Məhkəmə qərarları › İş №2(004)-2935/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2935/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2935/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” KM-nə və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “müqavilənin ləğv edilməsi və mənzilin geri qaytarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” KM-nə və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “müqavilənin ləğv edilməsi və mənzilin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 22 a, 6 saylı mənzilə dair cavabdehlər arasında bağlanılmış 02.10.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyası Moskva şəhərində fərdi əməklə məşğul olur və etdiyim gəlirlər müqabilində Azərbaycan Respublikasına gələrkən bir neç ev alaraq, sonradan onları təmir etdirərək satıb gəlirlər əldə edir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 22a, 6 saylı mənzili 02.06.2007-ci il tarixində cavabdeh “xxxx” Kiçik Müəssisəsinə 68320 ABŞ dolları ödəyərək mərhum qayınatası X8 adına almışdır. Gəlirlərini sübut etmək üçün həmin dövrlər ərzində Rusifa Federasiyası Moskva şəhərində işləyib hansı miqdarda gəlirlərinin olması barədə məlumatları da iddia ərizəsinə əlavə edir. Belə ki, cavabdeh «xxxx» KMdən bir neçə mənzil alaraq sonradan satmışdır. Mərhum qaynatası ilə münasibətləri normal və qaydasında olmuşdur. Belə ki, onun qızı X12 ilə bu günə qədər də ər-arvad münasibətindədir və əmlakları ilə bağlı hər-hansı bir mübahisələri də yaşanmayıbdır. Bunları deməkdə məqsədi odur ki, mərhum qaynatası ilə aralarında etibarlı münasibət olmuşdur. Mübahisəli mənzil sonradan Maraqlı şəxs satılmışdır. Əvvəlcədən mənzilin satılmasına razılıq vermiş Cavabdeh2 “xxxx” KM-nin rəhbərliyi ilə birləşərək satılmış mənzilə görə pul almasına baxmayaraq, sonradan mənzilin sənədləşdirilməsindən boyun qaçırtmışdır. Bir neçə ay olar ki, cavabdeh “xxxx” KM-nin rəhbərliyi digər cavabdeh olan qaynanası Cavabdeh2 ilə birləşərək qanunsuz hərəkətləri ilə əlavə gəlirlər əldə etmək məqqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, ev 22 a, mənzil 6-nı qanunsuz və özbaşına olaraq 02.10.2019-cu il tarixində Cavabdeh2 adına müqavilə ilə keçirdiyindən xəbər tutmuşdur. Hesab edir ki, cavabdeh “xxxx” KM-nin rəhbərliyi bu cür hərəkətləri ilə həm qanunsuzluq və özbaşınalıq etmiş, həm də onun pul ödəyib aldığı mənzilə sahiblənərək, dolayısı yolla digər cavabdehin köməkliyi ilə mənzili yenidən başqa şəxslərə sataraq gəlirlər əldə etmək fikrindədirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, iddia tələbi tamamilə əsasızdır. Cavabdeh2 həyat yoldaşı Alim 2010-cu ildə rəhmətə gedibdir. Onların Salyan rayonunda təsərrüfatları olub, çox yaxşı gəlirləri olubdur. Mübahisəli mənzili Alim özü alıbdır Evi aldığı ərəfədə Həqiqətlə nikahda olduğu üçün Həqiqətin də ora payı var idi. Xalid və həyat yoldaşı Könül isə Rusiya Federasiyasında yaşayırdılar. Xalidin də mübahisəli mənzillə üzbəüzdə yerləşən mənzili var idi. O, mənzili kirayə vermişdi. Alim öləndən sonra Xalid öz mənzilini satmış, Həqiqəti Saray qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evinə yerləşdirmiş, mübahisəli mənzili isə kirayə vermişdir. Xalid mübahisəli evi Həqiqətin xəbəri olmadan saxta sənədlər əsasında satışa çıxarmış, Dadaşov Emil adlı şəxslə 2500 manat dəyərində beh müqaviləsi bağlamışdır. Emil Xalidə 35000 manat ödəmiş, yerdə qalan nəbləği isə daha sonra ödəyəcəyini bildirmişdir. Lakin Emil yerdə qalan pulu Xalidə ödəməmişdir. Belə olan halda onların arasında mübahisə yaranmışdır. Daha sonra X14 yerləşən fərdi yaşayış evindən çıxartmış və Həqiqətə Emillə yaranan nübahisəni həll etməyi bildirmişdir. Həqiqət xxxx KM-nə yaxınlaşaraq mənzili öz adına rəsmiləşdirmişdir. Emil Həqiqətə qarşı pul tələbinə dair iddia qaldırmış, həmin işə baxılan ərəfədə də Həqiqət mənzilin boşaldılması barədə qarşılıqlı iddia ilə məhkəmə müraciət etmişdir. Həmin məhkəmə iclasında Xalid şahid qismində çıxış edərək mənzilin ona məxsus olduğunu və mənzili onun satdığını bildirmişdir. Məhkəmə işə baxarkən ilkin iddia tələbini rədd, qarşılıqlı iddia tələbini isə qismən təmin etmişdir. Həmin işdən Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmişdir. Apelyasiya Məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Daha sonra işdən kassasiya şikayəti verilmişdir. Ali məhkəmə mənzilin boşaldılması hissəsində qətnaməni qüvvədə saxlamış, lakin pulun verilməsi hissəsində yenidən araşdırılması üçün işi Şirvan Apelyasiya məhkəməsinə qaytarmışdır. Həmin mübahisə üzrə yekun məhkəmə aktı çixarılmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh “xxxx” KM-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh “xxxx” KM-nin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.04.2021-ci il tarixli, 2(102)-2869/2021 saylı Qərarından müəyyən olunur ki: - iddiaçı Maraqlı şəxs Cavabdeh2 qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən ev alqı- satqısı ilə bağlı 83500 ABŞ dollarının, evin təmiri üçün xərclədiyi 30000 manatın, sair xərclər qismində 15000 manatın, ödənilmiş 31 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Cavabdeh2 Maraqlı şəxs qarşı qarşılıqlı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ailə üzvləri ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi (hazırda Əsəd Əhmədov küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan, 3 otaqlı, 6 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia tələbinin həcmini artıraraq əlavə olaraq Maraqlı şəxs 2014-cü ilin avqust ayından bugünə qədər hesablanmış 26000 manat kirayə haqqının alınıb ona verilməsi və onun ailə üzvləri ilə birlikdə mübahisələndirilən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. - Salyan Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2(057)-54/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, Maraqlı şəxs ailəsi ilə birlikdə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan 3 otaqlı 6 saylı mənzildən çıxarılmaları, Cavabdeh2 ailə üzvləri ilə bərabər mənzilə köçürülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, Maraqlı şəxs hazırkı mübahisə ilə bağlı ona vurulmuş ziyanla bağlı təqsirli, hüquqa zidd əməl törədən şəxsə (şəxslərə) qarşı iddia qaldırmaq hüququnun izah olunması qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11.11.2020-ci il tarixli, 2(106)- 1756/2020 saylı qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.04.2021-ci il tarixli, 2(102)-2869/2021 saylı Qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11.11.2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmış, qətnamə qalan hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, yuxarıda sadalanan qanuni qüvvəyə minmiş məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən, işin mübahisələndirilməyən halları ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi (hazırda Əsəd Əhmədov küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan, 3 otaqlı, 6 saylı mənzil 02.06.2007ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən “xxxx" kiçik müəssisəsi tərəfindən X2, mənzilin dəyəri Amil Hüseynov tərəfindən tam ödənilmişdir. Alim Hüseynov 27 mart 2010-cu il tarixdə vəfat etmiş, mənzil vərəsəlik qaydasında onun arvadı Cavabdeh2 mülkiyyətinə keçmiş, bu barədə “xxxx” kiçik müəssisəsi ilə onun arasında 02.10.2019-cu il tarixli müqavilə bağlanmış, Cavabdeh2 tərəfindən pay haqqının tam ödənilməsi barədə 02.10.2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Mənzil həmin tarixdən Cavabdeh2 mülkiyyətindədir. Hazırda İddiaçı mübahisəli mənzilin əslində onun tərəfindən 68320 ABŞ dolları ödənilməklə alınmasını, mənzilə dair müqavilənin formal olaraq, mərhum qayınatası X8 adına rəsmişəldirilməsini göstərərək, mənzilə dair cavabdehlər arasında bağlanılmış 02.10.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfındən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən subut edilmir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfındən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.03.2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış subutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti üzrə 13.02.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub olmamasını qəti sürətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafıə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafıq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin alq-satqı müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsayıdı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Lakin nəzərə alınmalıdır ki, 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Hazırkı işdə isə mübahisələndirilən 02.10.2019-cu il tarixli müqavilə cavabdehlər arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan 3 otaqlı 6 saylı mənzil hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir və iddiaçıya aidiyyəti yoxdur. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır, onun uydurma olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. X4 iddiaçının qarşısında mötəbər sübutlarla təsdiq olunmamış pul öhdəliyinin olması faktı onun hüquq varisi olan Cavabdeh2 bağladığı alqı-satqı müqaviləsinin uydurma olması barədə qənatə gəlməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə baxışı zamanı tərəflərin izahatları, iş materialları və məhkəmədə toplanılmış digər sübutlar hərtərəfli araşdırılmaqla işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan 3 otaqlı 6 saylı mənzilin qanuni əsaslarla hazırda Cavabdeh2 sahibliyində olmasının qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. İddiaçı qeyd olunan məhkəmə proseslərindən məlumatlı olmasına baxmayaraq, prosesdə yalnız şahid qismində ifadə verməklə kifayətlənmiş, həmin məhkəmə aktlarını mübahisələndirməmişdir. Həmçinin, iddiaçı mübahisəli mənzilin əslində onun vəsaiti hesabına alınmasına, mənzilə dair müqavilənin formal olaraq, mərhum qayınatası X8 adına rəsmişəldirilməsi ilə bağlı mülahizələrinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxx” KM-nə və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “müqavilənin ləğv edilməsi və mənzilin geri qaytarılması tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar