Məhkəmə qərarları › İş №2(004)-2848/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2848/2023

16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2848/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunmuşdur. Ərizənin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, cavabdehə yönəldilmiş tələb aydın və dəqiq qeyd edilməmiş, iddiaçı iddia ərizəsinin tələb hissəsində “cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisinə vərəsə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm” yazmaqla kifayətlənmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki cavabdehə yönəldilmiş tələb aydın və dəqiq qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Habelə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar həlli qaydasına riayət etməmiş və buna dair sənədi təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin qeyd edilən Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş qaydaya əməl etməmişdir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət edilməsinə dair sənədi ərizəsinə əlavə etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar