Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2703/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kirayə haqqı” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: kirayə haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kirayə haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən sahəsi 148,1 m2 olan 107 saylı 4 otaqlı mənzilində son 5 il ərzində yaşayaraq istifadə etdikləri üçün müştərək qaydada kirayə haqqı olaraq hər ay üçün 1500 manat olmaqla, ümumilikdə 90000 manat və iddia ərizəsi verilməsi üçün 360 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən sahəsi 148,1 kv.m. olan 107 saylı 4 otaqlı mənzil xx.xx.2018-ci il tarixdən onun mülkiyyətindədir. Həmin mənzil 2008-ci ildən qızı Fidan Əsgərovanın mülkiyyətində olmuşdur. Qızına aldığı ev əşyaları da hazırda həmin mənzildədir. Cavabdehlər qızı Fidanın keçmiş həyat yoldaşı Ruslan və onun valideynləridir. Ruslanın valideynləri əvvəllər Moskva şəhərində yaşamışlar. Bakıya gəldikdən sonra qızına məxsus, sonradan isə ona məxsus həmin mənzildə yaşayırlar. Mülkiyyətində olan mənzildə cavabdehlər yaşadığından özü istifadə edə bilmir. Dəfələrlə mənzilindən çıxmalarını tələb etsə də, onlar mənzildən çıxmaqda imtina edirlər. Ona görə də qanunu əsaslarla onları mənzildən məcburi qaydada çıxarılması üçün Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməli oldu. Məhkəmənin 2(004)-734/2024-cü il tarixli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia ərizəsi təmin edilərək cavabdehlərin mənzildən məcburi qaydada çıxarılmalar qət edilmişdir. Lakin cavabdehlər hüquqdan sui-istifadə edərək mənzildə əsassız yaşamağa davam etmələri üçü həmin qətnamədən apellyasiya şikayəti vermişlər. İş apellyasiya məhkəməsinin icraatında olduğu müddətdə (sədrlik edən hakim İkram Şirinov) cavabdehlər mənzilin ona və qızı Fidana bağışlanmasına dair müqavilələrin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etsələr də, məhkəmənin 2(004)- 2444/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia əsassız olduğundan rədd edildi. Cavabdehlər mənzildə qanunsuz yaşamaqda davam etmələri üçün həmi qətnamədən də apellyasiya şikayəti verdilər. Bu müddət ərzində Bakı Apellyasiya Məhkəməsində onların mənzildən məcburi çıxarılmalarına dair Nəsimi Rayon Məhkəməsinin 2(004)-734/2024-cü il tarixli xx.xx.2024-cü il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzə icraat dayandırılıb. Cavabdehlərin Yasamal Rayon Məhkəməsinin 2(004)-2444/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti də təmin edilməmiş, lakin onlar bununla da razılaşmayaraq hüquqdan suiistifadəni davam etdirməklə mənzilindən qanunsuz istifadəni davam etdirmələri üçün Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər. Hazırda iş Ali Məhkəmənin icraatındadır. Mənzili 4 otaqlı, tam təmirli və yaşayış üçün hər bir şəraiti olan mənzildir və yerləşdiyi ərazidə aylıq kirayə haqqı orta hesabla 1500 manat təşkil edir. Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Cavabdehlərlə aralarında rəsmi olaraq mənzil kirayə müqaviləsi bağlanmasa da kirayə haqqı tələb etdiyi müddətdən də uzun müddət əvvəl mənzilindən istifadə edirlə. Ona görə də hesab edir ki, tələbi əsaslıdır. Mənzilin bir aylıq kirayə haqqı orta hesabla 1500 manat təşkil etdiyindən bir il ərzində ödənilməli məbləğ 18000 manat (1500 X 12 ay = 18000) edir. Mənzil xx.xx.1918-ci ildən mülkiyyətində olsa da, qanunun mənasına görə son beş il üçün kirayə haqqı tələb etmək hüququ olduğundan 2020-ci ilin fevral ayından hesablanmaqla cavabdehlər mənzilində yaşadıqları 60 ay müddətində 90000 manat məbləğində kirayə haqqı ödəməlidirlər.
3. Daha sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri ilə bağlı cavabdehlər bildirirlər ki, iddiaçının iddia tələbi tam əsassızdır. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11, 107 saylı mənzili necə əldə etməsi barədə iddia ərizəsində heç nə göstərmir. Belə ki, həmin mənzil ilkin olaraq cavabdehlərin qohumu olan X4 adına 2002-ci il tarixdə alınmışdır. Bundan sonra 011845 nömrəli xx.xx.2006-cı il tarixli orderə və digər sənədlərə əsasən həmin mənzil xx.xx.2008-ci il tarixdə ilkin olaraq Cavabdeh3 adına qeydiyyata alınmış və mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Cavabdeh3 iddiaçının qızı Fidanlı ailə qurmuşdur. xx.xx.2008-ci ildə iddiaçının təkidi və təhdidi ilə Cavabdeh3 mənzili arvaı X2 bağışlamışdır. Bundan 10 il keçəndən sonra xx.xx.2018-ci il tarixdə iddiaçı yenə də təhdid yolu ilə mənzilin qızının adından öz adına bağışlama olu ilə keçirilməsinə nail olmuşdur. Yəni iddiaçı həmin mənzilə necə sahib olmasını məhkəməyə təhrif olunmuş formada təqdim edir. İddiaçı 2018-ci ildə mənzili öz adına keçirəndən sonra Cavabdeh3 arvadı və uşaqları əvvəllər olduğu kimi birlikdə 2022ci ilin 12 yanvarına kimi həmin məznzildə yaşamışlar. İddiaçı onların həmin mənzildən çıxmaları barədə hər hansı bir tələb irəli sürməmişdir. xx.xx.2022-ci il tarixdə X5 ilə Cavabdeh3 arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Nikahın pozulmasına səbəb isə həmin mənzilin satılması ilə bağlı iddiaçının tələbi olmuşdur. Yəni mənzilin satışına icazə verilmədiyi üçün iddiaçı qızının ailəsini dağıtmışdır Həmin tarixdən bu günə kimi həmin mənzil boşdur və cavabdehlər həmin mənzildə yaşamırlar. Mənzilin qapısı bağlıdır. Keçən müddət ərzində, yəni məhkəmədə iddia qaldırılana qədər cavabdehlərdən hər hansı bir kirayə haqqı ilə bağlı tələb olmamışdır. Cavabdehlər yaşamadıqları mənzilə görə necə kirayə haqqı ödəyə bilər. Kirayə haqqı ödənilməsi üçün tərəflər arasında mənzil kirayə müqaviləsi olmalıdır. Belə bir müqavilə isə yoxdur və ola da bilməz, çünki həmin mənzil cavabdeh tərəfindən iddiaçının qızına bağışlanıb.
İİ.Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək etirazda göstərilən halları təsdiq etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. “Nəsimi-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 184 nömrəli arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, ev 11, 107 saylı mənzili Cavabdeh1 və Cavabdeh2 Bəhrəm qızı tərəfindən 2003-cü ildə təmir edilib və həmin tarixdən mmənzildə yaşayırlar.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı Hətənxan qızının xüsusi mülkiyyətindədir.
10. “Nəsimi-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan küçəsi, ev 11, 107 saylı mənzilin binanın saxlanılması və istismarı üçün nəzərdə tutulan kommunal xidmət haqqı Cavabdeh1 tərəfindən ödənilir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-734/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılması qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh3 və qeyrilərinin cavabdeh İddiaçı qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair 2(004)-2444/2024 nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh2 cavabdehlər İddiaçı və X2 qarşı “bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6235/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2444/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. “Prant” Daşınmaz Əmlak üzrə X1 xx.xx.2025-ci il tarixli, 491 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən yeni tikiilərdə istismara tam yararlı, əşyalı, 4-otaqlı/150 kv.m./mənzillər 1400-1600 manat, ev kimi istifadə olunan təmirli, əşyalı, istismara tam yararlı/ 150 kv.m. mansarlar isə 1000- 1200 manata kirayə təklif olunur.
16. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 147 nömrəli arayışına əsasən müəyyən olunur ki, Nəsirova X3 rayonu, Tbilisi prospekti, bina 49B 121-ci mənzildə xx.xx.2020-ci ildən kirayəçi qismində qeydiyyatsız yaşayır.
17. “Nəsimi-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2025-ci il tarixli, 39 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 2000-ci ilin əvvəllərində ünvan 2 ünvanında ünvan 3v yaşayış binası tikilmişdir. 20 iyun 2002-ci il tarixində vətəndaş Cavabdeh2 MTK-ya yaxınlaşaraq binadan 4 otaqlı ümumi sahəsi 156 kv.m. olan mənzil almaq istədiyini bildirmişdir, ancaq Rusiya vətəndaşı olduğu üçün həmin mənzili qohumu X4 adına sənədləşdirəcəyini qeyd etmişdir. Bunlara əsasən 20 iyun 2002-ci il tarixində X8 ilə MTK arasında Cavadxan küçəsi, ev 11,6-cı giriş, 10-cu mərtəbədə olan 107-ci mənzil üzrə 20 saylı Kooperativ Binada Mənzil Tikintisi üçün müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri hissə-hissələrə böllünməklə tikinti dövründə ödənilməlidir və ödənişlər daimi olaraq vətəndaş Cavabdeh2 tərəfindən aparılmışdır. Həmçinin bildirir ki, X6 həmin mənzilin dam örtüyünü mansart sahəsinə çevirərək təmir etmiş və 2003-cü ildən etibarən yaşayır.
18. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
19. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.
21. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
22. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
23. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
24. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
25. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
26. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
27. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
28. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
31. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
33. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
34. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
35. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
36. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
37. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
38. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, cavabdehlər iddiaçının qızının keçmiş həyat yoldaşı və onun anası və atasıdır. Hazırda ünvan 4 ünvanında yerləşən 4 otaqlı mənzil İddiaçı adınadır. Həmin mənzil İddiaçı qızı tərəfindən ona edilmiş bağışlama müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdə mülkiyyətə keçmişdir. İddiaçının qızı Fidan Əsgərova ilə hazırki cavabdehlərdən olan Cavabdeh3 arasında bağlanmış nikaha Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında xitam verilmişdir. İddiaçı həmçinin cavabdehlərə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı əhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnamə ilə iddiası təmin edilmiş, hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olmaqla, iş üzrə yekun məhkəmə aktı qəbul olunmamışdır. Hazırda iddiaçı tərəflər arasında kirayə münasibətlərinin olduğuna istinad edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən sahəsi 148,1 m2 olan 107 saylı 4 otaqlı mənzilində son 5 il ərzində yaşayaraq istifadə etdikləri üçün müştərək qaydada kirayə haqqı olaraq hər ay üçün 1500 manat olmaqla, ümumilikdə 90000 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir.
39. İddiaçının iddia tələbi ilə bağlı məhkəmə ilk növbədə qeyd edir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.Qanunvericinin tələblərinə əsasən istənilən müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, icarə müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
40. Hazırkı iddia üzrə iddiaçı tərəflər arasında kirayə hüquq münasibətlərinin mövcud olduğuna istinad etsə də, cavabdehlər iddiaçı ilə heç vaxt kirayə hüquq münasibətinə daxil olmadıqlarını, ümumiyyətlə həmin mənzillə bağlı iddiaçının mülkiyyət hüquqlarını qəbul etmədiyini, hətta iddiaçının mülkiyyət hüququnu əldə etməyə əsas olmuş bağışlama müqaviləsinin onlar tərəfindən mübahisələndirildiyini bildirərək, cavabdehlərin əvvəllər ailə münasibətlərindən irəli gələrək həmin evdə yaşadıqlarını, hazırda isə həmin mənzildə cavabdehlərin yaşamadıqlarını bildirmişdir.
41. Məhkəmə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən sahəsi 148,1 m2 olan 107 saylı 4 otaqlı mənzillə bağlı cavabdehlər arasında kirayə münasibətinin yaranması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim olunan sübutlara əsasən də tərəflər arasında kirayə hüquq münasibətinin yaranması müəyyən olunmur.
42. Bundan başqa, iş materiallarında görünür ki, iddiaçının qızı Fidan Əsgərova və Cavabdeh3 xx.xx.2022-ci il tarixədək nikahda olmuş və həmin ünvanda yaşamışlar. İddiaçı hazırda cavabdehlərin həmin ünvanda yaşadığına istinad etsə də, bununla bağlı da kifayət qədər sübutlar təqdim edə bilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi və vəkilinin sorğusuna əsasən həmin binanın yerləşədiyi MTK tərəfindən verimiş xx.xx.2024-cü il tarixli arayışa əsasən cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 Bəhrəm qızı 2003-cü ildən həmin mənzildə yaşayır. Həmin MTK tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin sorğusuna əsasən verilmiş digər xx.xx.2025-ci il tarixli arayışda isə Cavabdeh2 həmin mənzilin dam örtüyünü mansart sahəsinə çevirərək təmir etmiş və 2003-cü ildən etibarən həmin ünvanda yaşayır.
43. Göründüyü kimi iddiaçı tərəfindən təqdim olunmuş sübutların özü belə cavabdehlərin hazırda həmin ünvanda yaşamasını birbaşa təsdiq etmir, belə ki, arayışların birində Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən 107 saylı mənzilin dam örtüyünü mansart sahəsinə çevirərək yaşaması qeyd olunsa da, digər arayışda cavabdehlərdən Kifayət Əsgərov və Cavabdeh1 həmin mənzildə 2003-cü ildən yaşadığı, digər Cavabdeh3 barəsində isə ümumiyyətlə heç bir məlumat qeyd edilməmişdir.
44. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
47. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
48. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
49. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
50. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X7 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
51. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V Nəticə:
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil