Məhkəmə qərarları › İş №2(004)-280/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-280/2022

05.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-280/2022 05.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Allahverdiyev Araz Məhəmməd oğlunun, Cavabdeh1, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı evdən istifadə hüququqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, yerləşən 4 saylı evin mülkiyyətçisidir. Bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı çıxarış verilmişdir. Həmin ev ona anasından vəsiyyət üzrə vərəsəlik əsasında keçmişdir. Cavabdehlər həmin evdə hal-hazırda yaşamırlar. Cavabdeh1 evə qeydiyyata düşmə səbəbi budur ki, həmin dövrlərdə hər hansı evdə kirayə yaşamaq üçün həmin evdə qeydiyyatda olmaq zərurəti var idi. X1 Mehribanı mərhum həyat yoldaşı ilə birlikdə həmin evdə kirayə yaşaya bilmələri üçün qeyd olunan ünvanda qeydiyyata düşmələrinə razılıq vermişdir. Yəni həmin şəxslərin o evdə qeydiyyatda olmaları sırf kirayə qalmaları ilə əlaqədardır. 1992-1993-cü illərdə X6 həmin şəxsləri, yəni Cavabdeh1 və onun ailə üzvlərini həmin ünvandan qeydiyyatdan çıxarmaq qərarına gəlmişdir. Lakin bu məsələ bir neçə il ləngimiş və 1995-ci ildə ermənilər tərəfindən metroda törədilmiş terror hadisəsi nəticəsində Cavabdeh1 həyat yoldaşı faciəvi şəkildə ölmüşdür. Bundan sonra, Kərimova Xanbacı və onun ailə üzvləri, həmçinin o, mərhəmətlilik göstərərək həmin ünvanda yerləşən yaşayış sahəsini kirayə haqqı almadan onlara sadəcə yaşamaq üçün vermişdir. Güman etmişdir ki. onların maddi vəziyyətləri ağır olacağı üçün kirayə haqqlarını ödəyə bilməyəcəklər. Eyni zamanda, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ailə həyatı qurmuşlar və hazırda həyat yoldaşları ilə birgə yaşayırlar. Cavabdeh1 sözügedən ünvanda yaşamır. Ehtimal olunur ki, Cavabdeh1 qızı ilə birgə yaşayır. Belə ki, artıq dörd ilə yaxın müddət ərzində M. Kərimova həmin yaşayış sahəsinə ümumiyyətlə gəlmir, bir neçə ayda bir dəfədən çox olmamaq şərti ilə hər hansı bir əşyasını gətirib ora qoymaqla həmin yaşayış sahəsindən zirzəmi kimi istifadə edir. Həyat yoldaşı Həsənov Həsən ilə birgə nikahlarından X10, X8 və X11 adlı üç övladları vardır. Fəridə və Pərviz Abbasovlar küçəsi, ev 4 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 183.90 kv.m-dir. Həmin sahənin bir hissəsini Cavabdeh1 halhazırda qapısını bağlayıb zirzəmi kimi istifadə etdiyi üçün onun iki oğlu yaşayış sahəsinin altında yerləşən yarımzirzəmidə azyaşlı övladları və həyat yoldaşları ilə birgə yaşayırlar. Dəfələrlə Cavabdeh1 qeyri-qanuni olaraq qapısını bağladığı yaşayış sahəsindən çıxmasını xahiş etsələr də, o bu xahişlərə əməl etməmiş, qanunsuz olaraq bu yaşayış sahəsinin qapısını qıfıllayaraq həmin yaşayış sahəsini istifadəsindən məhrum etmişdir. Qeyd edilən yaşayış sahəsinə övladlarından hər hansı birini yerləşdirmək niyyətindədir. Lakin Cavabdeh1 həmin sahənin qapısını bağlayaraq ora ev sahiblərinin girməsinə maneçilik törətmiş, mülkiyyətçinin əmlak üzərində olan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə imkan verməmişdir. Cavabdeh1 əsassız olaraq heç bir sübut olmadan, həmin yaşayış sahəsinə hüququ olduğunu iddia edir, lakin onun həmin yaşayış sahəsinə hüququ heç bir qanuni sənədlə sübuta yetirilmir. Sadəcə qeydiyyata düşdükləri zamanda mənzil kommunal istismar sahələrinə verilən tapşırığa əsasən evdə kirayə yaşayan şəxslər kirayə qaldıqları evdə məcburi qeydiyyata düşməli idilər. Məhkəməyə təqdim olunmuş sənədlərdən belə görünür ki, həmin ev barədə ondan başqa heç bir şəxs ev barədə sahiblik, istifadə və sərəncam hüququnu həyat keçirə bilməz. Proses gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə verərək göstərmişdir ki, mülki iş icraatda olan zaman məlum olmuşdur ki, cavabdeh X3 bu iş üzrə digər cavadehlərdən biri olan qızı Cavabdeh2 hal-hazırda nikahda deyil. Lakin digər cavabdehlər X4 və Cavabdeh4 ailədirlər, rəsmi nikahdadırlar və başqa ünvanda ailə üzvləri ilə birlikdə yaşayırlar. Eyni zamanda mülki iş icraatda olan zaman yaşayış sahəsinin aylıq kirayə qiymətinin müəyyən olunması üçün X21 Estate şirkətinə sorğu verilmiş, sorğuya cavab olaraq ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin bu gün üçün aylıq kirayə qiymətinin 110-130 manat intervalında dəyişdiyi bildirilmişdir. Odur ki, Cavabdeh1 və Cavabdeh2 10.000 manat kompensasiya verilməklə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 və Cavabdeh4 münasibətdə isə yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Allahverdiyev Araz Məhəmməd oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, mübahisəli mənzil vərəsəlik yolu ilə Nailə xanımın anasından keçib, daha sonra Nailə xanımın anasının sağlığında cavabdehlər orada kirayə yaşamış və aylıq “5 şirvan” məbləğində pul ödəmişlər, sonra Mehriban xanımın həyat yoldaşı faciəvi şəkildə ölmüş və Nailə xanımın anası həmin vaxtdan kirayə haqqını cavabdehlərdən almamış, güzəşt etmişdir, sonralar Nailə xanım da cavabdehlərdən heç bir kirayə haqqı almamışdır, beləliklə cavabdehlərin ora qeydiyyatları tamamilə formal xarakter daşıyır, onların orada heç bir hüquqları yoxdur, evin mülkiyyətçisi iddiaçı Nailə xanımdır. Kommunal ödənişlər bəlkə də cavabdehlər tərəfindən ödənilmişdir, lakin evin mülkiyyəçisi Nailə xanımdır. Hazırda isə sözügedən evlə bağlı Nailə xanım istifadə, sahiblik, sərəncam hüquqlarını itirib. İddia tələbi tam əsaslıdır, həmin şəxslər orada yaşamırlar, nə özləri istifadə etmirlər, nə də iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə icazə vermirlər. Mübahisəli mənzildə yaşamağa imkan verməmələri öz əksini onda tapır ki, onlar qapıya qıfıl qoyublar və iddiaçı tərəfin oradan isifadəsini məhdudlaşdırırlar. Cavabdehlərin mübahisəli mənzildə kirayə qalmaları 30 il bundan əvvəl olub, təbii ki, o vaxt Nailə xanımın anası mənzili heç bir müqavilə ilə verməmişdir, aralarında kirayə müqaviləsi olmamışdır. Kirayə haqqı alınması təxminən 1988-ci ilədn 1992-ci ilədək davam etmişdir.Hazırda Mehriban xanım mübahisəli mənzildən zirzəmi kimi, saxlanc yeri kimi istifadə edir, 3 aydan bir gələrək istifadədən çıxmış, köhnə əşyaları ora qoyur. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Kərimova Mehriban Xəlil qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, 1983-cü ildə mübahisəli evə gəlin gəlmiş, qaynanası bu evi onlara vermişdir. Qaynanası o evi 1941-1945-ci il müharibəsindən sonra Nailə xanımın xalasından almış, həyat yoldaşı, qaynı məhz o evdə anadan olmuşlar. Qaynanası ilə iddiaçının xalası əmiqızı və ya əmi nəvəsi olublar, dəqiq xatırlamır, amma nəsə qohumluq münasibətləri var idi. Xalası öldükdən sonra ev Nailə xanımın anasının adına keçib. İndiyə kimi o evdə yaşayır, 3 uşağını o evdə dünyaya gətirmişdir. 50 kv.m. evdi, mətbəxi, 3 otağı, çöl eyvanı var, sadəcə sanitar otağı yoxdur, o ümumidir. O evdə cehiz gətirdiyi mebelləri, şəxsi əşyaları var. Qızları Sürəyya və Bikəxanım ailə həyatı qurublar və öz həyat yoldaşları ilə birlikdə yaşayırlar, Fəridə isə hazırda onunla qalır. Yay aylarında bağa gedir, qalan vaxtlar öz evində olur, qızları nəvələri gəlib gedirlər, bağ isə onun qudasınındır. Evi 2-ci mərtəbədədir, küçədən 1-ci mərtəbə kimi görsənir. İşıq pulu, qaz pulu, wifi pulu ödəyir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abbasova İzzət Məmməd qızı ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. 1970-ci ildə o, 1983-cü ildə isə Mehriban xanım həmin ünvana gəlin gəlmişdirlər. Qonşudur, Mehribanın qaynanası onu qızı kimi tanıyırdı. Mehriban o ünvanda 3 uşaq dünyaya gətirib, həyat yoldaşı şəhid olandan sonra qızlarına tək özü baxıb, daha sonra qızları həmin ünvandan gəlin köçüblər, qeydiyyatları oradır. Qızları da, nəvələri də həmin ünvana tez-tez gəlib gedirlər, Mehriban xanımın evinə gedəndə Fəridəni orada görmüşdür, o biri qızları da tez-tez görür. bildiyi qədəri ilə qızları evlidilər, ər evində yaşayırlar. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarındakı Bakı şəhəri İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 17.01.2000-ci il tarixli, FM seriyalı, 007477 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 11 Nevyezdnoy (Fəridə və Pərviz Abbasovlar) küçəsində yerləşən, 8 otaqlı, 90.3 kv.m. yaşayış sahəsindən, 183.9 kv.m ümumi sahədən ibarət olan 4 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində yerləşən, 183.9 kv.m ümumi sahədən ibarət olan 4 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi ********** nömrə ilə 03.03.2020-ci il tarixdə təkrar qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası DİN-in 29.09.2021-ci il tarixli, ******* saylı arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 4 ünvanında qeydiyyatdadırlar. Bakı Regional Qazın Satışı Departamentinin 21.10.2021-ci il tarixli məktubundan görünür ki, 01.01,2010-cu il tarixində ünvan 6 ünvanı üzrə Cavabdeh1 məxus **********00020 nömrəli istehlakçı hesabı açılaraq X2 Sistemində qeydiyyata alınmışdır. 14.12.2011-ci il tarixində ******* nömrəli G-4 markalı mexaniki tipli sayğac quraşdırılaraq qeydiyyata alınmışdır. "xxxx" ASC-nin 19.10.2021-ci il tarixli məktubundan görünür ki, abonent kodu **********4000A olan Cavabdeh1 mənzilinə 10.07.1998-ci il tarixdən elektrik enerjisindən istifadəyə görə müvafiq sayğac quraşdırılmış və 27.01.2009-cu il tarixdə 11289015 saylı sayğac A310812204M229333 saylı sayğacla əvəz olunmuşdur. "xxxx" MMC-nin 14.10.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi 4 saylı evə telefon xətti 16.10.2000-ci il tarixində *** ** ** saylı nömrə verilməklə çəkilmiş və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 31.05.2011-ci il tarixindən isə *** ** ** saylı nömrə *** ** ** saylı nömrəyə dəyişdirilmişdir. "xxxx" ASC-nin 29.10.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 7 ünvanının su təchizatı xidmətindən istifadəyə görə hesabatının aparılması üçün təqdim etdilən sənədlərə istinadən 01.01.2004-ci il tarixində Cavabdeh1 ilə 10669859 nömrəli müqavilə bağlanaraq "xxxx" ASC-nin elektron abonent bazasında adına **********000 saylı abonent kodu açılmış normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılır. Ümumilikdə abonentin hesabına 448.84 manat vəsait ödənilmişdir. Hazırda su təchizatı xidmətindən istifadəyə görə abonentin hesabında 11.00 manat borc var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 24.12.2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evində yerləşən 50,0 kv.metr yaşayış sahəsinin orta aylıq kirayə haqqı 24.12.2021-ci il tarixinə 400 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ailə quraraq başqa ünvana köçmələri ilə bağlı mübahisəli evdən istifadə hüquqlarını itirmişdirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin evdən istifadə hüquqları mövcuddur. Hal-hazırda iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli evdə yaşamamasını əsas gətirərək, onların mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsini, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə 10.000 manat pul kompensasiyası ödənilməklə evə dair istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin evdən məhkəmə qaydasında çıxarılmalarını xahiş etmişdir. Cavabdehlər tərəf təklifi qəbul etməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı zaman, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş (yəni yaşayış sahəsinə olan hüquqları itirilmiş) hesab olunur. Mülki qanunvericiliyə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Halbuki, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmənin qənaətinə görə, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təklif edilən 10 000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 (on min) manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar