Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2669/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı, onun vəkili X1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh ASC arasında bağlanmış 27.12.2019-cu il tarixli (illik 1 faiz olmaqla 60 ay müddətinə) zaminlik müqaviləsinin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını və saxtakarlığa yol verdiyi üçün cavabdeh X6 və Cavabdeh ASC-nin Neftçilər filialının sözügedən zaminlik və kredit müqaviləsini rəsmiləşdirməsində iştirak edən əməkdaşları barəsində xüsusi qərardad çıxarılaraq araşdırması üçün aidiyyatı üzrə Sabunçu rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf olan Cavabdeh ASC onu aldadaraq, ona kredit ayrılması adı ilə özünə məlum olmayan qaydada zaminlik müqaviləsinə imza etdirmişdir. Digər cavabdeh X6 YeloBankın Neftçilər filialının əməkdaşları ilə əlbir olaraq onu aldatmış, zaminlik müqaviləsinə imza etdirmişlər. Belə ki, məhkəməyə və hər kəsə məlumdur ki, cavabdeh X6 ilə Yelobank arasında bağlanmış və hal-hazırda mübahisə predmeti olan 27.12.2019-cu il tarixli borc müqaviləsi Azərbaycan Respublikası Prezidentinin problemli kreditlər üzrə qəbul etdiyi müvafiq Fərmanın tətbiq edilməsi ilə əlaqədar olmuşdur. Əlavə olaraq, sözügedən borc müqaviləsi cavabdeh X6 arasında 2015-ci ildə bağlanmış və daha sonra öhdəlik pozulduğu üçün yenidən fərmanın icrası tətbiq edilmiş və restruktruzasiya həyata keçmişdir. Cavabdehlə bağlanmış ilkin müqavilə zamanı cavabdehin bir neçə və İddiaçı iştirakı olmayan zaminləri olmuşdur. Lakin, Yelobank restruktruzasiya edərkən qanunsuz şəkildə İddiaçı zamin kimi cəlb etmiş (özünün xəbəri olmadan) və üzərinə öhdəlik qoymuşdur. Sözügedən zaminlik müqaviləsi qanunsuz hesab edilməsi mütləq və zəruridir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Yelo Bank" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iş materiallarında qətnamə, eyni zamanda kredit müqaviləsi və zaminlik müqaviləsi var. Şəxs öz iradə ifadəsi kimi müqaviləyə qol çəkmişdir. Müqavilədə böyük şriftlərlə zaminlik müqaviləsi yazılmış, qol çəkdiyi qrafada da İddiaçı adının qarşısında zamin sözü qeyd olunmuşdur. İddiaçı da bilirdi ki, kredit zaminə deyil, kredit götürənə verilir. İddia tələbinin heç bir əsası olmadığından rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nizami rayonu Pİ-nin 24-cü PŞ-nin HK-1-3203 saylı material üzrə 13.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 27.12.2019-cu il tarixli 11-Z1-1-0-493-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, YeloBank ASC tərəfindən X5 5 il müddətinə illik 1 faiz olmaqla 3673.41 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 11-Z1-1-0-493-15 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin İddiaçı YeloBank ASC ilə X6 arasında bağlanmış 27.12.2019-cu il tarixli 11- Z1-1-0-493-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-557/2022 saylı, 31.03.2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X6 və İddiaçı qarşı kredit borcunun tutulması barədə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər X6 və İddiaçı Cavabdeh ASC-nin xeyrinə 27.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3551,3 manat əsas, 14,64 manat faiz borcu və 17 manat cərimə borcu olmaqla ümumilikdə 3582,94 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, YeloBank ASC ilə X6 arasında 27.12.2019-cu il tarixli, 11-Z1-1-0-493-15 saylı “Kredit müqaviləsi” bağlanmış və zamin İddiaçı həmin müqavilə üzrə bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu X6 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Sabunçu Rayon Məhkəməsinin 2(008)-557/2022 saylı, 31.03.2022-ci il tarixli qətnaməsilə sözügedən kredit müqaviləsi üzrə yaranmış borcun zamin İddiaçı borclu X6 ilə birlikdə müştərək qaydada tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC ilə zaminlik müqaviləsi bağlayarkən onun heç bir hüquqları pozulmamış, aldadıldığını bildirsə də buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, nə də məhkəmə baxışı zamanı bunu sübuta yetirə bilməmişdir. Odur ki, zaminlik müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 470.1-ci maddəsinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, eyni zamanda iş üzrə cavabdeh X6 və Cavabdeh ASC-nin Neftçilər filialının sözügedən zaminlik və kredit müqaviləsini rəsmiləşdirməsində iştirak edən əməkdaşlarının hərəkətlərində hər hansı qanunsuzluq məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, iş üzrə xüsusi qərardadın çıxarılması barədə tələbi də təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2669/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2669/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver