Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2948/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5110 manat məbləğində borc verilmiş pulun, dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manatın və ödənilmiş 71 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh ilə 2007-ci il tarixdə Həsənoğlu firmasında işləmişdilər. Hazırki dövrədək dəfələrlə ondan borc pul alıb və qaytarmamışdır. Borc olaraq hissə-hissə aldığı pul məbləği 3110 manat təşkil edir. Bundan başqa 1800 manat təşkil edən 2 ədəd Samsung Galaxy S6 mobil telefonları kreditə götürməyini və kredit borcunu və faizləri özü tərəfindən ödənilməsinə dair iddiaçını aldadaraq kreditə telefon götürməyinə vadar etmişdir. Telefonları isə öz mənfəəti üçün satıb, pulu isə qaytarmamışdır. Hətta ondan yenidən həmin borcu qaytarmaq məqsədi ilə taksidə işləməsi üçün 2020-ci il tarixdə 200 manat pul almış, tezliklə pulları verəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin onu öz yalanlarına inandıraraq aldığı pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini başa düşmüşdür. Cavabdeh məqsədi onu aldatmaq imiş. Yəni onun etibarından sui-istifadə edərək əmlakını ələ keçirərək pul qazanmaq imiş. Uzun müddətdir ki, Cavabdeh bu məsələlərin həll edilməsini tələb etsə də müxtəlif bəhanələr edərək pulu ödəyəcəyini bildirirdi. Belə ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onu aldadaraq ondan istifadə edərək öz tələbatları üçün hansısa işləri görərək ona qarşı dələduzluq etmişdir. Son zamanlar isə Cavabdeh telefon zənglərinə belə cavab vermir. Bununla bağlı Binəqədi rayon 5-ci Polis Bölməsinə şikayətinin əsasında xx.xx.2022-ci il tarixdə isə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən cavab olaraq bildirilmişdir ki, şikayəti mülki xarakterli olduğu üçün rayon məhkəməsinə müraciət etməyi məqsədə müvafiqdir. Cavabdehdən ona olan borcunun qaytarılması tələb etsə də, borcu qaytarmaqdan bu günə kimi boyun qaçırir. Artıq məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin və pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək 2014-cü ildə Nərimanov metrosunun yanında mağaza işlətdiyini, o dövrdən cavabdehin ondan hissə-hissə pul götürdüyünü, bu günə qədər qaytarmadığını bildirərək, bu səbəbdən X1 5110 manat məbləğində pulun, dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manatın və ödənilmiş 71 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştiakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçiriləsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf cavabdehin ondan müxtəlif vaxtlarda borc pul aldığını, onu kreditə telefon götürməyə vadar etdiyini, nəticədə cavabdehin ona 5110 manat məbləğində borcunun yarandığını iddia etsə də, iş materialları ilə həmin halları təsdiq edən sübutlar müəyyən edilməmişdir. İddiaçı tərəfindən həmin sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiada qeyd edilən halları sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci madddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh 5110 manat məbləğində borc verilmiş pulun, dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manatın və 71 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2948/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2948/2022
23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver