Məhkəmə qərarları › İş №2(004)-2912/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2912/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2912/2021 16.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Lada” filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh1 arasında bağlanmış 2275 №-li 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “VAZ-21095” markalı (Tip:sedan, Buraxılış ili- 2013, Ban-0115605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 (iyirmi iki) qaytarılma müddətləri pozulduğu hallarda illik 44% dərəcəsi ilə) yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “VAZ-21095” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-Ol 15605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 2275 №-li 16 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “VAZ-21095” markalı (Tip:sedan, Buraxılış ili- 2013, Ban-0115605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 16 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********276 saylı 30.05.2019-cu il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh1 10 iyun 2019-cu il tarixə kredit üzrə borcu cəmi 7148.65 manat təşkil edir. Bundan 4345.97 manat əsas borc, 2171.91 faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 630.77 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 12-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə borcalan bank qarşısında özünün bütün əmlakları ilə kerdit borcu, faizlər və cərimələr həddində cavab verir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən cəmi 7148.65 manat məbləğində kredit borcunun – bundan 4345.97 manat əsas, 2171.91 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 630.77 faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “VAZ-21095” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-0115605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 Eləsən oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlar tərəfindən artıq bir dəfə hazırki iddia tələbi ilə cavabdehlərə qarşı məhkəməyə müraciət etmiş, lakin məhkəmənin müvafiq qərardadı ilə pretenziya qaydasına əməl edilmədiyi üçün iddiaları geri qaytarılmışdır. Daha sonra isə pandemiya olduğundan və işçilərin işə çıxma sayında növbəlilik tətbiq edildiyindən vaxtında müraciət edə bilməmişlər. Bildirir ki, onlar tərəfindən iddia müddəti ötürülməmiş və iddia müddəti həmin tarixdən hesablanmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirdi ki, bank əməkdaşları onu banka dəvət edərək, maşın tapmaqda onlara köməklik etməsini istəmiş, o da, bununla razılaşmışdır. 2014-cü il tarixdə digər cavabdeh X2 Rusiya Federasiyasından etibarnamə almış və həmin etibarnaməni də, banka vermişdir. Hətta bank tərəfindən onlara təmizlik barədə arayış da verilmişdir. Bank əməkdaşları ona sözü gedən nəqliyyat vasitəsinin özləri üçün istifadə edəcəklərini bildirmişlər. Lakin sonradan ona məlum olmuşdur ki, həmin avtomobil başqa şəxsə satılmış və istifadəsindədir. Avtomobil ümümiyyətlə Eldarın istifadəsində 6-7 ay müddətində olmuşdur. Hazırda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı da, dəyişdirilmişdir. Eldarın banka nə qədər pul ödəməsindən xəbəri yoxdur. Bundan başqa iddiaçı “xxxx” ASC ilə cavabdeh X4 arasında bağlanmış 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə istinad edərək cavabdehin müqavilə üzrə öhdəliklərinə əməl etmədiyini bildirmişdir. Lakin iddiaçı qeyd olunan müqavilənin bağlanmasından 8 il, müddətinin bitməsindən isə 5 il keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd edilənləri nəzərə alaraq iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2275 nömrəli, 16.07.2013-cü il kredit müqaviləsinin müddəti bitmiş və tərəflər arasında həmin müqavilənin uzadılması halı baş verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Plenum qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 2275 nömrəli, 16.07.2013-cü il tarixli kredit müqaviləsinin icra müddəti 16.07.2016-cı il tarixdə bitmiş, qanunvericiliklə müəyyən edilmiş uç illik iddia müddətində bank tərəfindən məhkəmədə iddia qaldırılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı bank tərəfindən zaminə qarşı məhkəmədə iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar