Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2907/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş Cavabdeh MTK-ya məxsus binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 36.0 kv.m sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə cavabdehlə müqavilə bağlayaraq cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən 36,0 kv.m sahəsinin dəyərini tam ödəməklə, yəni 72 000 manat ödəməklə almışdır. Bu hal cavabdeh tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Bina hazır olsa da, aldığı sahə ona təhvil verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.1.ci maddəsinə əsasən nülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2.-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4.-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddiaçı aldıgı qeyri-yaşayış sahəsinin ona təhvil verilməməsini, ondan istifadəyə cavabdeh tərəfindən maneəçilik törədilməsini bildirsə də, bu halları təsdiq edə biləcək heç bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təqdim olunmuş sübutlarla təsdiq edilmədiyindən əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2907/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2907/2022
01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver