Məhkəmə qərarları › İş №2(004)-2719/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2719/2022

22.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2719/2022 22.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “mənzilə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “mənzilə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 21.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək X2, X3 və X1 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 56, 27 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı qeydiyyatdan çıxarılma tələbinə dair iddianı Yasamal rayon Polis İdarəsinə qarşı qaldırmışdır. İddia ərizəsinə əlavə edilmiş 20.04.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, iddiaçının polis idarəsinə qarşı iddia tələbinə inzibati məhkəmədə baxıla bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında qaydasında baxılmalı deyilsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya hansı məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Polis İdarəsinə qarşı iddia tələbinə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət etməsi izah olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinə qarşı “mənzilə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar