Məhkəmə qərarları › İş №2(004)-2860/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2860/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2860/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri və vəkilləri Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 06.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 390.200 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada görülmüş işlərə görə 811.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, onlar 7 qardaş və atası ilə birlikdə Şıxov qəsəbəsində yerləşən taxta sexində usta işləmişdir. 2008-ci ildə Cavabdeh2 onun işlədiyi sexə gəlmiş və onun “Ay İşığı” şadlıq sarayı üçün düzəltdiyi stol və stulları bəyəndiyini bildirmiş, Cavabdeh1 məxsus olan “Mono Liza” şadlıq sarayı üçün 400 ədəd stul və 400 nəfərlik qabaq stolu, 4 ədəd böyük qapı və bar yığılmasını sifariş vermişdir. Qabaq stollar 10, 12, 14 nəfərlik olmuşdur. Bu işlərin görülməsini 75.000 manata razılaşmışlar, düzəldəcəyi əşyaları bahalı meşə materialından hazırlamalı idi. Cavabdeh2 ona materialın alınması üçün 25.000 manat pul vermişdir. O, qardaşları ilə birlikdə 6 ay ərzində 200 ədəd stul və 200 nəfərlik qabaq stolu düzəlmiş və hazır vəziyyətdə 2008-ci ilin dekabr ayında Cavabdeh2 təhvil vermişdir. Cavabdeh2 Bakı Dövlət Universitetinin təsərrüfat işləri üzrə prorektoru işləyir, Cavabdeh1 isə BDU-nun keçmiş rektorudur. O, stolları və stulları Cavabdeh2 təhvil verəndə hər hansı bir sənədləşmə aparmamışdır. O, bütün danışıqları Cavabdeh2 ilə aparmışdır. 2009-cu ilin yanvar ayında onlar Şıxovdakı sexdən çıxmış və BDU-nun emalatxanasına köçmüşlər, emalatxanada 2 ədəd dəzgah var idi, o, özünə məxsus olan 2 ədəd dəzgahı da gətirib emalatxanaya quraşdırmışdır. Həmin vaxtdan Cavabdeh1 onu, qardaşları X2 və X4, bacısı uşaqları X5 və X6, qardaşı oğlu X8 Bakı Dövlət Universitetinə rəsmi işə götürmüşdür. Bundan sonra onlara rəsmi əmək haqqı yazılmış və əmək haqlarını tam şəkildə almışlar. Onlar yarımçıq qalan sifarişlərini BDU-nun emalatxanasında 6 nəfərdən ibarət olan briqadası (qohumları) ilə birlikdə hazırlamış və “Mono Liza” şadlıq sarayı üçün sifariş verilmiş 400 ədəd stul və 400 nəfərlik qabaq stolu, 4 ədəd böyük qapı və bar yığılmasını 2014-cü ilə kimi tamamlamış və Cavabdeh2 təhvil vermişlər. Ödənilmiş 25.000 manat vəsait heç materiala görə çəkdikləri xərcləri ödəmir. Beləliklə, cavabdehlərin ona “Mono Liza” şadlıq sarayında gördükləri işlərə görə 45.000 manat borcu qalıb. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun illər gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla ona 45.000 manat əvəzinə 120.000 manat ödəməlidirlər. Təhvil təslim barədə hər hansı bir yazılı sənəd tərtib etməmişlər. Aralarında sifarişin qəbulu və işlərin yerinə yetirilməsinə dair hər hansı bir yazılı sənəd tərtib etməmişlər. Cavabdehlərlə qohumluq əlaqələri olduğuna görə bir-birinə etibar etmişlər. Onlar iş vaxtı ərzində BDU-nin işçiləri olaraq BDU-nun binasını təmir etmişlər, işdən sonra isə cavabdehlərin şəxsi sifarişlərini yerinə yetirmişlər. Cavabdeh2 2011-ci ildə Cavabdeh1 məxsus olan Bakı şəhəri Süleyman Dadaşov küçəsindəki 4 mərtəbəli villada pilləkən (71 pilləli) (1 ədədi 300 manat olmaqla 21.300 manat), mansardı 15.000 manat, 2 və 3-cü mərtəbələrdə sahəsi 30 kv.m olan barların yığması 9.000 manat, 20 ədəd qapı 20.000 manat və 18 ədəd radiator üzlüyü 10.000 manat, şəbəkənin hazırlanması 15.000 manat, həmin evin həyətində sahəsi söhbətgahın yığılması ilə birlikdə ümumi dəyəri 90.300 manat təşkil edən sifarişi vermişdir. Bu sifariş üçün Cavabdeh2 ona 23.000 manat vermiş, 67.300 manat borc qalmışdır. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun illər gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla ona 67.300 manat əvəzinə 145.000 manat ödəməlidirlər. O, Şıxovdakı sexdə işləyərkən 50.000 manat pulu olmuş və həmin pala özünə sex tikmək istəmişdir. Ona BDU-nun emalatxanasına kösmək təklif edildiyinə görə, sex tikməyə zərurət qalmamış və əlindəki vəsaiti Cavabdeh1 məxsus əmlaklarda gördüyü işlərin hazırlarması üçün taxta alınmasına xərcləmişdir. 2011-2012-ci illərdə Bakı şəhəri Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kv. m olan kitab rəfinin yığılmasına görə ümumi dəyəri 13.200 manat (kvadrat metri 300 manatdan); 50 kv.m sahədə mətbəx mebelinin yığılmasına görə dəyəri 15.000 manat (kvadrat metri 300 manatdan) olan işlərin icrasına görə ona ödəməli olduqları 28.200 manat indiyə kimi ödənilməyib. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun illər gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla ona 28.200 manat əvəzinə 53.000 manat ödəməlidirlər. 2012-2013-cü illərdə Bakı şəhəri Şərifzadə küçəsindəki “Qlobus” bağçasında materialı ondan olmaqla ümumi dəyəri 80.000 manat olan işlərə (qapıların, mebelin yığılması, çarpayıların və sair hazırlanması) görə yalnız alınmış materialın pulu - 15.000 manat ödənilib, 65.000 manat ödənilməyib. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun illər gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla ona 65.000 manat əvəzinə 133.000 manat ödəməlidirlər. 2014-2017-ci illərdə Xaçmaz rayonu Nabran qəsəbəsi Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15.000 manat olan 300 ədəd qapının quraşdırılması; 4000 kv.m sahədə ümumi dəyəri 160.000 manat olan üzləmə işlərinin icrası; mebellərin yığılması üzrə ümumi dəyəri 20.000 manat; barların yığılması üzrə ümumi dəyəri 15.000 manat olan işlərin icrasına görə ona ödənilməli olan 210.000 manat əvəzinə, 40 ayda cəmi 24.000 manat verilmişdir, 186.000 manat indiyə kimi ödənilməyib. Cavabdehlər pul vəsaitinin ödənilməsini uzun illər gecikdirdiklərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi nəzərə alınmaqla ona 186.000 manat əvəzinə 360.000 manat ödəməlidirlər. 2016-cı ilin yay aylarında Cavabdeh1 ona 5-6 aya borcun əvəzi olaraq ona Badamdar qəsəbəsində sahəsi 20 sot olan torpaq sahəsi və Mətbuat prospektindəki yataqxananın yerində inşa ediləcək binada üç otaqlı tam təmirli mənzil verəcəyini bildirmişdir. O, 165.000 manat veriləcəyi təqdirdə aralarındakı məsələni sülh yolu ilə həll etməyə razı olduğunu bildirmiş və gördüyü işlərə dair apardığı öz qeydlərini Cavabdeh2 vermişdir. O, Cavabdeh1 qardaşı Rauf Məhərrəmovla görüşmüş və borcun qaytarılmasına ona köməklik etməsini xahiş etmişdir. 11.10.2020-ci ildə Rauf Məhərrəmov ona 5.000 manat pul vermiş və qalan 160.000 manat borcu isə 2020-ci ilin dekabr ayına kimi cavabdehlərin ona ödəyəcəklərini bildirmişdir. O, qalan 160.000 manat ödənilmədiyinə görə 2021-ci ilin yanvar ayının 15-20-si arası yenidən Rauf Məhərrəmovla əlaqə saxlamış və danışıqlarından anlamışdır ki, cavabdehlərin ona olan borcu ödəmək niyyəti yoxdur. Bu səbəbdən məhkəməyə məhkəməyə müraciət etmişdir. 2020-ci ilin dekabrında borcu yenidən istəsələr də, cavabdeh borcu yenidən etiraf edərək dedi ki, pandemiya məhdudiyyətlərinə görə obyektləri işləmədiyindən hələ ödəyə bilməyəcəkdir. Obyektlərin hamısı Cavabdeh1 aid olsa da, işlərin görülməsi üçün tapşırıqları Cavabdeh2 vermiş və işlərin icrasına nəzarət etmişdir. Beləliklə, o, briqadası ilə birlikdə Cavabdeh1 məxsus olan daşınmaz əmlaklardakı işlərini 2008-2017-ci illər ərzində tam başa çatdırmış və Cavabdeh2 təhvil vermişdir. Cavabdehlər ona 2016-cı ildə ümumilikdə 390.200 manat borclu qalmışlar. Bu borc vaxtında ödənilmədiyinə görə hesab edir ki, 390.200 manat əvəzinə ona 811.000 manat ödənilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri və vəkilləri Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdehlər iddiaçını Bakı Dövlət Universitetinin işçisi kimi tanıyırlar. Onların arasında işəgötürən və işçi münasibəti olmuşdur. İddiaçıya işlədiyi vəzifəsinə uyğun olaraq BDU tərəfindən rəsmi əmək haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı universitetin işlərindən başqa hər hansı bir şəxsi işlərinin görülməsi barədə göstəriş, tapşırıq verməmişlər. Buna dair tərəflər arasında hər hansı bir tapşırıq, podrat, sifariş müqaviləsi və sair müqavilə bağlanmamışdır. Cavabdehlər iddiaçıya hər hansı bir sifariş verməmiş və iş gördürməmişlər. Cavabdehlərin iddiaçı heç bir borcu yoxdur. İddiaçının cavabdehlərlə hər hansı bir təmir-tikinti işlərinin görməsi, avadanlıq və mebellər quraşdırılması üçün iddia ərizəsində göstərildiyi kimi heç bir razılaşma olmamışdır və işlər görülməmişdir. İddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə istinad edərək podrat müqaviləsindən irəli gələn və tərəflərin vəzifələrini müəyyən edən podrad müqaviləsi mövcud olmamışdır. Podrat müqaviləsi mövcud olduğu təqdirdə belə, Mülki Məcəllənin 373.2-ci maddəsinə nəzərdə tutulmuş müqavilə tələbləri üzrə üç illik iddia müddəti keçmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması uçun əsasdır. İddia ərizəsində iddianın predmeti kimi 390.200 manat, daha sonra isə iddia tələbinin həcmini artıraraq 811.000 manat pul tələb edilsə də, iddianın əsasını təşkil edən və həmin borcun yaranmasını təsdiq edən heç bir sənəd (müqavilə, qaimə, ödəniş və sair). İddia ərizəsində Bakı şəhəri Süleyman Dadaşov küçəsindəki 4 mərtəbəli villada, “Mona Liza” şadlıq sarayında, Bakı şəhəri Mərdəkan qəsəbəsindəki bağ evində, Bakı şəhəri Şərifzadə küçəsindəki “Qlobus” uşaq bağçasında, Xaçmaz rayonunda müxtəlif təmir-tikinti və quraşdırma işlərinin görülməsini göstərsə də, həmin obyektlərin cavabdehlərə ümumilikdə və ayrı-ayrılıqda hansı aidiyyətinin olması və onların mülkiyyətində olub-olmaması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Görülmüş işlərə görə ödənişlərin əvəzi kimi guya iddiaçıya verilməli olan Badamdar qəsəbəsində 20 sot torpaq sahəsinin və Mətbuat prospektindəki yataqxananın yerində inşa ediləcək binada üç otaqlı tam təmirli mənzilin cavabdehlərin mülkiyyətində olması və həmin əmlaka görə aralarında yazılı razılaşmanın olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçının məhkəməyə diskdə təqdim eldiyi fotoşəkilərin işdə iştirak edən iddiaçının tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar deyildir. İşin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Bakı Dövlət Universitetinin emalatxanasında əmək müqaviləsi üzrə işləmişdir. Həmçinin işdən sonra, həftənin altıncı bazar günləri və iş günü fesab edilməyən bayram günlərində Cavabdeh1 məxsus olan Bakı şəhəri Süleyman Dadaşov küçəsindəki inşa edilən 4 mərtəbəli villada işləmiş, orada 71 ədəd pilləkənin yığılmasında usta kimi işləmişdir. Bundan başqa usta kimi bağçada taxta işləri görmüşdür. Ona əmək haqqı iş yerindən ödənilib, aydan 380-470 manat əmək haqqı almışdır. Pilləkənin yığılmasına görə 20.000 manat ödənilməli idi. Pilləkənin yığılmasına görə zəhmət haqqını İddiaçı ona ödəməli idi. Cavabdeh1 onlara bildirmişdir ki, iş yerindən aldıqları əmək haqqından başqa, gördükləri işə görə əlavə pul ödəyəcəkdir. “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində işləmişdir. Cavabdehlər obyektə baş çəkməyə gələndə ustaların hər birinə 150-200 manat pul verirdi və qonaqlıq təşkil edirdilər. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı onun doğma qardaşıdır. 12 ildir dülgər işləyir. Onlar Bakı Dövlət Universitetinin emalatxanasında usta işləyirlər. İş saatlarından sonra gec saatlaradək işləyərək Cavabdeh1 şəxsi işlərini görmüşlər. Cavabdeh2 onlara arada yığıncaq təşkil edərək, işləmələrini və hər şeyin yaxşı olacağını bildirmiş və çörək pulu kimi hər dəfə onlara 100-150 manat vəsait vermişlər. O, “Mono Liza” şadlıq sarayında, “El Faro” istirahət mərkəzində işlər görmüşdür. İş vaxtından sonra öz gəlirləri üçün işləmişlər. Dəfələrlə pulu ödəyəcəklərini bildirsələr də, onlara vaəsait ödənilməmişdir. Məhkəmə iddiaçının, cavabdehlərin nümayəndələri və vəkillərinin izahatını, iddiaçının şahidlərinin ifadələrini dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Bakı Dövlət Universiteti ilə İddiaçı arasında bağlanmış 01.07.2010-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Bakı Dövlət Universitetinə 01.07.2010-cu il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmiş, sonradan təmir tikinti sahəsinə suvaqçı-rəngsaz vəzifəsinə keçirilmişdir. İddiaçı iddia tələbində və məhkəmə iclasında verdiyi izahatında, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında podrat müqaviləsi bağlandığını, podrat müqaviləsinə əsasən Cavabdeh2un tapşırığı ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri Süleyman Dadaşov küçəsindəki 4 mərtəbəli villada, “Mona Liza” şadlıq sarayında, Bakı şəhəri Mərdəkan qəsəbəsindəki bağ evində, Bakı şəhəri Şərifzadə küçəsindəki “Qlobus” uşaq bağçasında, Xaçmaz rayonu Nabran qəsəbəsi Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində müxtəlif təmir-tikinti və quraşdırma işlərinin (taxta, mebel işləri) gördüklərini bildirsə də, tərəflər arasında sadə yazılı formada və ya notarial qaydada təsdiq edilmiş, hər hansı bir tapşırıq, podrat, sifariş müqaviləsini, smeta və sair yazılı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İddia ərizəsində cavabdehlərdən müştərək qaydada əvvəlcə 390.200 manat, daha sonra iddia tələbinin həcmini artıraraq 811.000 manat pul tələb edilsə də, iddianın əsasını təşkil edən və həmin borcun yaranmasını təsdiq edən heç bir yazılı sənədi (cavabdehlərə iş görülməsi məqsədilə nə qədər meşə materialı almasını, bu materialları haradan və kimdən, neçəyə almasını, hazırladığını iddia etdiyi stol, stul, qapı, mebel, pilləkən, bar və sair üçün eskiz layihələri, onların hər birinə işlənən materialın həcmini və dəyərini təşkil edən smeta-layihə sənədlərini və sair) məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı izahatında cavabdehlərə iş görməsinə, gördüyü işləri təhvil verməsinə və görülən işlərə görə ona borclu qalmalarına dair sadə yazılı formada və ya notarial qaydada təsdiq edilmiş yazılı sübutu olmadığı bildirmişdir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının izahatında göstərdiyi xüsusatlar, yəni iddiaçının cavabdehlərə məxsus obyeklərdə işlər görməsi, gördükləri işlərə görə cavabdehlərin iddiaçıya 811.000 manat borcu yaranması, iddiaçının özünün şifahi izahatı, qardaşı və digər iş yoldaşının verdiyi ifadələr əsasında təsdiq edilə bilməz, bu izahat və ifadələr iddianın təmin edilməsi üçün yetərli mötəbər sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada görülmüş işlərə görə 811.000 manat pul tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar