Məhkəmə qərarları › İş №2(004)-2855/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2855/2021

26.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2855/2021 26.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC “xxxx” MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh" ASC “xxxx” MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, "Cavabdeh" ASC-nin nin xx.xx.2020-ci il tarixli, 72-k saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-ci ilin yanvar ayından Şirvan Sukanal idarəsində müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2019-cu ildən işdən çıxarılana qədər "Cavabdeh" ASC-nin "xxxx" MMC-nin Şirvan Sukanal İdarəsi üzrə müştəri xidmətləri şöbəsinin rəisi, sonradan abonentlərlə iş şöbəsinin rəisi vəzifəsində işləmişdir. İşlədiyim müddətdə rəhbərlik tərəfindən heç bir intizam cəzası almamışdır. İşinə daima məsuliyyətlə yanaşıb, vəzifə borcunu layiqincə yerinə yetirmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə dəvət edilməklə tutduğu vəzifədən azad edilməsi barədə ərizə yazmağa təzyiq göstərilməklə məcbur edilmişmiş, xx.xx.2020-ci il tarixli, 72-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, tutduğu vəzifədən azad edilmişdir. "xxxx" MMC-də abonentlərlə iş şöbəsinin rəisi vəzifəsi üzrə 13-cü dərəcə üzrə çalışmaqla 816 manat əmək haqqı almışdır. Son dövrlər sudan istifadə ilə bağlı debitor borclarının yığılması ilə bağlı müəyyən plan verilmişdir. Şirvan şəhər ərazisində müəyyən yerlərdə, həmçinin şəhərin yaşıllaşdırma ilə əlaqədar tərəfindən qanunsuz su xəttlərinin verilməsi bəhanə gətirilmişdir. Əlavə olaraq eyni idarədə onunla çalışan Ç.Mehrəliyevin əmək haqqı kartından tərəfindən qanunsuz pul çəkmə bəhanəsi ilə işgüzar nüfuzuna xələl gətirilmiş, bütün bunların nəticəsi olaraq, kompüter vasitəsilə hazırlanmış blankda olan işdən çıxma ərizəsinə təzyiq altında imza etməsinə məcbur edilmişdir. Sudan istifadə ilə bağlı debitor borcların yığılması ilə əlaqədar vəzifə təlimatı üzrə səlahiyyətləri tam və layiqincə icra etmiş, işlədiyi müddət ərzində rəhbərlik tərəfindən heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Şirvan şəhər ərazisində müəyyən yerlərdə, həmçinin şəhərin yaşıllaşdırma ilə əlaqədar qanunsuz su xəttlərinin verilməsi ilə əlaqədar bildirmək istəyir ki, vəzifə təlimatı üzrə su xəttinin verilməsi onun səlahiyyətində deyil. Qeyri-əhali abonentləri su şəbəkəsinə qoşulmaq üçün texniki şərtin verilməsi ilə əlaqədar müvafiq qaydada CavabdehSC-yə müraciət etməlidir. Əlavə olaraq şəhər ərazisində hər hansı bir abonentin zərurətlə su şəbəkəsinə qoşulması, sudan və kanalizasiya şəbəkəsindən istifadə Şirvan Sukanal İdarəsinin rəhbərliyi və müvafiq şöbələrin məlumatı, nəzarəti və göstərişi ilə aparılır. Şirvan Sukanal İdarəsinin işçisi Ç.Mehrəliyevin əmək haqqı kartından tərəfindən qanunsuz pul çəkmə ilə bağlı bildirmək istəyir ki, əmək haqqı verilməsi ilə əlaqədar Kapital Bankın 28 may filialında adına rəsmiləşdirirlmiş 4169 7332 1336 4800 nömrəli kartdan tərəfindən əmək haqqı çıxarılmışdır. Daha sonra guya onun hesabına bağlı olan Ç.Mehrəliyevin hesabından əmək haqqının mənimsənilməsi ilə əlaqədar iradlar bildirilmişdir. Bu halların araşdırılması ilə əlaqədar ilk öncə Kapital bankın 28 may filialına müraciəti, sonradan hər iki tərəfin şikayət ərizəsi əsasında Şirvan şəhər Polis Şöbəsində araşdırılma aparılır. Yuxarıda qeyd etdiyi təzyiq altında yazılmış ərizənin etibarsız sayılması barədə xx.xx.2020-ci il tarixdə işəgötürənə teleqramla müraciət etmiş, əlavə olaraq xx.xx.2020-ci il tarixdə barəsində tətbiq olunan qanun pozuntuları barədə ətraflı ərizəsini "Cavabdeh" ASC-nin "xxxx" MMCnin rəhbəri Tural Abbasova ünvanlamışdır. Əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsi öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olmamışdır. Belə ki, 816 manat əmək haqqı alan, səmərəli əmək fəaliyyəti olan, isdən azad edilməsinə heç bir səbəb olmayan. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3- cü bəndində nəzərdə tutulmuş səbəbləri (məsələn: daha yüksək əmək haqqı verən işəgötürənlə əmək müqaviləsinin bağlanması, başqa yaşayış məntəqəsində olan yaşayış yerinə köçməsi və s.) olmalıdır ki, işəgötürən xəbərdarlıq müddəti gözləmədən ərizənin verildiyi gün dərhal əmək müqaviləsinin ləğv edilməsini tələb etsin. Hazırki dönəmdə işlə təmin olunmanın neçə çətin olmağını nəzərə alıb, Şirvan səhərində yetərincə hesab etdiyi əmək haqqı müqabilində vəzifədən könüllü səkildə imtina etmək ağılsızlıq olardı. Əlavə olaraq bildirmək istəyir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış edildikdə məmur özbaşınalığı barədə qeyd yazmaqla ‘‘Birləşmiş Sükanal” MMC-nin direktor müavini Vəfa Qəyyumov tərəfindən hədə qorxu ilə ərizəyə imza edilməsini qeyd etmişdir. Əlavə olaraq bildirir ki, cavabdeh təşkilat tərəfindən hec bir razılıq olmadan əmək haqqı məbləğindən cari ilin yanvar ayında 20 % qanunsuz tutulma olmuşdur. Əmək haqqından tutulma barədə işəgötürən tərəfindən heç bir məlumat verilməmişdir. Qeyd edilmiş hüquqi və faktiki əsaslar iddia tələbinin təmin edilməsini şərtləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixli ərizəyə əsasən İddiaçı "Cavabdeh" ASC-nin "xxxx" MMC-nin rəhbəri Tural Abbasova müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. "Cavabdeh" ASC-nin “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 72-k saylı əmri ilə MMC-nin Şirvan Sukanal idarəsinin Abonentlərlə iş şöbəsinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2020-ci il tarixli, xxxxxxx0004X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə xx.xx.2021-ci il tarixdə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli teleqramdan göründüyü kimi, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəsinin etibarsız sayılması barədə ərizəsi "Cavabdeh" ASC-nin "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdə, saat 16:50-də qəbul edilmişdir. Həmçinin, iş materialları ilə müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 72-k saylı əmr xx.xx.2021-ci il tarixdə İddiaçı rəsmi qaydada verimişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqının tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə görə isə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı xx.xx.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsini xahiş etmiş, əmək qanunvericiliyinə uyğun olaraq "Cavabdeh" ASC-nin “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 72-k saylı əmri ilə əmək müqaviləsinə xitam verildikdən sonra ərizənin etibarsız hesab edilməsi barədə cavabdeh təşkilata müraciət etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddiaçı cavabdeh "Cavabdeh" ASC “xxxx” MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar