Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-267/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “öhdəliyin icra edilməsi və pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilədə nəzərdə tutulan mənzil əvəzinə mansard-mənzil təhvil verildiyindən qiymət fərqi olaraq 23843 manatın, müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə 10000 manat ziyanın və 20 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehdən müqavilədə nəzərdə tutulan mənzil əvəzinə mansard-mənzil təhvil verildiyindən qiymət fərqi olaraq 13376 manatın, müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə 10000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması, mərtəbə döşəməsinin, dəhliz divarlarının suvaq və boya işlərinin tamamlanması öhdəliyinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1də inşa edilən yaşayış binasında 1-ci qiriş, 6-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60,8 kv.m olan yaşayış sahəsi 48,82 kv.m olan 1 otaqlı 21 saylı mənzili Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən 68123 manat ödəməklə almış və xx.xx.2020-ci il tarixdə pay dəyərinin tərəfindən ödənilməsi və borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Mənzil tərəfindən tam təmir edilmiş və halhazırda ailə üzvləri ilə birlikdə orada yaşayır. Bu yaxınlarda Kooperativ tərəfindən ona bildirilmişdir ki, binanın sənədləri hazır olduğundan ona əlavə sənədlər veriləcəkdir ki, ona məxsus olan 21 saylı mənzili adına mülkiyyət hüququnu təsdiq edən çıxarışını əldə etsin. Bundan sonra ona bildirilmişdir ki, koopperativ tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrinə təqdim etmək üçün yeni protokoldan çıxarış və maliyyə arayışı təqdim ediləcəkdir. Hər iki sənəddə mənzilin 21 saylı olmasını düzgün bildirilməsini baxmayaraq, mənzilin yaşayış sahəsi binanın 1-ci girişinin mansard mərtəbəsi qeyd ediləcəyi bildirilmişdir. Tərəfindən sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə aparılmaqla məsləhətləşmələr aparılmış və məlum olmuşdur ki, əgər təqdim olunan sənədləri cavabdehdən alsa və Dövlət Reyestrinə təqdim etsə, ona mənzil adı ilə satılan mənzil mansrad mərtəbə göstərilməklə çıxarış veriləcəkdir və çıxarış aldığı təqdirdə aldığı sahənin mansard kimi aldığını qəbul etmiş olacaqdır. Bu səbəbdən tərəfindən Kooperativə normal mənzil aldığı və verilən ilkin sənədlərdən mansard əkdə etdiyinin məlum olduğu bildirilmişdir, qanuni sənələrin təqdim olunması tələb edilmşdir. Bu yaxınlarda ona mansrad yazısının dəyişdirməsinin mümkün olmaması bildirilmişdir. Cavabdehə normal mənzil ilə mansard arasında 30-35% qiymət fərgi mövcud olduğunu və həmin fərqin ona geri qaytarılmasını bildirəndə, cavab olaraq bildirilmişdir ki, bu mümkün deyildir. Bundan əlavə, baxmayaraq ki, aralarında 2 ilə yaxındır ki müqavilə bağlanıb və həmin mənzildə yaşayır, bu günə qədər cavabdeh tərəfindən götürülən öhdəliklər tam icra edilməmişdir. Belə ki, bu günə qədər binanın lift təminatı təmin edilməmiş, mərtəbəinin döşəməsi vurulmamış, suvaq İşləri tamamlanmamışdır. .İşin hallarından göründüyü kimi ona mənzil satılmaqla bu barədə müqavilə və maliyyə arayışı verilməsinə baxmayaraq sonucda yeni sənəd verilməklə, yaşayış sahəsinin ölçüləri dəyişdirilmiş, bu da azmış ki, mənzil adlı ilə satılan mansard sahənin qeyd edilməsi barədə sənədlər verilməsi cəhdi olmuşdur. Ərizəyə əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş 186 saylı, xx.xx.2020-ci il tarixli rəydən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ünvan 1 (M.A.Əliyev küçəsi, ev 45 C, mənzil 21) ünvanında yerləşən xx.xx.2018-ci il tarixdə tikilməkdə olan hündür mərtəbəli yaşayış binasının mənzil və mansar mənzillərin bazar dəyəri mənzilin 1 kv.m 1100 manat, mansar mənzilin 1 kv.m 900 manat müəyyən edilmişdir. Cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən sözügedən mənzilin 1 kv.m 1120 manata tərəfindən əldə edilmişdir. Eyni zamanda həmin rəyə əlavə edilmiş foto şəkillərdən görünür ki, yaşayış binasının su təhcizatı standartlara uyğun verilməmiş, mərtəbənin dəhlizinin döşəməsi, dəhliz divarlarının suvaq və boyanması tamamlanmamışdır. Beləliklə müəyyən edilir ki, ona mənzil adı ilə satılan mansard mənzilin həmin zamana görə kv.m sahəsi 900 manat təşkil etdiyindən ödəmiş olduğu 1120 manatdan 900 manat çıxıldıqda cavadeh tərəfindən ödənilməli olan vəsait hər kv.m üçün 220 manat təşkil edir. Aldığı mənzilin sahəsinin 60,8 kv.m olduğu nəzərə alınaraq 60,8 kv.m x 220.0 AZN=13376 AZN qiymət fərqi cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddia tələbi mənzilin yerləşdiyi mərtəbənin dəhlizinin döşəməsinin tamamlanması hissəsində əsaslı hesab edilərək, cavabdeh MTK tərəfindən həmin qüsurlar aradan qaldırılacaqdır. Lakin, qalan hissələrdə iddia tələbi tamamilə əsassızdır. İddiaçı tərəfə sözügedən mənzili aldan binanın tikilməsi lahəsinə baxmış, eyni zamanda mənzilə baxış keçirmiş və təmir edərək yaşayır. Belə ki, mənzil tikilərkən və daha sonrakı dövrdə mənzillə əyani şəkildə tanış olmuşdur.Cavabdeh tərəfində müqavilədə göstərilən mərtəbədə və həmin ölçüdə mənzili iddiaçıya təhvil vermişdir.Cavabdeh tərəfində heç bir müqavilə öhdəlikləri pozulmamışdır.Ona görədə iddia ərizəsinin iddiaçının yaşadığı mərtəbədə döşəmənin qoyulması hissəsindən başqa qalan hissədə iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 6.2, 14, 21, 385.1, 386.1, 425 və 752-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Cavabdeh MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən MTK ünvan 1 ünvanında inşa etdiyi 8 mərtəməli yaşayış binasında 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60,8 kv.m olan yaşayış sahəsi 48,82 kv.m olan 1 otaqlı 21 saylı mənzili ilkin payçıya verməyi, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən aylar üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin şərtlərinə əsasən MTK payçıya mənzili piləkən meydançası və marşların üzlük plitələrlə üzlənmiş, pilləkən qəfəslərinin rənglənmiş və ağardılmış vəziyyətdə təhvil verir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. İddiaçı tərəfindən təqdim olunmuş “xxxx” MMC-nin verilmiş 186 saylı, xx.xx.2020-ci il tarixli rəyə əlavə olunmuş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus mənzilin yerləşdiyi mərtəbənin dəhlizinin döşəməsi, dəhliz divarlarının suvaq və boya işləri tamamlanmamışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə işin hallarına əsasən hesab edir ki, payçı İddiaçı müqavilə azadlığı prinsipinə uyğun olaraq, Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 8 mərtəməli yaşayış binasında 1-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 60,8 kv.m olan yaşayış sahəsi 48,82 kv.m olan 1 otaqlı 21 saylı mənzili əldə etmişdir və hazırda ailəsi ilə birlikdə orada yaşamaqdadır. Həmçinin, araşdırılmış sübutlarla, MTK tərəfindən iddiaçıya məxsus mənzilin yerləşdiyi mərtəbədə tamamlama işlərini başa çatdırmaması təsdiq olunmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçının yaşadığı 8-ci mərtəbə döşəməsinin, dəhliz divarlarının suvaq və boya işlərinin tamamlanması öhdəliyinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulması hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan, təmin edilməli, 8-ci mərtəbə döşəməsinin, dəhliz divarlarının suvaq və boya işlərinin tamamlanması öhdəliyi Cavabdeh MTK-nın üzərinə vəzifə olaraq qoyulmalıdır. Cavabdehdən müqavilədə nəzərdə tutulan mənzil əvəzinə mansard-mənzil təhvil verildiyindən qiymət fərqi olaraq 13376 manatın, müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə 10000 manat mənəvi ziyanın tutulması hissəsində isə iddia tələbi iddiaçı tərəfindən əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan, ünvan 1 ünvanında inşa edilmiş 8 mərtəbəli yaşayış binasında 1ci blok, 8-ci mərtəbəsində ümumi sahəsi 60,8 kv.m olan yaşayış sahəsi 48,82 kv.m olan 1 otaqlı 21 saylı mənzilin yerləşdiyi mərtəbənin döşəməsinin, dəhliz divarlarının suvaq və boya işlərinin tamamlanması öhdəliyi Cavabdeh MTK-nın üzərinə vəzifə olaraq qoyulsun. Cavabdeh MTK-dan ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı tutularaq, İddiaçı ödənilsin. İddia tələbi cavabdehdən müqavilədə nəzərdə tutulan mənzil əvəzinə mansardmənzil təhvil verildiyindən qiymət fərqi olaraq 13376 manatın, müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə 10000 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-267/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-267/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver