Məhkəmə qərarları › İş №2(004)-2917/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2917/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2917/2022 18.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3900 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 yanvar 2021-ci il tarixdə Binəqədi rayonu, Elit ticarət mərkəzinin yanında Hundai 200W-7 markalı, təkərli ekskavatoru icarə məqsədilə Cavabdeh gündəlik 300 manat olmaqla icarəyə vermişdir. Həmin şəxs icarəyə verməklə 4000 manat pul qazanmışdır. Ancaq həmin pulları ona vermir. Cahid tərəfindən aldadıldığını görüb bu barədə Binəqədi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Binəqədi Rayon Polis İdarəsinə verdiyi izahatında Cavabdeh ona 3900 manat borcu olduğunu etiraf etmiş, imkanı olanda borcunu ödəyəcəyini , hissə-hissə verəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh 3900 manat pulun alınaraq ona ödənilməsi hissəsində aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Binəqədi RPİ-nin 5-ci PB-nə verdiyi xx.xx.2021-ci il tarixli izahatından görünür ki, Cavabdeh İddiaçı Hundai markalı texnikanın icarəsi ilə bağlı 3900 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında ticarət əlaqələri mövcud olmuş və tərəflər arasında iddiaçının cavabdehə icarə məqsədi ilə əvəzi ödənilməklə ekskavator verilməsi barədə razılıq əldə olunmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya hələ də 3900 manat ödənilməmiş borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən ödənilməmiş borcu geri tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 3900 manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun yalnız 56 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, 3900 manat məbləğində iddia tələbinə görə dövlət rüsumunun məbləği 56 manat təşkil edir. İddiaçı tərəfindən artıq məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb edilməsi əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3900 (üç min doqquz yüz) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 56 (əlli altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar