Məhkəmə qərarları › İş №2(004)-2736/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-2736/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2736/2023 03.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliyi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “müqavilə öhdəliyi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyul 2016-cı il tarixli və 06 fevral 2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəliyin icra olunması və cavabdeh "xxxx" MMC-dən ona olan 3750 manat məbləğində pul borcunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı 25 iyul 2016-clı il tarixdə "xxxx" MMC-nin direktoru X3 ilə müqavilə bağlamışdır. Müqavilənin predmeti: "xxxx" MMC ünvan 1 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli 92 mənzilli yaşayış binasının sökülməsi və bu sahədə yeni yaşayış sahəsinin tikintisini həyata keçirərək, bu barədə mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə 30 kv.m təmirli mənzilin mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. O, 06 fevral 2020-ci il tarixdə "xxxx" MMC-nin direktoru X3 ilə müqavilə bağlamışdır. Müqavilənin predmeti: "xxxx" MMC ünvan 2 ünvanında yerləşən binanın 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan 171 nömrəli izolə olanmuş 1 otaqdan ibarət mənzil təmirli olaraq pay kimi ona verilməsinə öhdəlik götürür. Cavabdeh iddiaçını binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün aylıq 250 manat kirayə haqqı ödəməyi öhdəlik götürmüşdür. Bildirir ki, cavabdeh sözügedən müqavilə şərtlərini pozmuşdur. Belə ki, 2021-ci ilin aprel, iyun və avqust aylarına dair cəmi 750 manat, 2022-ci ilin mart, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarına dair cəmi 1750 manat, 2023-cü ilin yanvar, fevral, mart, aprel və may aylarına dair cəmi 1250 manat olmaqla, ümumilikdə 3750 manat məbləğində borcu ödəməkdən yayınırlar. İddiaçı da məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliyi üzrə pul tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətinə əsasən "xxxx" MMC ünvan 1 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 5 mərtəbəli 92 mənzilli yaşayış binasının sökülməsi və bu sahədə yeni yaşayış sahəsinin tikintisini həyata keçirərək, bu barədə mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə 30 kv.m təmirli mənzilin mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, mülkiyyətçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşamaq məqsədilə 1 otaqlı mənzil üçün aylıq 250 manat kirayə haqqını tələb etmək hüququ vardır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək "xxxx" MMC-nin vəzifəsidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin surətinə əsasən icraçı "xxxx" MMC ünvan 2 ünvanında yerləşən binanın 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan 171 nömrəli izolə olanmuş 1 otaqdan ibarət mənzil təmirli olaraq pay kimi payçı İddiaçı verir. İş materiallarında olan xx.xx.2021-xx.xx.2022-ci il tarixli, xx.xx.2022-xx.xx.2022-ci il tarixli, xx-xx.2023-xx.xx.2023-cü il tarixli hesabdan çıxarışlardan görünür ki, İddiaçı məxsus hesaba 2021-ci il üzrə aprel, iyun və avqust aylarında, 2022-ci il üzrə mart, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, 2023-cü ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə ödənişlər həyata keçirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı sökülən mənzilin əvəzinə ünvan 2 ünvanında yerləşən binanın 3-cü blok, 3-cü mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan 171 nömrəli izolə olanmuş 1 otaqdan ibarət mənzil təmirli olaraq verilməsi və mənzil təhvil verilənədək hər ay 250 manat olmaqla kirayə haqqı ödənilməsi barədə 25 iyul 2016-cı il tarixli və 06 fevarl 2020-ci il tarixli müqavilələr bağlayaraq üzərinə buna dair öhdəlik götürsə də öz öhdəliklərini icra etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən yeni mənzilin tikintisi başa çatanadək iddiaçının müvəqqəti yaşayış yeri ilə təmini üçün, ona kirayə haqqının ödənilməsi öhdəliyi yerinə yetirilmədiyindən, iddiaçı haqlı olaraq 25 iyul 2016-cı il tarixli müqavilənin 2.1.2-ci bəndinə əsasən kirayə (icarə) haqqı tələbi ilə məhkəməyə müraciət etmişdir. Müqavilənin 2.1.2-ci bəndinə uyğun olaraq aylıq 250 manat ödəniş haqqı 15 ay ərzində (2021-ci il üzrə 3 ay, 2022-ci il üzrə 7 ay və 2023-cü il üzrə iddia tələbi daxilində ilk 5 ay olmaqla) (2023-cü il üzrə ödəniş edilməmişdir) ödənilmədiyindən, həmin aylar üzrə cəmi (15ay x 250manat) 3750 manat məbləğində kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; -424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır; -424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə isə müqavilənin dəyişdirilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş sayılır; -427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.4-ci maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; -700.1-ci madəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş kirayə haqlarına görə (2021-ci il üzrə 3 ay, 2022-ci il üzrə 7 ay və 2023-cü il üzrə iddia tələbi daxilində ilk 5 ay olmaqla) 15 ay müddətində ödənilməmiş cəmi (15 ay x 250manat) 3750 (üç min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş kirayə haqlarına görə 3750 (üç min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar