Məhkəmə qərarları › İş №2(004)-2947/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2947/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2947/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Y.Yasamal rayonu -2 küçəsi, ev 8, 17 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10.10.2019-cü il tarixli AN -1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri,Y.Yasamal -2,ev 8,mən. 17- də yerləşən yaşayış evini Bakı şəhəri 3 saylı DNKda İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş X1 əsasən Bakı şəhəri, Yeni Yasamal -2 küçəsi,ev 8, 17 saylı mənzili iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzili iddiaçıya satdıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsələr də, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdırlar ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlərin harada yaşamaları da ona məlum deyildir. Bakı şəhəri Azərbaycan Respublikanın Daxili İşlər Nazirliyinin 09.02.2021 - ci il tarixli ******* saylı arayışından görünür ki, cavabdehlər hazırda ünvan 1 ünvanında qeydiyyatda qalmışdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının mülkiyətində olan ünvan 2 ünvanında yerləşən 17 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmdən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuş, lakin məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 oktyabr 2019-cu il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, ev 8, 17 saylı mənzili alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli 23.10.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 17 iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri 3 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında 09.02.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2, mənzil 17-də qeydiyyatdadırlar, lakin yaşamırlar. Mənzildə İddiaçı yaşayır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Bakı şəhər Yasamal rayonu, Y.Yasamal-2, ev 8, 17 saylı mənzili 23.10.2019-cu il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər isə əvvəlki mülkiyyətçinin ailə üzvləri olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. Cavabdehlər uzun müddət iddiaçıya məxsus mənzilə gəlib getməmələri, onların həmin mənzillə əlaqələrinin kəsildiyini təsdiq edir. Cavabdehlər qeyd olunan mənzildə yaşamasalar da, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehlərin alqı-satqı müqaviləsi üzrə mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərlərinə götürdükləri öhdəlikləri pozduqlarını, o cümlədən həmin mənzilin özgəninkiləşdirilməsi ilə əlaqədar həmin mənzildən mülkiyyət hüququnu ehtiva edən istifadə, sahiblik və sərəncam hüquqlarının olmadığını, həmçinin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Beləliklə, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı mülkiyətində olan ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 17 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar