Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2813/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 06 mart 2023-cü il tarixli 36/k saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-ci il tarixdə bir mütəxəssis kimi Az.EİS-in təşəbbüsü ilə köçürmə ilə Alma-Atadan Azərbaycana dəvət olunmuş, 38 il burada müxtəlif vəzifələrdə vicdanla işləmiş, heç bir qanun pozuntusu olmamışdır. Cavabdeh özünün 06 mart 2023-cü il tarixli 36/k saylı əmri ilə onu Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən işdən azad etmişdir. Halbuki onunla bağlanmış əmək müaqviləsi müddətsiz olmuş, müqavilədə müddət göstərilməmişdir. Bundan əlavə onun gördüyü işlər yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olmuşdur. Odur ki, onunla müddətli müqavilə bağlana bilməzdi. Bu Əmək Məcəlləsiin 45.4-cü maddəsinin tələblərinə ziddir. İkinciçisi isə cavabdeh iddiaçının razılığı olmadan onunla bağlanmış müqaviləni birtərəfli qaydada pozmuşdur. Heç bir işçiyə müqavilə bağlanarkən müqavilənin ikinci nüsxəsi verilməmişdir. Cavabdeh istədiyi vaxt istədiyi işçinin müqaviləsinə müddət yazıb onun kimi işdən azad edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddiaya etiraz edərək izahatlarında göstərmişlər ki, iddiaçı ilə 06 iyul 2020-ci li tarixdə müddətli əmək müqaviləsi bağlanmış və 06 mart 2023-cü il tarixdə əmək müqaviləsinə müddətinin qurması əsası ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Cavabdeh MMC-nin 62/k 06 iyul 2020-ci il tarixli əmrindən görünür ki, iddiaçı 06 iyul 2020-ci il tarixdən Cavabdeh MMC-də Mexaniki Emal Xidməti Mexaniki təmiri emalatxanasına (qərb sahəsi) çilingər vəzifəsinə şəxsi ərizəsi və əmək müqaviləsinə əsasən qəbul edilmişdir. Cavabdeh MMC-nin 36/k 06 mart 2023-cü il tarixli əmrindən görünür ki, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsiin 68-ci maddəsinin 2hissəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətiin qurtarması) 06 mart 2023-cü il tarixdən xitam verilmişdir. Göründüyü kimi iddiaçı iddiasında iki əsas göstərmişdir: 1. onun yerinə yetirdiyi işlərin daimi xarakter daşımasına baxmayaraq onunla müddətli əmək müqaviləsinin bağlanması; 2. Müqavilənin birinci səhifəsinin cavabdeh tərəfindən dəyişdirilərək həmin səhifəsində müqavilənin müddətli olmasının göstərilməsi. Birinci əsasla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Göründüyü kimi, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən əmək müqaviləsi, müqavilə tərəflərinin, yəni işəgötürən və işçinin qarşılıqlı razılığı əsasında müddətli bağlanıla bilər. İşəgötürən Cavabdeh MMC-nin direktoru X1 ilə İddiaçı arasında bağlanmış 03 iyul 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 06 iyul 2020-ci il tarixdən 06 sentyabr 2020-cu il tarixədək olan müddətə, yəni müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni imzası ilə təsdiq etməklə razılıq vermişdir. İkinci əsasla, yəni müqavilənin müddətsiz bağlanması, daha sonra birinci səhifəsinin dəyişdirilərək müddətli göstərilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir Göründüyü kimi, istinad olunan maddənin tələblərinə əsasən əmək müqaviləsi bağlandığı andan bu barədə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişi yerləşdirilir və həmin bildiriş qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra qüvvəyə minir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlandığı tarixdə, yəni xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən bu barədə elektron informasiya sisteminə bildiriş yerləşdirmiş və həmin bildirişdə də iddiaçı ilə bağlanmış müqavilənin müddətli olması göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla iddiaçının iddia tələblərini əsaslandırdığı halların əsassız olduğu təsdiq edildiyindən iddia təmin edilmə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar... Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödənilməsindən azad edildiyindən və iddia rədd edildiyindən dövlət rüsumu tərəflərdən tutulmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2813/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2813/2023
19.06.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver