Məhkəmə qərarları › İş №2(004)-2689/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2689/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2689/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1000 ABŞ dollarının və 37 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh özünü "Kontakt Home" əməkdaşı kimi təqdim edərək, 1000 ABŞ dolları ödədiyi təqdirdə "İphone 13 Pro Max" markalı mobil telefon gətirə biləcəyini bildirmiş və razılaşaraq 21.12.2021 -ci il tarixdə cavabdehə 1000 ABŞ dolları vermişdir. Lakin cavabdeh pulu qəbul etdikdən sonra müxtəlif bəhanələrlə telefonu gətirməkdən və pulunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh ona "Kontakt Home"dan telefon gətirəcəyinə inandırmaq üçün bu barədə qəbz də təqdim etmişdir. Lakin sonradan cavabdehin onu aldatdığını anladıqda, bu barədə Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət etmiş, araşdırma aparılmış və 01.03.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbu edilmişdir. Cavabdeh Polis Şöbəsində verdiyi izahatında ondan 1000 ABŞ dolları almasını etiraf etmişdir. Bu səbəbdən, borcun tutulması bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1 və 739-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Nizami RPl-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Taleh Cəfərovun 01.03.2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən, 19.02.2022-ci il tarixdə İddiaçı ərizə ilə Nizami RPl-nin 25-ci PŞ-nə müraciət edərək 21.12.2021 -ci il tarixdə əvvəllər tanıdığ Oruc adlı şəxsə ona “iPhone 13 PRO MAX" markalı mobil telefonu gətirməsi üçün 1000 ABŞ dollan pulu verdiyini, lakin sonuncunun ona mobil telefonu alıb gətizdirmədiyini və pulunu qaytarmadığını bildirmişdir. Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı təxminən 2-3 aydır ki, tanıyır. Elçinlə söhbət əsnasında sonuncu ona demişdir ki, “İphone 13 Pro Max” markalı mobil telefon tərzdə həll edə bilər, yəni 2300 manata həmin mobil telefonu ona təşkil edə bilər. Elçin ona demişdir ki, 1000 dollar (1700 manat) pulu vardır, qalan 600 manatı növbəti aylarda ödəyəcəkdir. O buna razılıq vermişdir. 21.12.2021-ci il tarixdə Nizami rayonu ərazisində Elçinlə görüşüb 1000 dollar pulu almış və söz vermişdir ki, 5 gün sonra telefonunu təhvil verəcəkdir. Lakin onun borcu olduğu üçün Elçinə verdiyi vədə əməl etməmişdir, həmin puldan borcunu ödəmiş və kompyuterdə özü saxta arayış tərtib edib Elçinə təhvil vermişdir ki, güya həmin pulu “Kontakt Home” mağazasına ödəmişdir və qısa müddətdə telefon çatacaqdır. Bundan sonra o çalışmışdır ki, Elçinin məsələsini həll etsin, lakin edə bilməmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh əməlində cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd olunmuş, İddiaçı müraciətində göstərdiyi digər xüsusatlar isə mülki xarakterli olduğundan həmin xüsusatlarla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət hüququ izah olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, araşdırılmış sübutlarla Cavabdeh İddiaçı telefon alınması üçün 1.000 ABŞ dolları alması, əvəzində telefon almaması və pulu qaytarmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, İddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1.000 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.000 (min) ABŞ dolları məbləğində pul (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) və 37 (otuz yeddi) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar