Məhkəmə qərarları › İş №2(004)-2886/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2886/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2886/2021 08.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı xxxx MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir ki, ayrı-ayrı şəxslərə topdan və ya pərakəndə şəkildə avtomatik və seyf qapılarının satışını həyata keçirir. Həmin şəxslər mütəmadi olaraq alqı-satqı etdikləri zaman şirkət tərəfindən müştəriyə məhsul əvvəlcədən verilir və həmin müştəri özü üçüncü şəxslərə məhsulu satdıqdan sonra pulunu şirkətə gətirib ödəyir. Belə şəxslərdən biri də hazırki iş üzrə Cavabdeh olmuşdur. Cavabdehla müəssisə rəhbərliyi 2016-cı ildən ticarət əlaqəsi yaratmışdır. Cavabdeh sonuncu dəfə 2019-cu ildə xeyli miqdarda mal verilmiş, ümumi dəyəri 38299 manat olan hazır avtomatik qapılar və digər təyinatı üzrə ehtiyat hissələrinin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Cavabdehin yuxarıda qeyd edilən əsaslar üzrə 38299 manat borcu yaranmışdır. Hal-hazırda isə cavabdeh X2 borclu olduğu pul məbləğini qaytarmaqdan yayınır. Müvafiq halda cavabdeh X2 üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və İddiaçı MMC-yə olan borcunu qaytarmaması nəticəsində müəssisə xeyli miqdarda maddi itkilərə məruz qalmışdır. Hesab edir ki, bu itkilər cavabdeh tərəfindən İddiaçınə ödənilməlidir. Nəticədə İddiaçı MMC bu şəxsə qarşı mülki iddia qaydasında məhkəməyə müraciət etməklə müəssisəyə olan pul borcunun və vurduğu əlavə ziyanın qaytarılmasını tələb etmək zərurətində qalmışdır. Göstərilənlərə əsasən cavabdehin aralarında şifahi əqd üzrə borclu olduğu 38299 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, cəmi 38329 manat pul cavabdeh X1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı xxxx MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə verdiyi izahatda və izahat əlavə etdiyi özünə məxsus əlyazma ilə yazılmış borclu olduğu məbləği təsdiq edən siyahını təqdim etmişdir. Həmin siyahıya əsasən Cavabdeh aşağıdakı qapı və onun hissələrini almasını etiraf edir: qapı düz qalxan-1900 manat; Quba Altun meşə-1600 manat; Şəmkir bejevi-1700 manat; Düz qalxan masalı-1950 manat; İsador xonçalı-1750 manat; Ağ xətti 6 metr-2200 manat; Şəmkir bejevi-1550 manat; sensornu Elçin-1800 manat; motor sensornu-580 manat; motor sensornu-550 manat; panel kaletkalıq-130 manat; panel 2 lay-730 manat; qabırğa 5 ədəd- 285 manat; təzə venger-1300 manat; ağ xətli kaletkalı-2450 manat; altın meşə metrəlik xonça-1400 manat; panel-bejevi 2 lay-900 manat; kaletkalıq panel-165 manat; panel xətli ağ-330 manat. Həmin məhsulların cəmi dəyəri 23270 manat edir ki, həmin məbləğdə malların alınmasını cavabdeh etiraf edir, lakin həmin məhsulların ödənilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Həmin məhsullardan əlavə Cavabdeh 5620 manat borcunun olmasını da etiraf etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin məhkəmə elektron SMS bildiriş) göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduqları yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında ticarət əlaqəsi olmuş, müxtəli vaxtlarda, müxtəlif məbləğ və sayda avadanlıqların alqı-satqısı (şifahi razılığa əsasən malların nisyə alqısatqısı) olmuşdur. İddiaçı hazırda cavabdehin ondan aldığı malların dəyərini ödəmədiyini və ümumilikdə mallara görə 38329 manat məbləğində borcunun olduğunu iddia edir. Cavabdeh Xəzər rayonu Polis İdarəsinin 2-ci Polis şöbəsində verdiyi izahatında iddiaçıdan mallar aldığını və həmin mallara görə iddiaçıya hazırda 5260 manat məbləğində borcununun olduğunu etiraf etmişdir. İddiaçı tərəf cavabdehin ona 5260 manat məbləğində deyil, 38329 manat məbləğində borcunun olduğunu bildirsə də, iş materiallarında bu halları təsdiq edəcək sübutlar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia cavabdehin etirafı miqdarda (Xəzər rayonu Polis İdarəsinin 2-ci Polis şöbəsində verdiyi izahatına əsasən), yəni qismən təmin edilməli, Cavabdeh 5260 (beş min iki yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50%, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5260 (beş min iki yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50%, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar