Məhkəmə qərarları › İş №2(004)-2921/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2921/2023

30.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2921/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 gəlini, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X2 isə nəvələridir. Cavabdehlər və onların birgə nikahdan olan övladları sözügedən fərdi yaşayış evinə 2004cü il tarixdə iddiaçının ərizəsi əsasında qeydiyyata düşmüşlər. 2016-cı il tarixdən etibarən Cavabdeh1 özünə mənzil alaraq həmin mənzilə köçmüşdür, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və cavabdehlərin heç birinin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə ehtiyacları yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməklə tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. İş materiallarında olan ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı paylı mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Kainat MTK tərəfindən tərtib edilmiş arayışa əsasən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X2 Bakı şəhəri, Qurban Xəlilov küçəsi, ev 4, mərtəbə 15, 3 otaqlı 51 saylı mənzildə yaşayırlar və mənzil Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, ünvan 2 ünvanı Cavabdeh2 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə, münasibətlərin yarandığı tarix 2004-cü ildir. Bu səbəbdən, mübahisəyə münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş maddi hüquq norması qismində Azərbaycan Respulikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Araşdırma zamanı müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə hüquqları 2004-cü il tarixdə yaranmışdır. 2016-cı il tarixdən etibarən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yaşayırlar. Sözügedən mənzil Cavabdeh2 mülkiyyətindədir. Cavabdehlər ünvan 1 ünvanında hal-hazırda formal qeydiyyatda olmaqla müvafiq hüquqları olmasına baxmayaraq sözügedən mənzildən istifadə hüquqlarına ehtiyacları yoxdur. Cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi kompensasiya ödənilmədən mümkündür. Mülkiyyətçi olan İddiaçı mülkiyyət hüquqları tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdehlər tərəfindən iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdehlər tərəfindən aktiv prosessual fəaliyyət həyata keçirilməmişdir. Bu səbəbdən, məhkəmə mübahisəyə iddiaçının təqdim etdiyi sübutlar daxilində baxmağı qanuni və əsaslı hesab edir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X1 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X1 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar