Məhkəmə qərarları › İş №2(004)-2832/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2832/2021

10.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2832/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış 25.12.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2019-cu ildə Cavabdeh turizm şirkətində tərcüməçi vəzifəsində işə başlamışdır. 1 ay işlədikdən sonra şirkətin rəhbəri Pakistan vətəndaşı X1 xəbəri olmadan biznes fəaliyyətini dayandıraraq ölkəni tərk etmişdir. Adının şirkətin sistemində qalması ilə əlaqədar Cənab Prezidentin işsizlərə 4 dəfə 190 manat ayırması ona şamil edilməmişdir. Əlavə olaraq yeni işə götürənlə əmək müqaviləsi bağlamağında problem yaşadığına görə 12.02.2021-ci il tarixdə X2 xidmətinə əmək müqaviləsinə xitam verilməsi üçün ərizə yazmış, 22.02.2021-ci il tarixində bu məsələyə cavab olaraq onların səlahiyyətləri xaricində olduqlarını bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişlər. Buna əsasən o, 04.03.2021-ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə aktiv əmək müqaviləsinə xitam verilməsi barədə ərizə yazmışdır. 17.03.2021-ci il cavab olaraq cavabdehin rəsmi qeydə alındığı yer ünvan 1 ünvanı olduğuna görə işə ərazi aidiyyatı üzrə müvafiq məhkəmədə yəni baxılması deyilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizədən görünür ki, o, onun aktiv əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin həmin ərizə Cavabdeh MMC-yə həmin ünvanda (Bakı şəhəri, H.Zərdabi 68) olmadıqlarından çatmamışdır. İş materiallarında olan Sosial arayışdan də görünür ki, İddiaçı adı Cavabdeh MMCdə qüvvədə olan 25.12.2019-cu il tarixli müqaviləyə əsasən bələdçi kimi qeydiyyatdadır. İş materiallarında olan X2 tərəfindən İddiaçı ünvanlanmış 12.02.2021-ci il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin səlahiyyətli nümayəndəsinə və ya mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də bələdçi kimi işləmişdir. Daha sonra şirkət öz fəaliyyətini dayandırmışdır. İddiaçı başqa iş yerinə keçmək istəyindən İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ərizədən görünür ki, o, onun aktiv əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin həmin ərizə Cavabdeh MMC-yə həmin ünvanda (Bakı şəhəri, H.Zərdabi 68) olmadıqlarından çatmamışdır. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış 25.12.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Bundan əlavə həmin Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, iş materiallarından da göründüyü kimi iddiaçı cavabdehə işdən azad olunması barədə ərizə ilə müraciət etmişdir. Lakin ərizə cavabdehə çatmamışdır və iş materiallarında olan sosial arayışdan də görünür ki, İddiaçı adı Cavabdeh MMC-də bələdçi kimi qeydiyyatdadır. Əmək qanunvericiliyinin tələblərinə əsasən isə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar