Məhkəmə qərarları › İş №2(004)-2836/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2836/2025

21.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2836/2025 21.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsi və X6 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, işçilərinin sayının və ya ştatların ixtisar edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsi və X6 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli Qərarı ilə “X3 Xidməti”nin və “İri Şəhərlərin X4 Xidməti”nin nizamnamələri təsdiq edilmişdir.

2. “X3 Xidməti” publik hüquqi şəxsinin nizamnaməsinin 2.1.4-cü bəndinə əsasən ölkənin rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyəti həyata keçirmək, habelə istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, tullantı və yağış sularının axıdılması xidmətlərini göstərmək xidmətin fəaliyyət istiqamətlərinə aiddir.

3. “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin nizamnaməsinə əsasən İri şəhərlərin X4 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətini göstərən publik hüquqi şəxsdir.

4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.

5. Ştat vahidinin ixtisara düşməsi barədə xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixdən ixtisara düşməsi, onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin 4 nömrəli Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 377/K nömrəli əmri ilə İddiaçı – İmişli sukanal sahəsi istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Yeni Bəhramtəpə qəsəbəsi məcburi köçkünlər üçün şəhərciyin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 10 il 0 ay 14 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinətinin verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 38 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir.

7. “X5 Xidməti” publik hüquq şəxsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şirvan 4 saylı Regional Sukanal idarəsindən şifahi sorğu əsasında alınan məlumata əsasən İmişli raonu Yeni Bəhramtəpə qəsəbəsi birinci şəhərcik ev 237 ünvanında yaşayan İddiaçı ünvan 1 Su kanal sahəsində xx.xx.2019-cu il tarixli, 972/K nömrəli əmrlə nasos qurğularının maşinisti vəzifəsi üzrə işə qəbul olunmuşdur. Şirvan 4 saylı Regional Sukanal idarəsinin ləğv olunması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı doğum tarixi xx.xx.1957-ci il (67 yaş) olduğu üçün işlə təmin olunması qeyri-mümkündür.

8. X6 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş ştat cədvəlinə əsasən Su anbarları və nasos stansiyaların istismarı struktur bölmədə 1 stnasiya rəisi, 100 nasos qurğularının maşinisti ştatı mövcuddur.

9. “Elektron məhkəmə” informasiya sistemindən iddiaçı barəsində əldə edilmiş məlumatdan görünür ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə görə təyin edilən pensiya alır.

10. 012040 nömrəli vəsiqədən görünür ki, iddiaçı müharibə veteranı statusuna malikdir.

11. 429771 nömrəli vəsiqədən görünür ki, iddiaçı məcburi köçkün statusuna malikdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin 4 nömrəli Regional Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 377/K nömrəli əmrinin ləğv edilməsi və onun işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddianın əsaslarına görə, iddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin 4 nömrəli Regional Sukanal İdarəsində istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Yeni Bəhrəmtəpə qəsəbəsi məcburi köşkünlər üçün şəhərcik nasos qurğularının maşinisti vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin 4 nömrəli Regional Sukanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elsevər Mirzəyevin xx.xx.2024-cü il tarixli, 377/K nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Həmin əmr əsassız və qanunsuzdur. O, müharibə iştirakçısı olmuşdur.

b) iddiaya qarşı etiraz

14. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

a) məhkəmə icraat iştiakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, göstərdi ki, o, cavabdeh təşkilatda uzun müddət işləmişdir. Lakin sturuktur dəyişikliyindən sonra onu onun işinə xitam verilmiş, yaşını bəhanə edərək onu yeni yaranmış X6 Sistemlərinin İstismarı İdarəsində işə götürməmişlər. Halbu ki, onun ailədə yeganə qazanc gətirən şəxsdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi iddia tələbini qəbul etmədiklərini, aparılmış struktur dəyişikliyinə əsasən keçmiş "xxxx" ASC-nin tabeliyində olan 4 nömrəli Regional Sukanal idarəsinin ləğv edilərək, balansının “X5 Xidməti” pbulik hüquqi şəxsinin tabeliyinə verildiyini, hazırda iddiaçının əvvəl işlədiyi ştat “X3 Xidməti” publik hüquqi şəxsin sturukturunda olduğunu, buna görə onların iddiaçını işə bərpa etmələrinin imkan xaricində olduğunu bildirmişdir.

17. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh X6 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddiaçının Regional Sukanal idarəsinin əməkdaşı olduğunu, onların yeni yaranmış qurum olaraq iddiaya cavab verməli olmadıqlarını bildirmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 16.

1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 77.

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;

3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında; Maddə 78.

1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır;

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: ... müharibə iştirakçılarına; ... məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir;

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

21. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmiş, publik hüquqi şəxsin işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.

22. Cavabdeh “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin 4 nömrəli Regional Sukanal idarəsinin xx.xx.2024-cü il tarixli, 377/K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin təsdiq edilmiş sturukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.

23. İddiaçı bu əmri mübahisələndirərək, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirir.

24. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir.

25. Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbinə görə işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Eyni ilə işəgötürən işçilərin sayını və ştatları ixtisar etmək hüququndan istifadə edərkən ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalı, işçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir.

26. Hazırkı işdən görünür ki, əmək müqaviləsi ləğv edilərkən işə götürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir.

27. Mübahəsiləndirilən əmrdən görünən odur ki, işəgötürən tərəfindən hər hansı əsaslandırma aparılmamış, sadəcə ştat vahidinin ixtisara düşməyi göstərilməklə əmək müqaviləsi ləğv edilmişdir. Halbu ki, ştat vahidinin ixtisara düşməyi ilə işçinin əmək fəaliyyətinin davam etdirməsinin qeyri-mümkünlüyü arasındakı səbəbli əlaqə şərh edilməli, işçinin işdə saxlanılması yönündə hansı tədbirlər görüldüyü göstərilməlidir.

28. Digər tərəfdən, cavabdeh tərəfindən ştatların ixtisarı əsası ilə iddiaçının əmək müqaviləsinin ləğv edilməsi zamanı görülən və görülməli olan tədbirlər arasındakı uyğunsuzluq iş materialları ilə öz təsdiqini tapır.

29. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

30. Məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.

31. Hazırkı iş üzrə iddiaçı uzun illər cavabdeh təşkilatda çalışmış, ixtisarlar aparılanadək nasos qurğularının maşinisti vəzifəsində işləmişdir. Cavabdeh isə ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir.

32. Əmək Məcəlləsinin 78-ci maddəsində ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsi sadalanmışdır, işin halları ilə isə sübut olunur ki, iddiaçı bu dairədə olan şəxsdir.

33. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda digərləri ilə yanaşı müharibə iştirakçılarına və məcburi köçkün statusu olan şəxslərə üstünlük verməlidir.

34. İddiaçının müharibə iştirakçısı olması həm təqdim etdiyi vəsiqə, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə təyin olunan pensiya növünü alması ilə, məcburi köçkün statusuna malik olan şəxs olması isə təqdim etdiyi vəsiqə ilə təsdiq olunur.

35. Bundan əlavə, iddiaçıya xx.xx.2024-cü il tarixdə tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşdüyü, əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi barədə xəbərdarlıq göndərilsə də, bu müddət keçdikdən sonra iddiaçı yenə işini davam etdirmiş, yalnız xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi ləğv edilmişdir.

36. Qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

37. Lakin, cavabdeh tərəfindən bu tələbə əməl edildiyi, həmkarlar ittifaqının razılığının alındığını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir.

38. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən silsilə pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə əsas verir.

39. Cavabdeh “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin iddia tələbinə münasibəti ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi 4 nömrəli Regional Sukanal idarəsi hazırda “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin sturukturuna daxil olmadığından onların iddiaçını işlə təmin etmələri mümkünsüzdür. Sturuktur dəyişikliyindən sonra X6 Sistemlərinin İstismarı İdarəsi yaradılmışdır və bu idarə “X3 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə verilmişdir. İşçini də işlə həmin idarə təmin etməlidir.

40. Məhkəmə qeyd edir ki, təsdiq edilmiş nizamnamələrlə su təchizatı sahəsində idarəçiliyi və müvafiq xidmətləri ölkənin iri şəhərlərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin, iri şəhərlər istisna olmaqla digər rayon və şəhərlərdə isə “X3 Xidməti” publik hüquqi şəxsinin həyata keçirdiyi təsdiq olunur.

41. Lakin, 4 nömrəli Regional Sukanal idarəsinin İmişli sukanal sahəsinin ləğv olunması, nə də “X3 Xidməti” publik hüquqi şəxsinin tabeliyinə keçməsi iş materialları ilə öz təsdiqini tapmır. X6 Sistemlərinin İstismarı idarəsi hazırda mövcuddur və məhkəməyə təqdim edilmiş idarənin ştat cədvəlindən görünür ki, iddiaçının da əvvəllər işlədiyi nasos qurğularının maşinisti ştatı hazırda həmin idarənin sturukturundadır. Lakin bu idarənin hüquqi müstəvidə 4 nömrəli Regional Sukanal idarəsi İmişli sukanal sahəsinin hüquqi varisi olduğu, sahənin balansının və işçi heyətinin ona keçdiyi təsdiq olunmur. Ümumiyyətlə, bu barədə hər hansı əmr, təsdiq edilmiş sturuktur dəyişikliyi və s. təqdim edilməmişdir.

42. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmişdir.

43. Lakin, sturuktur təsdiq edildikdən sonra, xx.xx.2025-ci il tarixdə iddiaçının əmək müqaviləsi ləğv edilərkən əmri “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin 4 nömrəli Regional Sukanal idarəsi təsdiq etmişdir ki, bu da onu göstərir ki, 4 nömrəli Regional Sukanal idarəsi “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin sturukturu və ştat vahidi təsdiq edildikdən sonra de fakto mövcud olmuşdur.

44. Yəni, işdəki mövcud sübutlarla cavabdehin iddiaçının işlə təmin edilməsinin mümkünsüzlüyü – iddiaçının əvvəl işlədiyi idarənin və ştat vahidinin hazırda “X3 Xidməti” publik hüquq şəxsin nəzdində olması barədə dəlili öz təsdiqini tapmır.

45. Lakin, bu faktın həqiqiliyi fərz olunsa belə, bu işçinin işə bərpa tələbininin təmin olunmaması ilə nəticələnə bilməz. İşçinin əmək müqaviləsini cavabdeh “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxs ləğv etmiş, bu zaman əsas müəssisənin ləğvi olmamış, əmrdə göstərilən əsasla ləğv edilərkən isə qanunvericiliyin tələbləri pozulmuşdur.

46. Yuxarıda da qeyd edildiyi kimi, əmək müqavilənin ləğvi barədə əmrin qanunsuz olduğu öz təsdiqini tapdığından, həmin əmrin ləğv edilməsi mütləqdir, işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi isə bunun məntiqi və hüquqi nəticəsidir.

47. Odur ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 377/K nömrəli əmrin ləğv edilməsi hissədə iddia təmin edilməli, eyni zamanda bu tələb əsaslı olduğundan iddiaçının işə bərpa edilməsi hissədə də tələb təmin edilməlidir.

48. İddiaçı məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi irəli sürməsə də Əmək Məcəlləsinin tələbinə əsasən məcburi işburaxma dövrü üçün əmək haqqının iddiaçıya ödənilməsi də təmin edilməlidir.

49. Məcəllənin 300-cü maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

50. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin 4 nömrəli Regional Sukanal idarəsinin xx.xx.2024-cü il tarixli, 377/K nömrəli əmri ləğv edilməli, İddiaçı “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsində nasos qurğularının maşinisti vəzifəsinə işə bərpa edilməli və xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı ona ödənilməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 23 noyabr 2024-cü il tarixli, 377/K nömrəli əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsində nasos qurğularının maşinisti vəzifəsinə işə bərpa edilsin. 23 noyabr 2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı “İri Şəhərlərin X4 Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar