Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2926/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 96 saylı mənzildən istifadəsinə cavabdehlərin və digərlərinin maneəsinin aradan qaldırılması, onun mənzildən istifadəsinə qarşı cavabdehlərin və qeyrilərinin qeyri-qanuni hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, atası Cavabdeh1 Cavabdeh2 və övladları: İddiaçı və X2 qarşı, “mənzildən çıxarılma tələbi barədə” iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən, onların ünvan 2 ünvanında yerləşən yaşayış binasının 96 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-58/2021 saylı 16 mart 2021 -ci il tarixli qətnamə ilə iddia ərizəsi təmin olunub. Lakin həmin iş üzrə o cavabdeh olaraq qoyulsa da məhkəmədə tərəf olaraq iştirakı təmin olunmamışdır. Sonradan həmin qətnamədən şikayət vermək istəsə də bu mümkün olmayıb və səbəb kimi də qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmə əsas götürülüb. Halbuki, o, məhkəmədə iştirakı təmin olunmayan, baxılan məsələ ilə hüquqlarına toxunan şəxsəm və belə olan halda da mənə məhkəmə qətnaməsindən şikayət verə bilməyinə müddət tətbiq edilməməli idi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsii xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2018-ci ildə iddiaçının anası Cavabdeh2 istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt iddiaçı azyaşlı olmuşdur. Məhkəmənin qətnaməsinə əsasən Cavabdeh2 və azyaşlı uşaqlarının istifadə hüququ tanınmamışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Sonra Cavabdeh2 mənzilin boşaldılmasını tələb etsə də, Cavabdeh2 mənzili boşaltmaqdan imtina etmişdir. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsinə əsasən, Cavabdeh2, İddiaçı və X1 mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Sonradan, Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, hər iki məhkəmdən də rədd cavabı almışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı həmin mənzildə yaşamalıdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(004)-702/2019 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin olunaraq, iddiaçı Cavabdeh2 və uşaqları- xx.xx.2003-cü il təvəllüdlü lurbanova Leyli Rofel qızının və xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 6 saylı mənzilinə istifadə hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli 2(103)-12354/2019 saylı qətnaməsi ilə, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-702/2019 saylı iş üzrə 21 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh2 və uşaqlar Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 avqust 2020-ci il tarixli 2(102)-4332/2020 saylı qərarı ilə, Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli 2(103)-12354/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-58/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı və X2 qarşı "mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin təmin olunaraq, cavabdehlər Cavabdeh2, İddiaçı və X1 ünvan 1 ünvanında yerləşən 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6971/2021 saylı qətnaməsi ilə, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2xx.xx.2021-ci il tarixli 2(004)-58/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022 il tarixli 2(102)-3213/2022 saylı qərarı ilə, Cavabdeh2 kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6971/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli 2(103)-12354/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 və uşaqları-xx.xx.2003-cü il təvəllüdlü İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüququnun tanınması barədə iddia ərizəsi təmin edilməmişdir. Bununla belə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-58/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı və X2 qarşı "mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin təmin olunaraq, cavabdehlər Cavabdeh2, İddiaçı və X1 ünvan 1 ünvanında yerləşən 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən, müəyyən edilmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə etmək, həmin mənzildən yaşamaq hüququ yaranmamışdır. Ona görə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qeyd edilən faktlar preyudisial əhəmiyyətə malik olmaqla, yenidən sübut edilməyə ehtiyac yoxdur. Bu baxımdan məhkəmə hesab ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qeyd olunan qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddiaçı həmin tələb üzrə subyektiv hüquq sahibi deyildir. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəm işin hallarını nəzərə almaqla hesab edir ki, iddiaçını hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Başqa sözlə, İddiaçının qeyd edilən mənzildən istifadə hüququ olmadığından mənzildən istifadəyə maneələrin aradan qaldırılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 (manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2926/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2926/2023
22.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver