Məhkəmə qərarları › İş №2(004)-275/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-275/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-275/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2, 183.2.2-ci maddələri ilə məhkum edilməsinə dair xx.xx.2022-ci il tarixli 1(101)-651/2022 saylı hökmü üzrə müəyyən edilmiş 129130 manat və 146000 manat borcların, 50000 manat mənəvi zərərin, 515,13 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən etibarən əvvəlcə cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən lombardda, sonra isə ünvan 2ət cərgəsində yerləşən lombardda işləməyə başlamışdır. İddiaçı bir müddət ünvan 2ət cərgəsində yerləşən lombardda girov biletlərinin tərtibatçısı vəzifəsində işlədikdən sonra cavabdeh onu həmin lombardın direktoru vəzifəsinə təyin etmişdir. Hər iki lombard, yəni həm Yasamal rayonu, həm də ki, Qaradağ rayonu ərazisində yerləşən lombardların Cavabdeh məxsus olmasına baxmayaraq, heç vaxt rəsmi olaraq onun adına olmamış, müxtəlif şəxslərin adına olmuşdur. Cavabdeh bunu sağlamlıq vəziyyətinin rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verməməsi ilə əsaslandırmışdır. 2015-ci ildə cavabdeh hər iki lombardı iddiaçının adına rəsmiləşdirmiş, VÖEN iddiaçının adına alınmış və girov biletlərində iddiaçının adı qeyd edilmişdir. Hər iki lombardın binası icarədə olmuş, həmin icarə müqavilələrini cavabdeh özü bağlamışdır. 2015-ci ildə cavabdehin hər iki lombardı iddiaçının adına rəsmiləşdirməsinə və hər iki lombardın girov biletlərində iddiaçının adının qeyd edilməsinə baxmayaraq, iddiaçı yalnız Qaradağ rayonu ərazisində olan lombardı işlətmiş, Yasamal rayonu ərazisindəki lombardı isə cavabdeh özü idarə etmişdir. Maqsud “Rabitəbank” “Azəriqaz Bank”, “Nikoil Bank”, “Əmrah Bank”, “Finex” və Brend” kredit təşkilatları ilə işləmiş, bundan başqa aşağı faizlə işləyən digər lombardlarla müqavilələri özü deyil başqa şəxslər, yəni cavabdehin işçiləri və tanışları bağlamışlar. 2017-ci ildən cavabdehin göstərişi ilə “Finex” və “Brend” kredit təşkilatları ilə iddiaçının adından müqavilə bağlanmış, yəni kredit götürən və ora qızıl-zinət əşyalarını girov qoyan şəxs iddiaçı olmuşdur. Təxminən 2017-ci ilin sonlarından etibarən iddiaçı gündəlik hesabat aparmaq və pulları, qızılları cavabdehə vermək üçün Yasamal rayonu ərazisindəki lombarda gedəndə borclu olduğu şəxslərin cavabdehi axtardığını görmüşdür. Cavabdeh 2019-cu ilin iyul ayından başlayaraq vətəndaşların qızıllarını qaytarmamışdır. Belə ki, Qaradağ rayonu ərazisindəki lombardda qızılını girov qoyub pul götürmüş vətəndaşların əsas məbləği qaytarmalarına və iddiaçının gündəlik olaraq həmin pulları cavabdehə verməsinə baxmayaraq, cavabdeh bir həftə ərzində qızılları qaytarmalı olduğu halda, hər dəfə bir bəhanə ilə vaxtı uzatmağa başlamış, gah xəstələndiyini, gah əməliyyat keçirtdiyini, gah oğlunun vəfat etdiyini söyləyərək qızılları qaytarmamışdır. 2019-cu ilin oktyabr aylarında, yəni cavabdeh ölkədən qaçmazdan təxminən 10 gün əvvəl iddiaçı hesabat üçün və qızıllarla pulları cavabdehə təqdim etmək üçün ünvan 1 ünvanında yerləşən lombarda getdikdə, cavabdeh iddiaçıya tutulacağını etiraf etmişdir. İddiaçıya cavabdehin ölkədən qaçdığı təqdirdə vətəndaşların ondan şikayətçi olacaqları məlum olduqda, iddiaçı cavabdehə lombardları, həmçinin kredit təşkilatları ilə bağladığı müqavilələri onun adından çıxarmasını, əks halda polisə şikayət edəcəyini bildirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində isə iddiaçı cavabdehin ölkədən qaçdığını eşitmiş, vətəndaşların qızıllarını qaytara bilmədiyi, ofisin icarə haqqını ödəyə bilmədiyi və gələcəkdə orada işi davam etdirdiyi təqdirdə hər şeydə iddiaçının günahkar olduğunu düşünənlər olacağını zənn etdiyi üçün işlədiyi ünvan 2ət cərgəsində yerləşən lombardı bağlayaraq işə getməmişdir. Sonra çoxsaylı şikayətlər başlamış və iddiaçını Qaradağ rayon Polis İdarəsindən çağıraraq, lombard rəsmi olaraq iddiaçının adına olduğu üçün narazı camaatı iddiaçının sakitləşdirməsini demişlər. Buna görə sonrakı müddətdə iddiaçı bütün əmlakını satıb, tanış və qohumlarından borc pul alaraq, təxminən 70 nəfərə yaxın şəxsin pullarını banklardan, kredit təşkilatlarından və digər lombardlardan şəxsi vəsaitilə çıxarıb vətəndaşlara qaytarmışdır. Bundan başqa, Yasamal rayonu ərazisindəki lombardda da qızıl girov qoymuş təxminən 50 nəfər şəxsin qızılını iddiaçı öz pulu ilə girovdan çıxarıb həmin şəxslərə qaytarmışdır. Nəticədə, cavabdehin dələduzluq əməlləri ilə bağlı iddiaçıya 130000 manatdan çox maddi ziyan və cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçı sarsıntı və iztirab keçirərək sağalmaz xəstəliyə, xərçəng xəstəliyinə tutulduğuna görə ona 50000 manat mənəvi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının ərizəsində göstərilənlərin həqiqətə uyğun olmadığını bildirmişdir. Belə ki, cavabdeh barəsində cinayət işi üzrə keçirilmiş məhkəmə iclaslarında iddiaçı özünün kirayədə qalmasını, lakin məhkəməyə verdiyi iddia ərizəsində guya özünə məxsus əmlakları satıb cavabdehin borcunu ödədiyini bildirmişdir. Halbuki iddiaçı onun işçisi olduğu müddətdə onun əvəzinə kirayə pulu olaraq hər ay 250 manatı o, ödəmişdir. Bundan əlavə iddiaçı cavabdehin əvəzinə zərəri ödəmiş olsaydı o da cinayət işində zərərçəkmiş qismində tanınardı. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarına əlavə edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-651/2022 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 182.2.2, 183.2.2-ci maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda hökmdən görünür ki, həmin iş üzrə iddiaçı cavabdeh tərəfindən törədilmiş cinayətə heç bir aidiyyəti olmayan şəxs olaraq yalnız şahid qismində dindirilmişdir (hökmün 108-111-ci səhifələri). İddiaçının şahid qismində verdiyi ifadəsindən görünür ki, o,2011-ci ildə işsiz olduğu üçün və kirayə pullarını, gündəlik tələbatlarını ödəmək üçün pul lazım olduğundan cavabdehə məxsus lombarda aylıq əmək haqqısı 300 manat olmaqla işə düzəlmiş, 2015ci ildə isə cavabdehə məxsus Qaradağ rayonu ünvanında yerləşən lombardın müdiri vəzifəsində işləmiş və əmək haqqısı 400 manat olmuşdur. Bundan əlavə zərərçəkmiş şəxslərin ifadələrindən görünür ki, onlara dəymiş zərər İddiaçı tərəfindən 2019-cu ilin noyabr-dekabr aylarında ödənilmişdir. Həmin vaxt isə cavabdeh azadlıqda olmuşdur. Hökmdən (səhifə 119) göründüyü kimi, Xətai rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbirinə əsasən cavabdeh 13 aprel 2020-ci il tarixdə həbs olunmuşdur. İddiaçının özünün cinayət işində verdiyi ifadəsindən onun əmlak vəziyyətinin çox aşağı olması, özünə məxsus daşınmaz əmlakının olmaması, kirayədə yaşaması müəyyən olmuşdur. İddiaçı zərərçəkmiş şəxslərə məhz ona məxsus əmlakın satılmasından əldə edilmiş vəsait hesabına zərərlərin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş “Finex” və “Brand” kredit təşkilatlarına borcun ödənilməsi barədə qəbzlər xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü əhatə edir. Həmin müddətdə isə yuxarıda qeyd olunduğu kimi cavabdeh azadlıqda olmuşdur. İddiaçıın özünün də cinayət işində şahid qismində verdiyi ifadəsində və iddia ərizəsində göstərdiyi kimi, həmin kredit təşkilatları ilə maliyyə əməliyyatlarını cavabdeh özü həyata keçirmiş, sadəcə müqavilələr formal olaraq iddiaçının və ya lombardın digər işçilərinin adına olmuşdur. Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdehin əvəzinə zərərçəkmiş şəxslərə dəymiş zərərin əvəzinin iddiaçıya məxsus vəsait hesabına ödənilməsi təsdiq olunmadığından məhkəmə hesab edir ki, iddiaçının maddi zərər tələbi və bunun nəticəsi olaraq mənəvi zərər tələbi təmin oluna bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar