Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2686/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Mahmudzadə Sabrina Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Farid Budagovun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC İddiaçı ümumilikdə 2450 (iki min dörd yüz əlli) manat pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 45 manat ödənişin, ümumilikdə 2495 (iki min dörd yüz doxsan beş) manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC-nin direktoru X5 arasında, 5 may 2024-cü il tarixdə 0505 nömrəli müqavilə bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh MMC - İcraçı Sifarişçinin seçdiyi ali təhsil qurumuna qəbul olunmasına vasitəçilik xidmətləri göstərməyi, o, - Sifarişçi həmin müqavilə üzrə razılaşdırılmış xidmət haqqını İcraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilə üzrə tərəfindən ərizəyə əlavə olunan ödənişi təsdiq edən qəbzin surətində və yazışmalardan alınan ekran görüntülərində öz əksini tapdığı kimi 6 may 2024-cü il tarixdə X2 Cavabdeh MMC-yə bağlı olan bank hesabı kimi təqdim etdiyi **********601125 nömrəli X4 məxsus bank hesabına 2400 (iki min dörd yüz manat) vəsait ödəniş terminalı vasitəsi ilə ödənilmişdir. O cümlədən şirkətə bağlı +**********25 nömrəsi ilə olan “whatsapp” yazışmasında viza qeydiyyatı üçün xərc kimi 50 (əlli) manat vəsait tələb edilmiş və həmin vəsait köçürmə yolu ilə ərizəyə əlavə olunan ödənişi təsdiq edən qəbzin surətində öz təsdiqini tapdığı kimi şirkətə bağlı bank hesabı kimi tətbiq edilən digər karta ödənilmiş, lakin qəbul gəlmədiyinə görə, viza görüşü də baş verməmişdir. Yuxarıda qeyd olunan müqavilənin 3.4-cü maddəsinə əsasən həmin müqavilə üzrə Sifarişçi qəbul almadıqda, İcraçı ödənişi tam şəkildə geri qaytarır. Müqavilənin 5.9-cu maddəsinə əsasən İcraçı tərəfindən müəyyən olunan təhsil müəssisələrindən yay semestri üçün 01 aprel tarixinə, qış semestri üçün isə 01 oktyabr tarixinədək cavab məktubu göndərilməzsə, bu imtina kimi qiymətləndirilir. Müqavilənin bağlanıldığı vaxtdan bu günə qədər tərəfimdən seçilən 13 ali təhsil müəssisəsinin heç birindən qəbul almamış və həmin müəssisələrdən qəbulla bağlı imtina məktubu gəlmişdir. 13 fevral 2024-cü il tarixdə və Bakı şəhəri, 507-511 İsmayıl bəy Qutqaşınlı, Bakı ünvanda yerləşən ofislərində X6 və şirkətin digər nümayəndəsi ilə görüş keçirmişlər və bu görüşdə X6 2024-cü tədris ili və transfer pəncərəsi üzrə 144 tələbənin hamısının qəbul aldığı, yanlız onun qəbul almadığını bildirmişdir. Yuxarıda qeyd olunan maddə üzrə ödənişin geri qaytarılmasını tələb etdiyində, Şirkət nümayəndələri bu maddənin “müqaviləni tətbiq elədikləri 4 il çərçivəsində ilk dəfə problem yaratdığını” və ödənişdən 1500 (bir min beş yüz) manat hissəni qaytaracaqlarını bildirmişdir. Lakin Müqavilənin yuxarıda qeyd olunan bəndinə əsasən ödəniş tam şəkildə geri qaytarılmalıdır. Müqavilə öhdəliklərinin icrasını tələb etdiyində X6 48 saat sonra geri dönüş edəcəyini və bu müddət keçəndən sonra 1500 (bir min beş yüz) manat qaytaracaqlarını bildirmişdir. Müqavilənin 5.5-ci maddəsinə görə həmin müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülki-hüquqi məsuliyyət daşıyırlar. 10 mart 2025-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlamağına baxmayaraq müqavilə üzrə öhdəliklərin icrası təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavb olaraq bildirdi ki, cavabdeh tərəfin ona ünvanladığı siyahıdan seçim etmişdir. Şirkətin işçisi də ona riskin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Farid Budagov iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onlar Fuad müəllimə təqdim etdiyi siyahıda Fuad müəllim riskli olan universitetləri seçmiş, harda ki qəbul almamaq riski yüksəkdir. Onlar bunu Fuad müəllimə bildirdikdə, o, riskləri öz üzərinə götürdüyünü bildirmişdir. Bu halı onların işçiləri də sübut edə bilər, Fuad müəllimin hüquqşünası da. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Fuad müəllim universitetləri seçdikdən sonra onlar onu təsdiqləməlidir və əmin olmalıdır ki, o, həmin universitetlərindən birinə qəbul olunacaq. Lakin onlar ona bildirmişlər ki, risk çox böyükdür. Bütün bunlar müqavilə bağlanandan sonra baş vermişdir, çünki iddiaçı müqavilə bağlayanda, siyahıdan qəbul oluna biləcək universiteti seçəcəyini bildirmişdir.Sədrlik edənin sualına cavab olaraq bildirir ki, müqaviləd o bəndin olmasından xəbərdardırlar. Belə ki, əksərən bütün tələbələr üzrə qəbullar gəlir və mhkəmə mübahisələri olmur. Eyni zamanda 50 manat via rüsumu iddiaçı tərəfindən ödənilsə də, qəbul almadığından viza üçün müraciət olunmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - Cavabdeh MMC-nin direktoru X5 (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış 0505 nömrəli, 05 may 2024-cü il tarixli müqaviləyə əsasən İcraçı Sifarişçinin seçdiyi ali təhsil qurumuna qəbul olunması üzrə vasitəçilik xidmətləri göstərməyi, Sifarişçi isə bu müqavilədə razılaşdırılmış xidmət haqqını İcraçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin ümumi dəyəri 2400 (iki min dörd yüz) manat təşkil edir. Məbləğ müqavilə bağlandıqdan dərhal sonra birdəfəlik 2400 (iki min dörd yüz) manat ödəniləcəkdir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən tərəflərin razılığına əsasən bu müqavilə üzrə “sifarişçi” qəbul almadıqda icraçı ödənişi tam şəkildə geri qaytarır. - 06 may 2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Milliön aparatı vasitəsilə X1 (son 8 rəqəm: ********) 2400 manat pul köçürtmüşdür. - 20 iyul 2024-cü il tarixli ödəniş qəbzinə əsasən 523915******6632 saylı kart nömrəsindən 416973******3715 saylı kart nömrəsinə 50 manat pul köçürülmüşdür. - Cavabdeh MMC-nin İddiaçı mailto:ffataliyev13537@ada.edu.azElektron ünvan email adresinə ünvanladığı məktubuna əsasən onun üçün universitet siyahisi tərtib olunmuş, universitet siyahısında olan universitetlərin daha ətraflı araşdırılması, suallar yaranan zaman ona müraciət etməyi xahiş olunmuş, ona köməklik göstəriləcəyi bildirilmiş, universitetlərin seçilməsində minimum limitlərinin 7 universitet olmalı göstərilmiş, maksimum limitlərinin olmadığını, universitetləri daha ətrafli araşdırandan sonra seçilmiş universitetlərin qeyd edilməsi və təsdiqi barədə maila yazması xahiş olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında 0505 nömrəli, 05 may 2024-cü il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 2400 (iki min dörd yüz) manat Cavabdeh MMC-yə ödəniş etmişdir. Həmçinin “whatsapp” yazışmasında viza qeydiyyatı üçün ondan xərc kimi 50 (əlli) manat vəsait tələb edilmiş və həmin vəsaiti də iddiaçı bank kartına köçürtmüşdür. 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri, 507-511 İsmayıl bəy Qutqaşınlı, Bakı ünvanda yerləşən ofislərində X6 və şirkətin digər nümayəndələri iddiaçı ilə görüş keçirmişlər və bu görüşdə onun qəbul almadığı bildirilmişdir. 0505 nömrəli, 05 may 2024-cü il tarixli müqavilənin 3.4-cü bəndinə əsasən tərəflərin razılığına əsasən bu müqavilə üzrə “sifarişçi” qəbul almadıqda icraçı ödənişi tam şəkildə geri qaytarır. İddiaçı 2450 (iki min dörd yüz əlli) manat pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 45 manat ödənişin, ümumilikdə 2495 (iki min dörd yüz doxsan beş) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən məhkəməyə məbləğin geri qaytarılmasına dair hər hansı sübut əlavə edilmədiyindən, 2450 manat məbləğində pulun geri qaytarılmasına dair iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin ümumi dəyəri 2400 (iki min dörd yüz) manat təşkil edir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən tərəflərin razılığına əsasən bu müqavilə üzrə “sifarişçi” qəbul almadıqda icraçı ödənişi tam şəkildə geri qaytarır. 2400 manat məbləğində pulun ödənilməsi və iddiaçının heç bir ali təhsil müəssisəsindən qəbul almaması işin mübahisəsiz halıdır. Belə olan halda, müqavilə şərtlərinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 2400 (iki min dörd yüz) manat məbləğində pul ona geri qaytarılmalıdır. Eləcə də 50 (əlli) manat viza rüsumu kimi cavabdeh təşkilata ödənilmiş, lakin iddiaçı qəbul almadığından cavabdeh şirkət viza üçün müraciət etməmişdir. Ona görə də, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə icra ödənişi olaraq ödənilmiş 2400 (iki min dörd yüz) manat və viza rüsumu olaraq ödənilmiş 50 (əlli) manat olmaqla, cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul tutularaq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2450 (iki min dörd yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 45 (qırx beş manat) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2686/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2686/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver