Məhkəmə qərarları › İş №2(004)-2760/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2760/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2760/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 02 saylı və xx.xx.2023-cü il tarixli, 02 saylı müqavilələri üzrə 356685 nömrəli mədaxil qəbzinə əsasən tərəfindən ödənilmiş 1250 manat, 356855 saylı mədaxil qəbinə əsasən ödənilmiş 1250 manat olmaqla, cəmi 2500 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin əvvəllərində Almanya Respublikasına getmək, orada iş taparaq işləmək qərarına gəlmiş və cavabdeh MMC-nin təsisçisi və direktoru X1 müraciət etmişdir. Müqavilə ilə tanış olduqdan sonra müqavilənin şərtləri ilə razılaşmış, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 02 nömrəli müqaviləni imzalamışdır. Müqavilənin 2-ci bəndinə müvafiq olaraq tərəfindən 356685 saylı müqavilə qəbzi əsasında xx.xx.2023-cü il tarixində 1250 manat, 356855 saylı mədaxil qəbzi əsasında xx.xx.2023-cü il tarixində də 1250 manat olmaqla, cəmi 2500 manat pulu Cavabdeh MMC-nin əməkdaşlarına ödəmişdir. Sonra məlum olmuşdur ki, cavabdeh MMC tərəfindən müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmişdir. Ona görə də o, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatda olmuş və müqavilənin ləğv olunması və tərəfindən ödənilmiş 2500 manat məbləğində pulun ona qaytarılması xahişi ilə rəsmi ərizə vermişdir. Şifahi qaydada pulunun ona qaytarılması bildirilsə də, həmin vaxtdan 4 ay keçməsinə və dəfələrlə cavabdeh təşkilatdan pulunu tələb etməsinə baxmayaraq bu günə kimi onun pulu qaytarılmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, həmin ünvanda olmamaları səbəbindən bildirişin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02 saylı Xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında Sifarişçiyə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş xidməti (1 nəfər üçün Almanya Respublikasında müvafiq vakansiyalar əsasında iş icazəsinin alınmasını təşkil etmək) göstərməyi, sifarişçi isə həmin xidməti qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 2500 manat təşkil edir. Həmin müqavilənin 4.2.9-cu bəndində qeyd edilmişdir ki, icraçı xidmətin müqavilə bağlandığı tarixdən, xx.xx.2023-cü il tarixdən 30-45 iş gününə kimi aralığında dəvətnamənin gətirilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 356685 nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, 02 saylı Xidmət müqaviləsi üzrə 1250 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında olan Cavabdeh MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02 saylı Xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında Sifarişçiyə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş xidməti (1 nəfər üçün Almanya Respublikasında müvafiq vakansiyalar əsasında iş icazəsinin alınmasını təşkil etmək) göstərməyi, sifarişçi isə həmin xidməti qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 2500 manat təşkil edir. Həmin müqavilənin 4.2.9-cu bəndində qeyd edilmişdir ki, icraçı xidmətin müqavilə bağlandığı tarixdən, xx.xx.2023-cü il tarixdən 30-45 iş gününə kimi aralığında dəvətnamənin gətirilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 356855 nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, 02 saylı Xidmət müqaviləsi üzrə 1250 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xidmət müqavilələrinə əsasən icraçı sifarişçinin tapşırığı əsasında Sifarişçiyə bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş xidməti (1 nəfər üçün Almanya Respublikasında müvafiq vakansiyalar əsasında iş icazəsinin alınmasını təşkil etmək) göstərməyi, sifarişçi isə həmin xidməti qəbul edərək bu müqavilənin şərtlərinə uyğun olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilələrin ümumi dəyəri 2500 manat müəyyən edilərək, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada hər müqavilə üzrə müqavilənin qiymətinin yarısı, yəni hər müqavilə üzrə 1250 manat olmaqla, cə 2500 manat pul cavabdehə ödənilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulan xidmətin göstəriləcəyi müqabilində iddiaçıdan hər müqavilə üzrə 1250 manat olmaqla, cəmi 2500 manat məbləğində pul vəsaitini almaqla müqavilədə qeyd edilən xidmətin göstərilməsi ilə bağlı vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 356685 nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, 02 saylı Xidmət müqaviləsi üzrə 1250 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 356855 nömrəli mədaxil qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixli, 02 saylı Xidmət müqaviləsi üzrə 1250 manat məbləğində pul İddiaçı tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Lakin, cavabdeh xidmətin göstərilməsi ilə bağlı pul vəsaitini alsa da, bu günədək xidmətlə bağlı vəzifəsini icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə ödədiyi pulunu tələb etməkdə haqlıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 2500 (iki min beş yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2500 (iki min beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar