Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-269/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar Gadzhıev Bakhshalı, Gadzhıeva Reya və Gadzhıev Abilin cavabdeh "xxxx" MTK-ya qarşı "mənzilin təhvil verilməsi, mənzilə köçürülmə, istifadə qaydasının müəyyən edilməsi və mənzilə girib-çıxmalarına maneçilik törədilməsinin cavabdeh qadağan edilməsi tələbinə dair" mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar Gadzhıev Bakhshalı, Gadzhıeva Reya və Gadzhıev Abil cavabdeh "xxxx" MTK-ya qarşı "mənzilin təhvil verilməsi, mənzilə köçürülmə, istifadə qaydasının müəyyən edilməsi və mənzilə girib-çıxmalarına maneçilik törədilməsinin cavabdeh qadağan edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 10-cu mərtəbə, 47 saylı, 2 otaqlı, ümumi sahəsi 103 kv.m olan mənzilin cavabdeh tərəfindən təhvil verilməsi, həmin mənzilə istifadə hüquqları tanınaraq mənzilə köçürülmələri, həmin mənzildən istifadə etmələrinə, mənzilə girib-çıxmalarına maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdırlar ki, X5 ilə "xxxx" MTK arasında bağlanılmış 25.06.2015-ci il tarixli müqaviləyə əsasən, payçıya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 10-cu mərtəbə, 47 saylı, 2 otaqlı, ümumi sahəsi 103 kv.m olan mənzil təqdim olunur. Göstərilən mənzilin ümumi dəyəri 61.800 manat məbləğində (1 kv.metri 600 manat) müəyyən olunmuşdur. "xxxx" MTK tərəfindən verilmiş 25.06.2015-ci il tarixli maliyyə arayışına əsasən, mənzilin dəyəri 61.800 manat X5 tərəfindən ödənilmişdir. Qeyd olunan müqavilənin qanunvericiliklə nəzərdə tutulmuş qaydada bağlanmasına və mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq, MTK tərəfindən həmin mənzil X4 təhvil verilməmişdir. X5 06.01.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin 02.09.2021-ci il tarixli, 3332 nömrəli arayışına əsasən, onlar 06.01.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələridir. Məhkəmə baxış iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, X5 ilə "xxxx" MTK arasında bağlanılmış 25.06.2015-ci il tarixli müqaviləyə əsasən, payçıya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 10-cu mərtəbə, 47 saylı, 2 otaqlı, ümumi sahəsi 103 kv.m olan mənzil təqdim olunur. Göstərilən mənzilin ümumi dəyəri 61.800 manat məbləğində (1 kv.metri 600 manat) müəyyən olunmuşdur. "xxxx" MTK tərəfindən verilmiş 25.06.2015-ci il tarixli maliyyə arayışına əsasən, mənzilin dəyəri 61.800 manat X5 tərəfindən ödənilmişdir və MTK-ya borcu yoxdur. AZE-İİ seriyalı, 168090 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27.00.1981-ci ildə anadan olmuşdur. Atası qrafasında X5 qeyd edilmişdir. Tərcümə olunaraq notarial qaydada təsdiqlənmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06.01.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisinin 02.09.2021-ci il tarixli, 3332 nömrəli arayışından görünür ki, Gadzhıev Bakhshalı, Gadzhıeva Reya və Gadzhıev Abil 06.01.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələridir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 18.01.2022-ci il tarixli məktubdan görünür ki, Baş İdarənin İstintaq idarəsində "xxxx" MTK-nın vəzifəli şəxsləri barəsində istintaqı aparılmış 150096063, 172026249, ********* nömrəli cinayət işləri üzrə ibtidai istintaq müvafiq olaraq 30.12.2017, 08.05.2018 və 27.11.2018-ci il tarixlərdə yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işlərinin istintaqı zamanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 10-cu mərtəbə, 47 saylı, 2 otaqlı, ümumi sahəsi 103 kv.m olan mənzilə dair epizod üzrə hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 10-cu mərtəbə, 47 saylı, 2 otaqlı, ümumi sahəsi 103 kv.m olan mənzilin MTK tərəfindən iddiaçıların atası X1, mübahisəli mənzil üzrə müvafiq müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tamamilə ödənilmiş, MTK-ya heç bir borcu qalmamışdır. Hazırki iş üzrə iddiaçılar 06.01.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsələridir və notariat orqanına müraciət etməklə miras əmlakı qəbul etmişdirlər. Buna baxmayaraq, iddiaçılar bugünə kimi müvafiq mənzilə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir. Məhkəmə hesab edir ki, iddiaçılar haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, mənzilin təhvil verilməsini tələb edir. Belə ki, X2 ilə "xxxx" MTK arasında 25.06.2015-ci il tarixli müqavilə bağlanıldığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ. qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MTK-nın üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 10-cu mərtəbə, 47 saylı, 2 otaqlı, ümumi sahəsi 103 kv.m olan mənzilin iddiaçılar Gadzhıev Bakhshalı, Gadzhıeva Reya və Gadzhıev Abilə təhvil verilməsi öhdəliyi qoyulsun. İddiaçılar Gadzhıev Bakhshalı, Gadzhıeva Reya və Gadzhıev Abilin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 10-cu mərtəbə, 47 saylı, 2 otaqlı, ümumi sahəsi 103 kv.m olan mənzilə köçürülsünlər. İddiaçılar Gadzhıev Bakhshalı, Gadzhıeva Reya və Gadzhıev Abilin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 10-cu mərtəbə, 47 saylı, 2 otaqlı, ümumi sahəsi 103 kv.m olan mənzildən istifadə etmələrinə, mənzilə girib-çıxmalarına maneçilik törədilməsi cavabdeh "xxxx" MTK-ya qadağan edilsin Cavabdeh "xxxx" MTK-dan 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-269/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-269/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver