Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2837/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat və ödəniılmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki,sosial şəbəkədə özünü mebel ustası kimi təqdim edən Cavabdeh ilə 22.01.2021ci il tarixdə görüşmüş, edən Cavabdeh onun evinə gələrək mətbəx mebelinin öıçülərini götürmüşdür. Mebelin qiymətini 500 manata razılaşmış, beh olaraq 400 manat ödəmişdir. Cavabdeh həmçinin kağıza mebelin sxemini çəkmiş, behin alındığını qeyd etmiş və həmin kağızı imzalamışdır. O, mebelin 10 günə hazır olacağını bildirmişdir. Sonra cavabdehlə bir neçə dəfə əlaqə saxlamış, cavabdeh müxtəlif bəhanələrlə işi yubatmışdır. Bundan sonra o, 01.02.2021-ci il tarixdə cavabdehin dələduzluq əməlləri ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət etmiş, Polis Şöbəsinin qərarına əsasən cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Həmin qərardan prokurorluq orqanına verdiyi şikayətə cavab olaraq 10.03.2021-ci il tarixli məktubda mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yasamal Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına sübut kimi əlavə edilmiş sxemə əsasən Cavabdeh tərəfindən mətbəx mebelinin sxemi çəkilmiş, cəmi məbləğ 500 manat müəyyən edilməklə 400 manat beh ödənilmiş, 100 manat qalıq qalmışdır. Sənəd Cavabdeh və İddiaçı tərəfindən imzalanmışdır. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında şifahi bağlanmış podrat müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı 400 manat ödəniş etmiş, lakin cavabdeh razılaşdırılmış qaydada 10 gün ərzində mebeli iddiaçıya təhvil verməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh şifahi podrat müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində cavabdeh həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2837/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-2837/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver