Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2916/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 87 saylı evin 81 nömrəli mənzilinə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 87 saylı evin 81 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh iddiaçının atasıdır. Cavabdeh uzun müddətdir ki, həmin mənzildə yaşamır və yaşayış yerini dəyişərək daimi olaraq başqa ünvanda yaşayır. Belə ki, atası İddiaçı və anası X1 arasında mövcud olmuş nikah Yasamal rayon Qeydiyyat şöbəsinin 102 nömrəli qeydinə əsasən 10 may 2002-ci il tarixdə pozulmuşdur. Həmin tarixdən də öncə artıq ər arvad münasibətləri pozulduğu üçün cavabdeh sözügedən mənzildən 22 ildən artıqdır ki, çıxıb getmiş və heç bir əlaqələri, münasibətləri ailə təsərrüfatlarının birgə aparılması halları olmamışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan əmlaka qeydiyyatı və formal istifadə hüququ iddiaçıya bir sıra problemlər yaradır. Belə ki, mülkiyyətçi öz əmlakı üzərində tam və sərbəst istifadə və sərəncam verə bilmir. Eyni zamanda bildirir ki, cavabdehin uzun müddətdir ki, ona məxsus mənzildə yaşamaması həmin binada uzun müddətdi ki yaşayan qonşuların iştirakları ilə tərtib edilmiş və əraziyə xidmət edən 56 nömrəli MKİS-nin möhürü ilə təsdiq edilmiş 12 mart 2021-ci nil tarixli akta əsasən də sübut olunur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün Yasamal rayon Polis İdarəsinə müraiət etsə də, İdarənin 01 aprel 2021-ci il tarixli 091-16177A-3221 nömrəli məktubuna əsasən mübahisənin həlli üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuş, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun qonşusudur. O, 1982-ci ildən Bakı şəhəri Yasamal rayonu H.ünvan 1 ünvanında yaşayır. Cavabdeh iddiaçının atasıdır. Təxminən 1998-ci ildən o, həmin ünvanda yaşamır. Belə ki, cavabdehi o vaxtdan bəri görməmişdir. Həmin mənzildə iddiaçı, anası, həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli 07.06.2018-ci il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 87 saylı evin 81 nömrəli mənzil İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 87 saylı evin 81 nömrəli mənzilində iddiaçı və cavabdeh qeydiyyatdadır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 368791 nömrəli 09 mart 2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X4 arasında nikah 17 yanvar 2002-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 56 saylı Mənzil İstismar Sahəsində Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 87 saylı evin sakinləri X11, X5 və X6 tərəfindən tərtib edilmiş 12.03.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh mənzildə qeydiyyatda olmasına baxmayaraq 22 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 87 saylı evin 81 nömrəli mənzilində yaşamır. İş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 01 aprel 2021-ci il tarixli ***- *******-3221 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 87 saylı evin 81 nömrəli mənzilində qeydiyyatda olan Cavabdeh qeydiyyatdan çıxarılması ilə bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 56 saylı Mənzil İstismar Sahəsinin 167 saylı 16 may 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 06.01.1987-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən 87 saylı evin 81 nömrəli mənzilində qeydiyyatdadır və 1998-ci ildən göstərilən ünvanda yaşamır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 87 saylı evin 81 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh onun ailə üzvü olmaqla həmin mənzildə qeydiyyata alınmışdır. Həmçinin məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Cavabdeh mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, həmin mənzildə yaşamır. Cavabdehin sözügedən mənzildə uzun müddət yaşamaması, o cümlədən həmin mənzildən köçərək özünə başqa yaşayış yeri seçməsi iddiaçının izahatı ilə yanaşı, işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində o, mübahisəli mənzildə yaşamağa cəhd göstərməmiş və ya həmin mənzilə köçməklə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Cavabdehin mənzilə yaşayış (istifadə) hüququnun yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi nəzərdə tuturdu ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsi isə müəyyən edilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, iddiaçı iddia olunan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və o həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 87 saylı evin 81 nömrəli mənzilə olan istifadə hüququ itirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Yasamal rayonu H.Zərdabi küçəsi 87 saylı evin 81 nömrəli mənzilinə istifadə hüququ itirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2916/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2916/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver