Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2956/2023 22.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC – nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2022-ci il tarixli BAKU1- 52585-20921 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 4348,82 manat əsas borc, 740,06 manat faiz borcu, 300,44 manat cərimə olmaqla, ümumilikdə cəmi 5389,32 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 74,40 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "TBC KREDİT” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında ikinciyə illik 27% faizlə 24 ay müddətinə 5000 manat kredit verilməsini nəzərdə tutan 23 may 2022-ci il tarixli BAKU1-52585-20921 saylı Kredit müqaviləsi imzalanmış və kreditin aylıq 270 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 23 may 2022-ci il tarixli BAKU1-52585-20921+BAKU1- 398 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 17 may 2023-cü il tarixinədək verilmiş kredit üzrə 4 348,82 manat əsas borc, 740,06 manat cari faiz borcu və 300,44 manat cari dəbbə borcu olmaqla, cəmi 5 389,32 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC–nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, səhhətində və işində problemlər olduğu üçün borcunu ödəyə bilməmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Lakin cavabdeh məhkəməyə gəlməmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Cavabdeh1 arasında bağlanmış 23 may 2022-ci il tarixli BAKU1-52585-20921 saylı kredit müqaviləsinə əsasən, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 27% olmaqla 5000 manat məbləğində ödəmək şərtilə kredit verilmişdir. İş materiallarında olan 23 may 2022-ci il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 23 may 2024-cü il tarixədək sonuncu ay 333,86 manat olmaqla hər ay 270 manat ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 23 may 2022-ci il tarixli, BAKU1-52585-20921+BAKU1- 398 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 17 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 23 may 2022-ci il tarixli BAKU1-52585-20921 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 4 348,82 manat əsas borc, 740,06 manat cari faiz borcu və 300,44 manat cari dəbbə borcu olmaqla, cəmi 5389,32 manat borcu vardır. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış borcun 5 gün müddətində banka ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı şəxs Cavabdeh1 5000 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 23 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 27% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında əsas borc üzrə 4 348,82 manat əsas borc, 740,06 manat cari faiz borcu və 300,44 manat məbləğində cərimə yaranmışdır. Məhkəmə 23 may 2022-ci il tarixli BAKU1-52585-20921 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissəsində tam təmin edilməli, 4 348,82 manat əsas borc, 740,06 manat məbləğində faiz borcu Cavabdeh1 iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 300,44 manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh1 iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün borclu ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa, məhkəmə iddia tələbinin iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2022-ci il tarixli BAKU1-52585-20921 saylı kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlərdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi (74,40 manat) əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BAKU1-52585-20921 №-li kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4348,82 (dörd min üç yüz qırx səkkiz manat səksən iki qəpik) manat əsas borc, 740,06 (deyydi yüz qırx manat altı qəpik) manat faiz borcu və 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 5188,88 (beş min yüz səksən səkkiz manat səksən səkkiz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 74,40 (yetmiş dörd manat qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC – nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2956/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2956/2023
22.06.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver