Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2830/2021 08.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 və Bakı şəhəri, Albalılıq-2, 883 saylı bağ sahəsində onun və Cavabdeh hər birinin ½ hissədə olmaqla payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 atası X1 məxsus olmuşdur. Atası 28.02.2007-ci il tarixdə vəfat etmişdir. Atasına məxsus mənzilə sahiblik etmiş, kommunal xərclərini ödəmiş, həmin ünvanda müəyyən müddətdən bir gedib qalmışdır. Son iki ilədək heç bir problem olmadan həmin ünvanda yaşamışdır. Atası vəfat etdikdən 12 il ərzində qardaşı həmin ünvanda olmamışdır. Atasının iki vərəsəsi olmuşdur, o və qardaşı Cavabdeh Nəsrulla oğlu. İddiaçının qardaşı atasından qalan əmlaka təkbaşına yiyələnmək istədiyindən onu həmin evə buraxmır, iddaçı isə atasından əmlak qaldığı halda, kirayələrdə yaşayır. Cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq o, evin çıxarışını gizlətmiş, buna görə də həmin əmlakı vərəsəlik qaydasında qəbul edə bilməmişdir. Hətta çıxarışın dublikatının verilməsi üçün DƏDRX-ya müraciət etməyinə baxmayaraq yoxlama ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından həmin sənədi ala bilməmiş, buna baxmayaraq son dövrlərədək həmin evin kommunal xərclərini ödəmişdir. Atasından miras qalmış əmlak hər birinə 1/2 pay olmaqla bölünməlidir. Hal-hazırda tərəflər arasında payın bölgüsü ilə bağlı olaraq yaranmış mübahisə səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddia aşağıdakı mövcud hallar lə bağlı olaraq, əsassızdır: iddiaçı öz iddia ərizəsində atasının və anasının 2007-ci ildə vəfat etməsini bildiyini etiraf etmişdir. Deməli, iddiaçı vərəsə olduğunu və bununla bağlı müraciət edə bilməsi ona məlum olduğu halda qanunverciliklə müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı vərəsəliyi qəbul edə bilməməsini qardaşının əmlaka dair çıxarışın gizlədilməsi və ya digər əsaslarla bəhanə gətirsə də, mirasın qəbulu ilə bağlı üsullardan heç birini həyata keçirməmişdir. 30.01.2008ci il tarixli “Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün" bağlanmış müqavilə, 16.05.2008-ci il tarixli “Məişət istehlakçılarının sayğaclarının dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” rrotokol, kommunal xidmətlərə dair ödəniş qəbzləri sübut edir ki, Cavabdeh əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçı mirası guya faktiki qəbul etməsini Yasamal rayonu MKTB-nin ödəniş qəbzləri ilə sübut etməyə çalışmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən aydın görmək olur ki, 2005-ci il tarixdən etibarən ödənişi atası Şamil Feyzullayev ödəmiş, hətta 2010-cu il tarixdə artıq onun rəhmətə getməsindən sonra oğlu Cavabdeh tərəfindən ödənilmiş qəbzlərdə ödəyici Şamil Feyzullayev kimi göstərilmişdir. Cavabdeh bildirir ki, ödənişləri hər ay atasının adından özü ödəmişdir, lakin uzun müddət keçdiyi üçün və qəbzlərin saxlanmasına lüzum görmədiyi üçün saxlamamşdır. İddiaçının iş materiallarına əlavə etdiyi 391973 saylı qəbzdə ödənişin 30.12.2015-ci il üçün ödəniş edildiyi görünür. 153436 saylı qəbzdə 1-12-2015-ci il üçün yenidən ödəniş qəbul edilir, eyni qəbzdə 1-12 -2021-ci il tarixi, yəni 2021-ci ilin 1-ci ayından 12-ci ayına kimi ödəniş qəbul edildiyi halda cavabdeh tərəfindən ödənilmiş 6.05.2021-ci il tarixli, 150355 saylı qəbzdə 2021-ci ilin 1-ci ayından 6-cı ayına kimi yenidən ödəniş qəbul edilmişdir. Bu isə onu dəməyə əsas verir ki, bu sübutlar mötəbər sübutlar deyil və iddiaçının həmin mənzildə yaşamasına dair sübut kimi qəbul edilə bilməz. Eyni zamanda ödənişin 04.02.2021-ci il tarixdə ödənilməsi, qeydiyyata dair arayışın 04.02.2021-ci il tarixdə alınması, notariusa fevral ayında müraciət etməsi onu deməyə əsas verir ki, bu məqsədli şəkildə guya həmin mənzildə yaşaması görüntüsü yaratması üçün edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi üçün verilmiş sənədlərdən aydın görmək olur ki, anası və atası vəfat etdikdən sonra mirasın faktiki qəbul edən cavabdeh olmuşdur. Belə ki, atasının ölüm faktının təsdiqinə dair məhkəməyə müraciət etmiş və bundan sonra özü ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. Cavabdeh bildirir ki, bacısı İddiaçı anası və atasının sağlığında ailə qurmuş və hələ o zaman valideynləri ilə daim mübahisə etdiyi üçün ailə qurduqdan sonra onlarla əlaqəni tamamilə kəsmişdir. (Buna dair səs yazıları olan disk təqdim edilir.) Daim qaynanası ilə birlikdə valideynlərinə qarşı çıxmışdır və bu səbəbdən ana və atası qızından incik vəfat etmişlər. Məhkəmə iclasında cavabdeh nümayəndəsinin izahatına uyğun izahat vermiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı mirası qəbul etdiyi barədə ərizə təqdim etməmiş və miras açıldığı gündən altı ay ərzində mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. İddiaçı miras əmlaka dair ödəniş qəbzlərini məhkəməyə təqdim etsə də, həmin qəbzlər məqsədli şəkildə məhkəməyə müraciət etməzdən bir müddət əvvəlki tarix üçün alınmış və iddiaçı tərəfindən əmlaka faktiki sahiblik etməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri və ünvan 1 ünvanında yerləşən mənzilə dair digər sənədlər cavabdehin adına qeyd edilmiş və göstərilən hallar mənzilin cavabdehin sahibliyində olmasını və onun tərəfindən idarə edilməyə başladığını sübut edir. Bundan əlavə iddiaçı digər miras əmlak bağ sahəsinə də atasının ölümündən sonra əmlaka sahiblik etməsini və ya həmin əmlakı idarə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2830/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2830/2021
08.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver