Məhkəmə qərarları › İş №2(004)-2664/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2664/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2664/2022 01.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2021-ci ilin əvvəllərindən iki dəfəyə 6500 (altı min beş yüz) manat pul borcu vermişdir və onun tərəfindən indiyədək həmin borc ödənilməmişdir. Dəfələrlə cavabdeh ilə telefon danışıqları olmuş, lakin söz versə də borcu ödəməmişdir. Cavabdehin əməllərindən iddiaçı Binəqədi Rayon Polis İdarəsinə şikayət etmişdir. Cavabdeh izahat yazaraq borcu aldığını etiraf etmiş, lakin guya aldığı puldan qaytarmışdır və iddiaçıya ancaq 2000 manat borcu qalmışdır. Aldığı məbləği etiraf edir, lakin qaytardığını heç bir fakt ilə sübüt etmir. Odur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehi Nizami adlı şəxs vasitəsilə tanımışdır. Ümumilikdə 13000 manat pul borc vermişdir. Cavabdehə 5000 manatı ilk dəfə Nizami adlı şəxs vasitəsilə vermişdir. Nizami isə ona bildirmişdir ki, Kamilin pensiya kartı var və cavabdeh hər ay 1000 manat pul alır, onun pensiya kartı Nizamidədir və Nizami hər ay 1000 manatı çıxarıb, ona verəcəkdir. İddiaçı da 6-cı mikrorayonda 5000 manatı iyul ayında Nizami adlı şəxsə vermiş, o isə Kamilə vermişdir. Həmin 5000 manat borcdan bir dəfə Nizami vasitəsilə 1500 manat, daha sonra 1000 manat ödəniş etmişdir. Daha sonra cavabdeh ona zəng edərək demişdir ki, uşağının gözü əməliyyat olunmalıdır və ona 3000 manat pul lazımdır və ona 3000 manat pul vermişdir. Bundan başqa hardasa bir ay sonra zəng edərək, oğlunun hərbi xidmətə gedəcəyini və müharibə zonasına salınacağını, bunun üçün isə pul lazım olduğunu bildirmiş və ondan 2000 manat pul borc almışdır. Daha sonra yenə bacısıoğlunun çevik polis xidmətinə işə düzəldilməsi üçün iddiaçıdan 3000 manat almışdır. Müəyyən qədər aylıq ödənişləri etdikdən sonra 8500 manat borcu qalmışdır. Sonra cavabdehin həyat yoldaşı onunla görüşmüş və cavabdehin pul almaq məqsədilə bəhs etdiyi məsələlərin yalan olduğunu demiş və 2000 manat ödəniş etmiş, bildirmişdir ki, aybaay ödəniş edəcək. Ancaq noyabr ayına kimi gözləsə də, heç bir ödəniş olunmamışdır. Cavabdeh Nizami adlı şəxsin özündən də iddiaçının yanında zəng edib anasının xəstə olduğunu və bu səbəblə rayonda olduğunu bildirərək, 150 manat pul borc istəmişdir. Cavabdehin hamıya borcu var. Hətta banklara da borcu olduğu üçün kredit də götürə bilmir. Hal-hazırda cavabehin iddiaçıya 6500 manat borcu vardır. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, İddiaçı qızını Nizami adlı şəxs vasitəsilə faizə pul verən kimi tanımışdır. O, iddiaçıdan əvvəlcə 20 Yanvar adlanan əraziyə yaxın yerdə 7 faizlə 2500 manat pul almış, aybaay həmin borca 1000 manat ödəniş etmişdir. İddiaçı ödəniş etdiyi 1000 manatdan əvvəlcə faizi, sonra isə əsas borcu çıxırmış. Nizami sadəcə vasitəçi olmuşdur. Nizami ona 5000 manat pul verməmişdir. İddiaçıdan yenidən 3000 manat borc pul almışdır. Daha sonra onu tam ödədikdən sonra iddiaçıdan yenidən 4000 manat borc almışdır. Əvvəlcə 1500 manat, daha sonra 1000 manat ödənişi Nizami vasitəsilə ödəmişdir. Həya yoldaşı isə 2000 manat ödəmişdir. Hazırda iddiaçıya 2000 manat borcu qalmışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan cavabdeh Binəqədi RPİ-nin 7-ci PB-də yazdığı izahatında bildirir ki, İddiaçı verdiyi ərizə yalandır. O, ondan iki dəfə olmaq şərti ilə 4000 (dörd min) manat, 2500 (iki min beş yüz) manat bir göturmüşdür. Ümumilikdə 6500 (altı min beş yüz) manat pul götürmüşdür. Götürdüyü pulun qarşılığında hər ay ödənişini və faiz pul (sələm) vermiş, ümümi borcu 2000 (iki min) manat təşkil edir. Bu pulu ona 1 ay ərzində qartaracaqdır. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 741-ci maddəsinə əsasən-əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, borc verən İddiaçı borcalan Cavabdeh hissə-hissə olmaqla 6500 (altı min beş yüz) manat məbləğində borc pul vermiş, borcalan Cavabdeh isə həmin pul məbləğini tam qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə cavabdehin Binəqədi rayon Pİ-nin 7-ci PB-də vermiş olduğu izahatına əsaslanaraq hesab edir ki, Cavabdeh İddiaçı 6500 manat aldığını bildirərək əslində 6500 manat borcu olduğunu etiraf edir, 2000 manat borcu qaldığını bildirsə də 4500 manat borcundan ödəniş etdiyini sübuta yetirə bilmir. Cavabdeh hazırda 2000 manat borcu qaldığını bildirsə də məhkəmə hesab edir ki, bu hissədə sübutetmə yükü cavabdehin üzərinə düşür və cavabdeh borcundan etmiş olduğu ödənişləri sübuta yetirə bilmədiyindən 6500 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı aldığı pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia təmin edilməli, 6500 (altı min beş yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar