istəyir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 ilə X3 arasında xx.xx.2012-ci il tarixdə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X6 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, ev 7, 4 saylı mənzili 35380 manata X1. İş materiallarında olan kreditor-ipoteka saxlayan qismində "xxxx" ASC, alıcı- ipoteka qoyan qismində İddiaçı və satıcı qismində X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 256 nömrəli alğı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X7 Bakı şəhəri, Yasamal rayonu, Əzizbəyov prospekti, bina 5, blok 1, 14 saylı mənzili İddiaçı mülkiyyətinə verməyi, İddiaçı mənzilin 60000 manat dəyərinin 15000 manatını özü, 45000 manatını isə xx.xx.2012-ci il tarixli, 331 AİK saylı kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 5, 14 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir və onun adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 416879 nömrəli, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh ilə Ağayeva (Şükürova) Firəngiz Fuad qızı arasında bağlanmış nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Haqverdiyev küçəsindəki ev anasının adına alınmışdır. Banka 35 min ödəniş olunmuşdur. Əvvəlcədən behi də verilərək, hansı qiymətə alınacağı razılaşdırılmış, qalan pul da onun özünə verilmişdir. Suala cavab olaraq bildirir ki, anası ilə birlikdə onların evinə gəlməyi yadına düşür. Onlardan beh almışdır. Evi alanda 38 min banka ödəmişdir. 12 min manatı nağd şəkildə manatla Elnura vermişdir. Satıcı əşyaları çıxardıqdan sonra anası həmin evə köçmüşdür. Köçəndə ev əla təmirli idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, O, 2000-ci ildən bəri ev alqı satqısı ilə məşğul olur. Təxminən 10 il bundan əvvəl Elnur ev axtarırdı. O digər tanış vasitəsilə həmin evi tapmışdır. Evin qiyməti 85-87 min civarı idi. Evi Elnura aparıb göstərmiş və Elnur razılaşmışdır. Danışıb evi götürmüşlər. Suala cavab olaraq bildirir ki, onlar evə baxmağa gələrkən ailəsi ilə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, o, Elnurla 10 ilə yaxın bir yerdə işləmişdir. İpotekanı da ondan biraz sonra eyni istiqamətdən almışdır. Elnur ailəsinə baxan adam olmuşdur. Elnurun dostluğu da yerində olmuşdur. Suala cavab olaraq bildirir ki, onun evi də "xxxx" ASC-də ipotekada olmuş və bunun üçün Museyib müəllim ona köməklik etmişdir. İpotekanı Elnura o məsləhət görmüşdür. İşin mübahisəsiz halı odur ki, cavabdeh iddiaçının bacısının keçmiş əridir. Mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir. Hazırda iddiaçı mülkiyyətində olan mənzildən cavabdehin çıxarılmasını xahiş edir. Cavabdeh isə mənzilə xərc və zəhmət çəkdiyini bildirərək iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının ailə üzvü deyil və iddiaçı öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarındadır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, İddiaçı ipoteka və kredit müqaviləsi üzrə yaranmış borcuna müxtəlif tarixlərdə ödənişlər edilmişdir. Lakin həmin qəbzlərə əsasən ödənişlər İddiaçı adından fərqli tarixlərdə Cavabdeh, Sadiqov Murad, Ağayeva Firəngiz, Bəhramzadə Səbuhi və əksərən İddiaçı tərəfindən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının adına edilən sonuncu ödəniş qəbzi xx.xx.2021-ci il tarixə aiddir. Cavabdehin iddiaçının bacısının keçmiş əri, yəni onun qohumu olmasını nəzərə alsaq, onun ödənişi icra etməsi mümkündür. Bu hal iddianın rədd olunmasına əsas vermir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasda tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2622/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2622/2022
16.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver