Məhkəmə qərarları › İş №2(004)-2888/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2888/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2888/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 01 iyul 2024-cü il tarixli, 0107/001 saylı müqavilə üzrə yaranmış 59500 manat məbləğində əsas borcun, 5950 manat cərimə (dəbbə pulu) pulunun, 287 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 400 manat vəkilə ödənilmiş xərcin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh təşkilat Cavabdeh MMC arasında 01 iyul 2024-cü il tarixli, 0107/001 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 1.1-ci bəndinə əsasən, İnvestisiya edən müqavilə üzrə verilən pul məbləğini (bundan sonra borc) investisiya alana verir. Sonuncu isə müəyyən olunan şərtlərlə və qaydada investisiya edənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda, həmin müqavilənin 1.2-ci maddəsinə əsasən, bu müqavilə üzrə borc 4 (dörd) təqvim ayı (xx.xx.2024) müddətinə verilir və həmin müddət başa çatanadək 26 oktyabr 2024-cü il tarixində Özbəkistan Respublikasında Sport Kompleksi Unusadabda keçirilən Murdanın konsertindən yığılan vəsaitin 50 faizi nisbətində investisiya edənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilə üzrə borcun ümumi məbləği 59500 (əlli doqquz min beş yüz) manatdır. Müqavilənin 1.4-cü bəndinə əsasən, borc Özbəkistan Respublikasında Sport Kompleksi Unusadabda keçirilən Murdanın konsertində xərcləri ödəmək məqsədi üçün verilir. Xüsusi olaraq qeyd olunmalıdır ki, müqavilənin adı investisiya müqaviləsi olsa da, tərəflər arasında faktiki olaraq borc münasibətlərini ehtiva edir, tərəflər arasındakı münasibətlər borc münasibətləridir və borc verənə münasibətdə sahibkarlıq fəaliyyətindən irəli gələn münasibət olmadığına görə mülki xarakterli münasibətdir. Qeyd olunmalıdır ki, onunla cavabdeh təşkilat Cavabdeh MMC arasında bağlanmış 01 iyul 2024-cü il tarixli, 0107/001 saylı müqavilə əsasında 59500 (əlli doqquz min beş yüz) manat məbləğində pul cavabdeh təşkilata verilməsinə və sonuncu təşkilat da həmin vəsaiti xx.xx.2024-cü il tarixində ödəməli olmasına baxmayaraq, pul bu günə kimi ödənilməmişdir. Qeyd edilir ki, xx.xx.2024-cü il tarixindən sonra Cavabdeh MMC-nin direktoru X1 yenidən başqa bəhanələrlə borcları ödəməmiş, ödəmədiyini işlərinin qaydasında olmaması, konsert tədbirlərinin təxirə salınması və bu səbəbdən qazanc əldə edə bilməməsi ilə əlaqələndirmişdir. xx.xx.2024-cü il tarixində ödəməli olduğu borc pulu da ödəməmiş və nəticədə müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Bundan başqa, sözügedən müqavilənin 2.1.2-ci bəndinə əsasən, investisiya alan bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ümumi borc məbləğinin 10%- i miqdarında cərimə tələb etmək hüququ vardır. Bu səbəbdən, müvafiq müqavilə üzrə pulun ödənilməsi 31 oktyabr 2024-cü il tarixindək həyata keçirilməli olduğu halda icra edilməmiş, nəticədə 5950 (beş min doqquz yüz əlli) manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 0107/001 nömrəli investisiya müqaviləsinə əsasən İnvestisiya edən İddiaçı müqavilə üzrə verilən 59500 manat pul məbləğini (bundan sonra borc) investisiya alan Cavabdeh MMC-yə verir. İnvestisiya alan isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada investisiya edənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə borc 4 (dörd) təqvim ayı (xx.xx.2024) müddətinə verilir və həmin müddət başa çatanadək 26 oktyabr 2024-cü il tarixində Özbəkistan Respublikasında Sport Kompleksi Unusadabda keçirilən Murdanın konsertindən yığılan vəsaitin 50 faizi nisbətində investisiya edənə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə borcun ümumi məbləği 59500 (əlli doqquz min beş yüz) manatdır. Borc İnvestisiya alana Cavabdeh MMC-nin 26 oktyabr Özbəkistan Respublikasında Sport Kompleksi Unusadabda keçirilən Murdanın konsertində xərcləri ödəmək məqsədi üçün verilir. Müqavilənin 2.1.2-ci yarımbəndinə əsasən investisiya alan bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ümumi borc məbləğinin 10%- i miqdarında cərimə tələb etmək hüququ vardır. Müqavilənin 4.2-ci bəndinə əsasən “investisiya alan” yalnız borcu və “investisiya edən”in digər pul tələblərini tam icra etdikdən sonra bu Müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli 0107/001 nömrəli investisiya müqaviləsinə əsasən Cavabdeh MMC-yə 59500 manat borcunun yarandığını, borc məbləğini 3 iş günü ərzində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan İddiaçı ilə Vəkil arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-73VK-19657/25 nömrəli müqaviləyə əsasən vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 400 manat müəyyən olunmuş və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən 287 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına köçürülmüşdür. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli 0107/001 nömrəli investisiya müqaviləsindən irəli gəlir. Müqavilənin şərtlərinə əsasən İddiaçı 59500 manat pul məbləğini Cavabdeh MMC-yə vermiş, Cavabdeh MMC isə aldığı borcu 4 (dörd) təqvim ayı (xx.xx.2024) müddətinə və həmin müddət başa çatanadək 26 oktyabr 2024-cü il tarixində Özbəkistan Respublikasında Sport Kompleksi Unusadabda keçirilən Murdanın konsertindən yığılan vəsaitin 50 faizi nisbətində İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə borcu qaytarmaq barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, iddiaçıya olan borcunu qaytarmamışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının 5950 manat cərimənin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə, tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu (cərimə) azadılmalı və 600 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçının vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 287 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat və iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə məhkəməyə ödənilmiş 287 manat məbləğində dövlət rüsumunun 270.3 manat məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin investisiya müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 59500 manat əsas, 600 manat cərimə borcu olmaqla, cəmi 60100 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 270.3 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 59500 (əlli doqquz min beş yüz) manat əsas, 600 (altı yüz) manat cərimə borcu olmaqla, cəmi 60100 (altmış min yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 270.3 (iki yüz yetmiş manat otuz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar