Məhkəmə qərarları › İş №2(004)-27/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-27/2024

10.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-27/2024 10.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə3, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X17 nümayəndəsi Nümayəndə4, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X17 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X17 Sosial Sığorta və Fərdi Uçat üzrə Mərkəzi Filialına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «cavabdeh «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC tərəfindən 113680 manat pul vəsaitinin onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına və ödənilməmiş məzuniyyət pulundan 25200 manat, əmək haqqından 4000 manat, cəmi 29200 manat pulun ona ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X17 Sosial Sığorta və Fərdi Uçat üzrə Mərkəzi Filialına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «cavabdeh «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC tərəfindən 113680 manat pul vəsaitinin onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına və ödənilməmiş məzuniyyət pulundan 25200 manat, əmək haqqından 4000 manat, cəmi 29200 manat pulun ona ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyev Lütfi Özbəy oğlu xx.xx.2008-ci il tarixində "Azərkörpü" (indiki “Avro- X7” Evrascon ASC) ASC -də idarə heyyətinin sədr müavini vəzifəsində işə qəbul olunmuş və xx.xx.2019-cu ildə tutduğu vəzifədən öz xahişi ilə azad olunmuşdur. xx.xx.2012-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası alır. "xxxx" ASC-də xx.xx.2012-ci ildən xx.xx.2019-cu ilədək işlədiyi müddət ərzində əmək haqqını tam almamış və aldığı əmək haqqının isə sosial sığorta haqları cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna bu günədək köçürülməmişdir. Belə ki, qeyd etdiklərini aşağıda göstərildiyi kimi izah edir: 1. 2012-ci ilin iyul - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 30000 manat (iki cədvəl üzrə 996x6 ay=5976 manat, 4004 manat x 6 ay=24024 manat= cəmi 6 ay ərzində 30000 man) Bankla verilən əmək haqqı - 0 manat. Nağd və bankla verilən əmək haqqının cəmi - 30000 man, hər ikisinin sosial sığortası - 7500 man (30000x0,25=7500). Sosial sığortada qeyd olunan əmək haqqı - 1200x6 ay=7200 man. Sosial sığortada qeyd olunan sığorta məbləği - 1800 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 1800 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 5700 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi ilə cəmi- 5700x9,4%(535,8)=6236 manat. 2. 2013-cü ilin yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 53028 manat (iki cədvəl üzrə 996x5 ay=4980 manat, 4004 manat x 12 ay=48048 manat) Bankla verilən əmək haqqı - 6972 manat (996x7ay=6972 man) Nağd və bankla verilən əmək haqqının cəmi - 60000 man. Hər ikisinin sosial sığortası - 15000 man (60000x0,25=15000). Sosial sığortada qeyd olunan əmək haqqı - 14400 (1200x12=14400) man. Sosial sığortada qeyd olunan sığorta məbləği - 3600 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 3390,23 man. Sosial sığortada qeyd olunan ödənilməli məbləğ ilə rəsmi ödənilmiş məbləğin fərqi -209,77 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 11609,77 manat. (15000-3390,23=11609,77) Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 11609+6236=17845x6,7%=1195,6+11609=12804 manat. 3. 2014-cü il yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 46604 manat (cədvəl üzrə 3883x12 ay=46604 manat). Bankla verilən əmək haqqı - 13396 manat (iki bank 996x8ay=7968 man, 1357,05x4 ay=5428,2). Nağd və bankla verilən əmək haqqının cəmi - 60000 man. Hər ikisinin sosial sığortası - 15000 man (60000x0,25=15000). Sosial sığortada qeyd olunan əmək haqqı - 21273,16 manat. Sosial sığortada qeyd olunan sığorta məbləği - 5318,29 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 5318,29 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi – 9682 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi- 9682+12804=22486,6x4,6%=1034,3+9682=10716 manat. 4. 2015-ci il yanvar – dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 40073 manat (cədvəl üzrə 3643x11 ay=40073 manat). Bankla verilən əmək haqqı - 14927 manat (1357x11ay=14927 man). Nağd və bankla verilən əmək haqqının cəmi - 55000 man. Hər ikisinin sosial sığortası - 13750 man (55000x0,25=13750). Sosial sığortada qeyd olunan əmək haqqı - 8920 (735x12=) man. Sosial sığortada qeyd olunan sığorta məbləği - 2230 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 2230 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 11520 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 11520+22439=33959x5%=1698+11520=13218 manat. 5. 2016-cı il yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 43716 manat (cədvəl üzrə 3643x12 ay=43716 manat). Bankla verilən əmək haqqı - 22206 manat (1357x12ay=16284,6 man+məzuniyyət pulu 5921,95=22206,95). Nağd və bankla verilən əmək haqqının cəmi - 65922,95 man. Hər ikisinin sosial sığortası - 16480,05 man (65922,95 x0,25=16480,05). Sosial sığortada qeyd olunan əmək haqqı - 2820 (235x12 ay.). Sosial sığortada qeyd olunan sığorta məbləği - 705 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 705 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 15776 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 15776+33959=49735x7%=3481+15776=19257 manat. 6. 2017-ci il yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı - 30000 manat (cədvəl üzrə 2500x12 ay). Bankla verilən əmək haqqı - 35901 manat (1357x6ay= 8142man+ 1378,75x3=4136,25 manat əmək haqqı + 5000x4 ay=20000 man əmək haqqı+məzuniyyət pulu 3621,61=35901). Nağd və bankla verilən əmək haqqının cəmi - 65901 man. Hər ikisinin sosial sığortası - 16475,25 man (65901 x0,25=16475,25). Sosial sığortada qeyd olunan əmək haqqı - 3876 (12 ay əmək haqqısı). Sosial sığortada qeyd olunan sığorta məbləği - 969 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 969man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 15506,25 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 15495+49735=65230x5,7%=3718+115495=19213 manat. 7. 2018-ci il yanvar - dekabr ayları üzrə: Nağd verilən əmək haqqı -0 manat. Bankla verilən əmək haqqı - 73218,0 manat. Nağd və bankla verilən əmək haqqının cəmi - 73218,0 man. Hər ikisinin sosial sığortası - 18304,47 man (73218,0 x0,25=18304,47). Sosial sığortada qeyd olunan əmək haqqı - 19204,65 (12 ay əmək haqqısı). Sosial sığortada qeyd olunan sığorta məbləği - 4801,16 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 4801,16 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 13503,31 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 13503+65230=78733x3%=2357+13503=15860 manat. 8. 2019-cu il yanvar - iyul ayları üzrə: Nağd verilən əmək haqqı -0 manat. Bankla verilən əmək haqqı - 48268,33 manat. Nağd və bankla verilən əmək haqqının cəmi - 48268,33 man. Hər ikisinin sosial sığortası - 12067,08 man (48268,33 x0,25=12067,08). Sosial sığortada qeyd olunan əmək haqqı - 36925,45 (6 ay əmək haqqısı və son haqq-hesab). Sosial sığortada qeyd olunan sığorta məbləği - 9231,36 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 9231,36 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 2836 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 2836+78733=81569x16,6%=13540,5+2836=16376,4 manat. Nəticə: 2012-2019-cu il tarixlərində: Nağd verilən əmək haqqı - 240421 manat. Bankla verilən əmək haqqı - 214888,33 manat. Nağd və bankla verilən əmək haqqının cəmi - 458310,28 man. Hər ikisinin sosial sığortası - 114576,85 man. Sosial sığortada qeyd olunan əmək haqqı - 114619,1 man. Sosial sığortada qeyd olunan sığorta məbləği - 28654,81 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ - 28654,81 man. Sosial sığortada qeyd olunan ödənilən məbləğ ilə ümumi ödənilməli məbləğin fərqi - 86132,26 man. Ödənilməmiş sığorta məbləğinin illik indeksləşmə faizi - 113680 manat. Bundan başqa onu da qeyd edirəm ki, 2011, 2012 və 2013-cü illərdə əmək məzuniyyət pulum verilməyib. Belə ki, 2011-2012-ci illərin məzuniyyət pulu 3460 manat, 2012-2013-cü illərin məzuniyyət pulu 5680 manat, 2013-2014-cü illərin məzuniyyət pulu isə 5680 manat, cəmi 14820 manat təşkil edir. Bundan başqa 2017-ci ilin əmək haqqımdan isə 4000 AZN verilməyib. Ona görə də Əmək qanunvericiliyinin tələbinə əsasən ödənilməmiş əmək haqqı və məzuniyyət pulumdan hər gecikən günə görə dəbbə pulu hesablanaraq mənə ödənilməlidir. Göründüyü kimi, cavabdeh mənim sığorta hesabım üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna 113680 manat vəsaiti köçürməmişdir. Bununla yanaşı o 2011-2014-cü illərin məzuniyyət pulundan mənə 14820 manat, 2017-ci ilin əmək haqqımdan isə 4000 manat pulu bu günədək ödəməmişdir. Bunun da nəticəsində iddiaçıya hesablanmış pensiya məbləği kəskin şəkildə azalmışdır. Əgər cavabdeh təşkilat qeyd olunan məbləği vaxtında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna köçürsəydi hazırda iddiaçı yüksək məbləğdə pensiya ala bilərdi. Qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, cavabdeh 113680 manat pul vəsaitini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna, məzuniyyət pulundan 14820 manat, əmək haqqımdan 4000 manat pulu, cəmi 18820 manat pul iddiaçıya ödənməlidir. Qeyd edirəm ki, iddia tələbimdə qeyd olununlara dair cavabdehə çoxsaylı şifahi və yazılı (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli) müracəitlər etmişdir. Lakin, bu günədək heç bir nəticəsi olmamışdır. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə (iddia həcminin artırılması) təqdim edərək bildirmişdir ki, iddiaçı əvvəlki ərizəsində yalnız 2011-2013-cü illərə dair məzuniyyət pulunu tələb etmişdi. Hazırda isə 2008-2010-cu illər və 2015-ci ilin məzuniyyət puldunu da cavabdehdən tələb edir. Belə ki, 2008-2010-cu illərin məzuniyyət pulu hər il üzrə 3460 manat olmaqla 10380 (3460 x 3 il= 10380) manat, 2015-ci ilin məzuniyyət pulu 5680 manat olmaqla (2011-2012-ci illərin məzuniyyət pulu 3460 manat, 2012-2013-cü illərin məzuniyyət pulu 5680 manat, 2013-2014-cü illərin məzuniyyət pulu isə 5680 manat, cəmi 14820 manat təşkil edir.) cəmi 14820+10380=25200 manat təşkil edir. Göstərilənləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin və “Sosial sığorta” haqqında Qanunun tələblərini nəzərə alaraq xahiş edir ki, cavabdeh “X2” Evrascon ASC tərəfindən 113680 manat pul vəsaitinin iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına və ödənilməmiş məzuniyyət pulundan 25200 manat, əmək haqqından 4000 manat, cəmi 29200 manat pulun iddiçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh AVRO-ASİYA İNŞAAT KORPORASİYASİ "xxxx" ASC ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Sadaladıqlarına əsasən iddia müddətininn tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, 2020-ci ilin aprel ayında ona 5000 manat pul verilmişdir. Qeyd olunan pulu V.Hacıyev iş otağında məxaric orderinə qol çəkdirərək vermişdir. 2020-ci ilin iyun ayında yaxın qohumları Covid-19 xəstəliyindən həyat yoldaşının (arvadımın) qardaşı qızı X4, sentyabr ayında qardaşı arvadı X13, dekabr ayında qızının kürəkəni X6 vəfat etdilər. Noyabr ayında isə 44 günlük Vətən Müharibəsində arvadının qardaşı nəvəsi X3 şəhid oldu. İddiaçı isə 2020-ci ilin noyabr ayında Covid-19 xəstəliyinə tutulmuş və uzun müalicələrdən sonra sağalmışdır. Bir müddət xəslətiklə əlaqədar ev şəraitində özünün və yaxım qohumları atası, oğlu və həyat yoldaşının müalicələri ilə məşğul olmuşdur. 2021-ci ilin yanvar-mart aylarında şirkətin iddiaçıya olan 9000 AZN əmək haqqı və 2011-2013-cü illər üzrə əmək məzuniyyətindən qalan borc pulu (təxminən 14820 AZN) barədə şirkətin sədr müavini V.Hacıyevə yenə zəng etmişdir. V.Hacıyev bu məsələnin yaxın günlərdə həll olunacağı barədə iddiçıya məlumat vermişdir. 2021-ci ilin iyun ayında V.Hacıyev iş otağında oğlu Kamala məxaric orderinə imza atdıraraq 5000 AZN pul vermişdir. Sonra iddiaçıya zəng vuraraq bildirmişdir ki, şirkətin sahibi Ə.İsmiyev daha ona əmək haqqından qalan 4000 AZN və 2011-2012-ci illər üzrə əmək məzuniyyət pulunu (1480 AZN) və Sosial Müdafiə Fondunda sənin fərdi hesabına köçürülməli olan vəsaiti verməyəcək. Bunu bildikdən sonra iddiaçı 2021-ci ilin avqust ayında şirkətin sədri Ə.İsmiyevə məktub yazmiş, irad və tələbini bildirmişdir. Bu günə kimi mənə cavab verilməmişdir. 2021-ci ilin oktyabr ayında qardaşım X1-19 xəstəliyindən vəfat etmişdir. 2022-ci ilin mart və aprel aylarında yenidən şirkətin idarə heyətinin sədri Həmzat Əfəndiyevə ərizə ilə müraciət etmiş, lakin ona heç bir cavab verilməmişdir. Ərizədə şirkətin iddiaçıya olan əmək haqqı borcu, əmək məzuniyyət pulu, Sosial Müdafiə Fondunda olan fərdi hesabıma köçürülməli olan sığorta kapitalı barədə tələbini bildirmişdir. 2022-ci ilin sentyabr ayında atası X10 vəfat etmişdir. "xxxx" ASC-nə 2022-ci ildə ərzində etdiyi müracitlərə cavab vermədiyini və əmək haqqından iddiçıya olan 5000 manat sonuncu ödənişin olmasını nəzərə alaraq 2022-ci ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. Lakin "xxxx" ASC məhkəməyə tələb olunan sənədləri təqdim etməmiş, nəticədə məhkəmənin qərardadı ilə 2023-cü ilin oktyabr ayında tələb etdiyim məsələlərlə əlaqədar Audit yoxlaması təyin olunmuşdur. "xxxx" ASC-in rəhbərliyi 2008-2014-cü illər üzrə heç bir sənəd Auditə təqdim etməmişdir. Lakin 2008-2019-cu illər üzrə iddiçının məzuniyyətə çıxmağı və pul kompensasiyası almağı barədə saxta əmrlər təqdim edilmişdir. Əmrlərə aid ərizəsi təqdim olunmayıb (2014-cü ilin yanvar ayında sənədlərdə iddiçıya 4263 manat kompensasiya verildiyi göstərilmişdir, lakin bank kartının hesabına ödənilməmişdir). Şirkət tərəfindən Auiditə tələb etdiyi sənədlər vaxtında təqdim edilmədiyindən Audit yoxlamasının rəyi xx.xx.2024-cü il tarixə qədər uzanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, yaxın qohumlarının rəhmətə getməsini və bu səbəbdən vaxtında müraciət edə bilməməyini üzürlü hesab edərək ötürülmüş müddətin bərpa olunmasını xahiş edir. Bundan başqa bildirdi ki, onun 2013-cü ildən əmək haqqı 5000 manat olub. Buna qədər 2500 manat və daha sonra 3000 manat əmək haqqı almışdır. 2013-cü ilin may ayından karta köçürülmə ilə alməşdır. 2014-cü ilin yanvar ayında göstərilib ki, 4050 manat konpensasiya hesablanıb ondan 3800 manat nağd verilməlidir. Lakin bankdan kartına pul köçürülməyib. Bundan başqa həmin şirkətdə 2015-ci ildə 5000 manat əmək haqqı almışdır. Faktiki banka köçürülən pulla Dövlət Sosial Müdafiə Fonduna köçürülən pul arasında kifayət qədər fərq vardır. 1357 manat banka köçürülmə Dövlət Sosial Müdafiə Fonduna 357 manat köçürülmə qeyd olunmuşdur. Əvvəl başlayanda, yəni 2013-cü ilin may ayından əmək haqqını cədvəl ilə alırdılar. Əmək haqqının bir hissəsi 1357 manat karta köçürülürdü, yerdə qalan hissəsi 3600 manatı isə idarə heyətinin sədrinin otağında sənədə imza atmaqla alırdı. İldə 2 dəfə Dağıstan Respublikasına ezamiyyətə getmişdir. Yol pulu, yemək və mehmanxana xərclərini şirkət özü ödəmişdir. Daha sonra 2020-ci ilin may ayından Dövlətin pandemiya dövründə işə çıxmamaqla bağlı qərarı çıxıb, daha sonra qardaşı rəhmətə gedib, sonra atası rəhmətə gedib, sonra qardaşı arvadı rəhmətə gedib, sonra qaynı arvadı rəhmətə gedib, sonra qaynı qızı rəhmətə gedib. Buna dair sübutları da iş materiallarına əlavə etmişdir. Bu səbəbdən iddia müddətinin üzürlü səbəbdən ötürülmüş hesab edilərək müddətin bərpa edilməsini xahiş etdi. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, iddia ərizəsində iddianı tam əsaslandırmışlar. 2012-ci ildən 2019-cu ilə qədər hər ay üzrə müəyyən olunmuş ödənilmiş əmək haqqların iki formada ödənilməsini qeyd etmişlər. Bu ödənişlərin həm bank həm də nağd şəkildə ödənilməsi qeyd olunmuşdur. Bundan başqa bank tərəfindən ödənilən məbləğlərin cədvəlinidə məhkəməyə təqdim etmişlər. Burdan da görünür ki, bank ödənişləri ilə Dövlət Sosial Müdafiə Fonduna olan ödənişlər kəskin şəkildə fərqlənir. Bank ödənişlərindən də görünür ki, burada əmək münasibətləri ilə bağlı çox böyük pozuntular olmuşdur. Bundan başqa keçən məhkəmə hazırlıq iclasında üzrlü səbəbdən iştirak edə bilməmişdir. Məhkəmə tərəfindən vəsatət təmin olunmasa da, bildirmişdir ki, MPM-nin tələbinə əsasən onlar sənədlərini və vəsatətlərini məhkəmə iclası başlayana kimi sistemə yükləmişlər. Həmin vəsatətlə onlar bir daha sübut etmişlər ki, belə bir hallar var. İddia müddətinin üzrlü olması barədə kifayət qədər hallar mövcudur. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Əlavə olaraq bildirdi ki, iddiaçı məhkəmə iclasları zamanı bir birinə zidd ifadələr verərək iddiasını əsaslandırmağa çalışmışdır. İddia ərizəsində məbləğləri şişirdərək gah hüquqlarının pozulduğunu məhkəməyə göstərməyə çalışmışdır. Hesab edir ki, iddia tələbində göstərilən hallar əsasızdır. Bundan başqa iddiaçı həmin şirkətdə fəhlə deyil, rəhbər vəzifədə çalışmış, bir sahənin kurasiynın idarə olunması ona tapşırılmışdır. Bundan başqa iddiaçı 2021-ci ilin avqust ayında şirkətin rəhbərinə məktubla müraciət etmiş və məktubda 28 il rəhbər vəzifədə işlədiyini qeyd etmişdir. Rəhbər vəzifədə işləmiş və dövlət qulluğundan pensiya çıxmış şəxs 2021-ci ildə hüquqlarının pozulduğunu qeyd edir. Audit rəyində 38000-44000 manat gecikmə saat hesablanmalqa Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi ilə bağlı bildirdi ki, həmin rəy əsasızdır. Qeyd olunanları nəzərə alaraq iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X17 nümayəndəsi Nümayəndə4 izahatında bildirdi ki, audit rəyindən də görünür ki, Dövlət Sosial Müdafiə Fonduna ödənişlər olunmayıb. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X17 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X14 izahatında bildirdi ki, sığorta edilən tərəfindən hər il illik hesabat təqdim olunur. Bu məlumatların düzgün verilməməsinə görə məsuliyyəti məlumatı verən şəxs daşıyır. İddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Sosial arayışdan görünür ki, AVRO-ASİYA İNŞAAT KORPORASİYASİ "xxxx" ASC tərəfindən İddiaçı fərdi şəxsi hesabına 2019-cu il tarixdə 9231,36 manat, 2018-ci il tarixdə 4801,16 manat pul köçürülmüşdür. AR Beynəlxalq Bankı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 2013-cü ilin iyun ayından 2014-cü ilin sentyabr ayına kimi iddiaçının hesabına köçürülən əmək haqqı aylıq 996 manat, 2014-cü ilin oktyabr ayından 2017-ci ilin avqust ayına kimi 1357,05 manat, 2017-ci ilin sentybr ayından həmin ilin noyabr ayına kimi 1378,75 manat, 2017-ci ilin dekabr ayından 2019-cu ilin iyun ayınadək 5000,05 manat təşkil etmişdir. Həmçinin qeyd olunan çıxarışdan görünür ki, iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə son haqqhesab olaraq 23267,3 manat pul köçürülmüşdür. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədinə əsasən İddiaçı məzuniyyət (son haqq-hesab, kompensasiya) haqq hesab vərəqələrinin fotosurətləri; Exceldə təqdim edilmiş cədvəllərin doldurulması (aylar üzrə: qazanılan əmək haqqı, mükafat, məzuniyyət haqqı, xəstəlik vərəqəsi vəs. üzrə iş günü və hesablanmış qazanc; hesablanmış sosial sığorta məbləği və həmin tədiyyənin DSMF-na ödənilən tarixi və məbləği: ələ çatası hissənin ödənildiyi bankın adı, tarixi və məbləği) və həmin məlumatların sübutlarla birlikdə auditor “X22" MMC-yə təqdim edilməsi vəzifəsi "xxxx" ASC-yə həvalə edilməlidir. X22 MMC tərəfindən verilmiş audit rəyində qeyd edilmişdir ki, İddiaçı ödənilməli olan məbləğ 146410,84 manat, DSMF-yə ödənilməli məbləğ 44587,90 manat, cəmi 190998,73 manat təşkil edir. Mühasibatlıq ekspertizasının aparılması üçün auditorun xidmət haqqı məbləği 6000 manatdır. Covid sertifikatından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Covid-19 xəstəliyi keçirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 43-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması. 110.1-ci maddəsinə əsasən İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 113.1-ci maddəsinə əsasən əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 135.2-ci maddəsinə əsasən İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3-cü maddəsinə əsasən, bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı- hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı- işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərmişdir ki, “Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin– proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən:- birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir;... İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.” Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2019-cu ilədək "Azərkörpü" (indiki “Avro- X7” Evrascon ASC) ASC -də işləmişdir, bununla yanaşı xx.xx.2012-ci ildən dövlət qulluqçusu kimi əmək pensiyası almaqdadır. 2019-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur. Hazırda iddianın predmetini ödənilməmiş məzuniyyət pulunun cavabdehdən alınması, həmçinin ödənilməmiş məzuniyyət pulundan, eləcə də, əmək haqqından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına kçürülməsi tələbləri təşkil edir. İddianın birinci predmetinin faktiki əsası kimi iddiaçı 2012-2019-cu illər arasında onun əmək haqqının 5000 manat olmasını, sosial sığorta haqqının həmin məbləğdən hesablanmalı olmasını, 2017-ci ilin əmək haqqından isə 4000 AZN ödənilmədiyini göstərmişdir. Lakin, təqdim olunmuş və məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh təşkilatda işlədiyi həmin dövr ərzində 2014cü ilin sentyabr ayına kimi iddiaçının hesabına köçürülən əmək haqqı aylıq 996 manat, 2014-cü ilin oktyabr ayından 2017-ci ilin avqust ayına kimi 1357,05 manat, 2017-ci ilin sentybr ayından həmin ilin noyabr ayına kimi 1378, 75 manat, 2017-ci ilin dekabr ayından 2019-cu ilin iyun ayınadək 5000,05 manat əmək haqqı almışdır. İş materialları ilə iddiaçının qeyd etdiyi dövrdə iddia ərizəsində göstərdiyi əməm haqqını (5000) manat alması müəyyən edilmir. Hazırda isə iddiaçı mötəbərliyini sübut edə bilmədiyi əsasla cavabdehdən əlavə sosial sığorta haqqının tutulub müvafiq quruma ödənilməsini tələb edir ki, bu da qəbul oluna bilməz. Belə ki, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir, əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Odur ki, hazırki iddia tələbi ilə bağlı müəyyən olunmalı hal iddiaçının əmək haqqının məbləğidir. İş materiallarından göründüyü kimi iddiaçının daha yüksək məbləğdə məcburi dövlət sosial sığorta haqqı kimi pul əvəzinin hesablanmasını tələb etmək hüququ yaranmamışdir və iddiaçının bununla bağlı dəlilləri əsassızıdır. Məhkəmə həm yuxarda qeyd olunan iddia tələblərinin öz təsqdiqini tapmaması, həm də iddiaçının əmək qanunvericiliyinin tələbinə əsasən ödənilməmiş məzuniyyət pulundan 25200 manat pulun ona ödənilməsi barədə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən bununla bağlı məhkəməyə ərizə təqdim edildiyindən iddia rədd edilməlidir. Beləliklə məhkəmə qeyd olunan halları və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu əsasla da rədd edilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq müddətin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, iddiaçı müddətin üzrlü səbəbdən ötürülməsinə dair heç bir əsas gətirə bilməmişdir. Məhkəməyə verdiyi vəsatətində qohumlarının 2020-ci ildə vəfat etməsini və Covid xəstəliyi ilə əlaqədar iddia müddətini ötürdüyünü bildirsə də, məhkəmə həmin halı üzürlü hesab etmir. Belə ki, iddiaçı xx.xx.2019-cu ildə işdən azad olunmuş və COVİD xəstəliyinə 2020-ci ilin noyabr ayında (1 il 5 ay sonra) tutulmuş, qohumlarının vəfat etməsi də 2020-ci ilin iyun ayından sonrakı taxirə təsadüf etmiş, həmçinin həmin hallar məhkəmə tərəfindən iddia müddətinin ötürülməsinin üzürlü səbəbi hesab edilə bilməz. Bundan başqa da ötən dövr ərzində hüququnun pozulduğunu (iddiasına əsasən) bilməsindən xeyli müddət ərzində iddiaçı məhkəməyə müraciət etməmiş, bununla bağlı vəsatətində heç bir sübuta əsaslanmayan səbəblər göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsininin d) bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 288-ci maddəsininin d) bəndinə əsasən, bu Məcəllə ilə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 296-cı maddəsininin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra– Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərinisübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, qanunvericiliklə nəzərdə tutulmuş bir illik iddia müddəti buraxıldığından və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyinə görə, hazırki iddia ərizəsi əsassız və qanunsuz olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X17 Sosial Sığorta və Fərdi Uçat üzrə Mərkəzi Filialına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı «cavabdeh «Avro-Asiya» İnşaat Korporasiyası "xxxx" ASC tərəfindən 113680 manat pul vəsaitinin onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda olan fərdi sığorta kapitalı hesabına və ödənilməmiş məzuniyyət pulundan 25200 manat, əmək haqqından 4000 manat, cəmi 29200 manat pulun ona ödənilməsi» tələbinə dair iddia rədd edilsin. İş üzrə məhkəmə məsrəfi olan 6000 (altı min) manat ekspertiza xərci İddiaçı tutularaq “X22” MMC-nin (VÖEN **********, Hesab AZ03AİİB********************, Bank: "xxxx" ASC Gənclik filialı, KOD 200189, VÖEN **********, Müxbir hesab AZ 37 NABZ******************** SWİFT AİİBAZ2X) hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar