Məhkəmə qərarları › İş №2(004)-288/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-288/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-288/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması, tələbin ipoteka predimetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predimetinin boşaldılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması, tələbin ipoteka predimetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predimetinin boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxxxxxxxxxxxxxxx” MMC-dən və Cavabdeh2 xx.xx.2018-ci il tarixli, RB/MF-5182 saylı Baş kredit müqaviləsi üzrə əsas borca irə 153 400,86 ABŞ dolları, faiz borcuna görə 34902,45 ABŞ dolları, cərimə borcuna görə 50000 ABŞ dolları olmaqla borcun cəmi məbləğində 238303,31 ABŞ dolları və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m. olan 77 nömrəli bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 xx.xx.2018-ci il tarixli, RB/MF-5182 saylı Baş kredit müqaviləsi üzrə əsas borca görə 238303,31 ABŞ dolları və 61 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m. olan 77 nömrəli bağ evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m olan 77 nömrəli bağ evinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC rasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/MF-5182 saylı Baş kredit müqaviləsinə sasən illik 9 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 250 000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli, RB/MF-5182 saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 MMC kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 MMC öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh1 MMC bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixli, RB/MF-5182 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2018-ci il tarixli, RB/MF-5182 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m. olan 77 nömrəli bağ evi İddiaçı ASC qarşısında xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RB/MF-5182 saylı Baş kredit müqaviləsinin 4.6cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, cavabdehə 250000 ABŞ dolları həcmində kredit xətti açılmış və 210000 ABŞ dolları kredit götürülmüşdür. 153400,86 ABŞ dolları əsas borc təşkil edir. Müqavilənin 2.7-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müdəti ərzində müqavilə üzrə hesablanmış faiz dərəcəsi 9%-dir. Müqavilə müddətinin bitdiyi tarixdən, yəni xx xxxxx 2019-cu il tarixdən faiz dərəcəsi ikiqat hesablanır. Cərimənin hesablanması ilə bağlı bildirir ki, müqavilə üzrə son ödəniş 2019-cu ilin iyul ayında olmuşdur, hesab edir ki, cərimənin hesablanmasında bank cavabdehlərə humanist münasibət göstərmişdir. Bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddia ərizəsində 250000 ABŞ dolları kredit verildiyi qeyd edilmişdir. Lakin həmin məbləğdə kredit verilməmiş, 250000 ABŞ dolları həcmində kredit xətti açılmışdır. Faktiki olaraq isə 200000 ABŞ dolları kredit götürülmüş və 61550 ABŞ dolları banka geri ödənilmişdir. Beləliklə, cavabdehlərin banka 138450 ABŞ dolları əsas borcu qalmalı idi. Həmin məbləğin 39550 ABŞ dolları zamin olaraq Cavabdeh2 tərəfindən, 22000 ABŞ dolları isə əsas borclu ödəmişdir. Odur ki, faiz də hesablanmaqla əsas borc 148 000 ABŞ dollarından artıq ola bilməz. Həmçinin 34000 ABŞ dolları faiz borcunun necə yarandığı da məlum deyildir. Düzdür müqavilədə gecikmə olduğu halda faizlərin ikiqat məbləğdə hesablanacağı qeyd edilmişdir, lakin bununla bağlı tərəfə heç bir məlumat verilməmiş və hansı tarixdən faiz borcunun ikiqat hesablandığı onlara məlum deyildir. Həmçinin müqavilədə cərimənin 1% məbləğdə hesablanacağı qeyd edilmişdir, lakin tələb olunan cərimə borcunun necə hesablandığı da məlum deyildir. Cavabdeh2 zamindir və müqavilə üzrə məsuliyyəti vardır. Lakin tələb olunan məbləğlə razı deyillər. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, o, iddia ərizəsini qismən qəbul edir. Belə ki, əsas borcu üzrə məbləği qəbul edir, lakin dəbbə və faiz məbləği iddiaçı tərəfindən şişirdilmişdir. Məhkəmədən Kredit müqaviləsinin müddətinin xx.xx.2019-cu ildə bitdiyini və “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin həmin müddətədək cədvəl üzrə faiz ödənişlərini etdiyini nəzərə alınmasını, xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2019cu il tarixdən cərimə pulu illik 5 faizlə hesablanmalı olmasına baxmayaraq iddiaçı tənasübsüz surətdə yüksək dəbbə pulu tələb edir. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh1 MMC (borc alan) arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli RB/MF-5182 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə illik 9 faiz olmaqla 250000 manatməbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 MMC-nin bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2018-ci il tarixli, RB/MF-5182 saylı zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 4724 saylı ekspert rəyinə əsasən Cavabdeh1 MMC – borc alanın banka xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 172814,05 ABŞ dolları əsas borcu, 1036,88 ABŞ dolları faiz borcu, xx.xx.2019-cu il tarixə (iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixə) 159541,16 ABŞ dolları əsas borc, 7338,76 ABŞ dolları faiz borcu, xx.xx.2020-ci il tarixə (ekspert rəyi verildiyi tarixə) 159541,16 ABŞ dolları əsas borc, 33264,20 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliklərə görə borclu Cavabdeh1 MMC ilə eyni məsuliyyəti daşıyır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiklərindən iddia tələbi əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmış faiz borcu hissəsində cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin 153400,86 ABŞ dolları əsas borc və müqavilə müddətinin bitdiyi tarixə 1036,88 faiz borcu hissəsi üzrə hesab edir ki, əsas və faiz borcu ekspert rəyi ilə təsdiq edildiyindən həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, ... qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz (burada MM-in əqdlərin etibarsızlığına dair 339-342 və 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır). Bu prinsip MM-in 390.2-ci maddəsinin birinci cümləsində və 390.5-ci maddəsində təsbit olunmuşdur. ... Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. ... Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmin Qərarın nəticə hissəsinə əsasən kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, yuxarıda göstərilən Qərardan irəli gələn tələblərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinə əsasən həmin müqavilənin müddəti bitənədək faiz borcunun, müqavilə müddəti bitəndən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və yüksək məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 50000 ABŞ dolları məbləğində deyil, 1000 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 153400,86 ABŞ dolları əsas borc, 1036,88 ABŞ dolları faiz borcu, cərimə borcuna görə 1000 ABŞ dolları tutularaq iddiaçı “xxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış xx xxxx 2018-ci il tarixli RB/MF-İP5182 saylı ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəəsbəsi ünavnında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m olan 77 nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti də məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. xx.xx.2020-ci il tarixli, LP-017/20 saylı Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəəsbəsi ünavnında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m olan 77 nömrəli bağ evinin hazırki bazar dəyəri 125000 manat təşkil edir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31 manat dövlət rüsumu, cəmi 61 manat xərcin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli, 4724 saylı ekspert xərclərinə dair bildirişdən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti də cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 153400,86 ABŞ dolları əsas borc, 1036,88 ABŞ dolları faiz borcu, cərimə borcuna görə 1000 ABŞ dolları ümumilikdə cəmi 155437,74 ABŞ dolları, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m olan 77 nömrəli bağ evinə yönəldilərək açıq hərracda satılmalı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m olan 77 nömrəli bağ evinin ilkin satış qiyməti 125000 manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh3 verilməli, ipoteka predmeti olan daşınmaz əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 200) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 153400,86 (yüz əlli üç min dörd yüz ABŞ dolları səksən altı sent) ABŞ dolları əsas borc, 1036,88 (bir min otuz altı min səksən səkkiz sent) ABŞ dolları faiz borcu, cərimə borcuna görə 1000 (bir min) ABŞ dolları ümumilikdə cəmi 155437,74 (yüz əlli beş min dörd yüz otuz yeddi ABŞ dolları yetmiş dörd sent) ABŞ dolları, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsumun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m olan 77 nömrəli bağ evinə yönəldilərək açıq hərracda satılsın. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m olan 77 nömrəli bağ evinin ilkin satış qiyməti 125000 (yüz iyirmi beş min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh3 verilsin. İpoteka predmeti olan daşınmaz əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar