Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-540/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı “X6” Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh “X6” Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 sentyabr 2023-cü ildə X2 AGİD**********7 nömrəli kredit müqaviləsi əsasında iddiaçıya 8700 manat kredit pul ayrılıb. Həmin məbləğ iddiaçının kredit kartına köçürülüb. 04 iyul 2024-cü ildə iddiaçının kartından xəbəri olmadan 8400 manat məxaric olub. Bununla əlaqədar olaraq cavabdehə müraciət etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, həmin pul 5000 manat və 3400 manat olmaqla Eldar adlı şəxsin hesabına köçüb. Eldar adlı şəxslə bank əməkdaşlarının danışığından aydın olur ki, o kriptovalyuta satıb və həmin pul da o məqsədlə ödənilib. Sonradan iddiaçı xatırlamışdır ki, Facebook-da ona Leobank loqosu ilə eyni olan bir reklam linki gəlmiş, orada tələb olunduğu kimi bankın təşkil etdiyi lotereyada iştirak üçün razılıq vermişdir. Ona bildirilmişdir ki, növbəti mərhələlərdə ödəniş linki gələcək və ödəniş oradan reallaşacaq. İddiaçı 100-200 manat həcmində lotereyada iştirak etmək istəyirdi. Bundan sonra ona link gəlməmiş və heç bir hərəkət etməmişdir. Pulun çıxması ilə bağlı da ona kod və mesajlar gəlməyib. Hətta bankdan təhlükəsizlik mesajı (icazə mesajı) da gəlməyib. Halbuki, əvvəllər həmin bank kartından pul çıxarılan zaman hətta bankdan zəng olunub dəqiqləşdirilirdi ki, həmin pulu həqiqətən o çıxarmışdır, ya yox!? Hesab edir ki, bankın səhlənkarlığı və normal təhlükəsizlik sistemi qura bilməməyi səbəbindən onun hesabından pul oğurlanıb. Belə ki, normalda ölkədaxili əməliyyatlarda 3D təhlükəsizlik kodu tələb olunur. İddiaçından köçürülən pul da ölkə daxilindən digər karta köçürülüb. Bəs bu necə baş verib?! Yalnız kartın 16 rəqəmi ilə maliyyə vəsaiti neçə köçürülür ki, bankın xəbəri olmur!? Göründüyü kimi ya bu əməldə bankın əməkdaşlarının iştirakı var və bu hüquq mühafizə orqanları tərəfindən araşdırılır, ya da təhlükəsizlik sistemləri düzgün işləmir. Buna görə də kredit müqaviləsi ləğv olunmalı, həmin müqavilə əsasında iddiaçıya ayrılmış kredit məbləği silinməlidir. Cavabdehə mübahisənin danışıqlar yolu ilə həlli üçün bir neçə dəfə müraciət etmiş, sonuncu dəfə yazılı müraciət göndərsə də, heç bir cavab ala bilməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh onun sahibliyinə pul vəsaitini verir, iddiaçı isə ondan istifadəyə görə faiz borcları ilə birlikdə onu geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırki işdə iddiaçı bankdan nağd olaraq pul vəsaitini götürməmişdir. O vəsait onun bankda olan hesabında saxlanılıb. Lakin bank həmin vəsaitin iradəsinə zidd olaraq hesabından çıxmasına görə məsuliyyət daşısa da, təhlükəsizlik sisteminin düzgün qurulmaması səbəbindən onu qoruya bilməyib. Göstərilənlərə əsasən cavabdehlə bağlanmış 13 sentyabr 2023-cü il tarixli, AGİD**********7 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və iddiaçıya ayrılmış 8700 manat əsas borcun və faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh “X6” Açıq Səhmdar Cəmiyyəti etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli müraciət ərizə və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən iddiaçının istifadəsində olan kartına 8700 AZN məbləğində kredit köçürülmüşdür. İddiaçı mübahisəli məsələ ilə bağlı banka müraciət etmiş və bankın xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən ona bildirilmişdir ki, xx.xx.2024-cü il tarixində sosial şəbəkə vasitəsilə Leo loqosu altında saxta sayta daxil olmaqla, kibercinayətkar yeni mobil cihaz vasitəsilə İddiaçı Leobank mobil tətbiqinə daxil olmuşdur. Yeni cihazdan giriş izni isə, Leobank tətbiqində iddiaçının qeydiyyatdan keçdiyi ********** mobil nömrəyə OTP kodu gəlmiş və iddiaçı tərəfindən həmin OTP kod icra olunmuşdur. Nəticədə, xx.xx.2024-cü il tarixində saat 11 43-11 45 aralığında ümumilikdə 8400 azn (5000 və 3400) məbləğində vəsait kartdan karta (c2c) köçürmə əməliyyatı kibercinayətkar tərəfindən icra olunmuşdur. Əməliyyat kredit xəttindən icra olunduğu üçün 168 AZN məbləğində komissiya tətbiq olunmuşdur. Beləliklə, hesaba giriş müştərinin OTP kodu təsdiq etməsi ilə baş vermiş və qeyd olunan əməliyyat mobil bankçılıq vasitəsilə həyata keçirilmişdir. Bundan əlavə, Leobank mobil tətbiqində aparılan köçürmə əməliyyatlarında OTP kodu təsdiqi tələb olunmur. Beləlilkə, İddiaçı ilə Unibank KB ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsində məsuliyyət və öhdəlik şərtlərini pozaraq, İddiaçı sərəncamında olan Leobank mobil tətbiqinin təhlükəsizliyini təmin etməmiş, sosial şəbəkədə saxta saytlara girməklə və OTP təhlükəszilik koduna təsdiq verməklə, kibercinayətkarları sərəncamında olan Leobank mobil tətbiqinə sızdırmış, nəticə etibarilə hesabından ümumilikdə 8400 manat məbləğində pul vəsaiti kartdan karta (c2e) köçürmə əməliyyatı vasitəsilə kibercinayətkarlar tərəfindən oğurlanmışdır. Odur ki, iddia tam əsassız olduğundan rədd edilməlidir. 4.Sonradan və son olaraq iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 8400 manat pulun tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçıdan 8400 manat vəsait çıxmış və cavabdehin bank hesabına köçmüşdür. Tərəfin satdığı məhsul isə onlara çatmamışdır. Tərəf eyni zamanda satdığı “bitcoin”-in onlara çatdığını da sübut yetirə bilmir. Onların “bitcoin” almaq niyyəti olmamış, bununla bağlı heç bir addım atmamışlar. Cavabdehi tanımırlar və onunla alqısatqı münasibətinə də girməmişlər. İddiaçıya düzgün qaydada “X6” ASC tərəfindən pul köçürülmüşdür. Sadəcə pul köçürüləndən sonra iddiaçı 100 manatlıq lotoreyanı almaq istəmiş və bununla bağlı ona gələn kodu təsdiq etmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə iddiaçının bank hesabından çıxan pul vəsaiti hazırda faktiki olaraq cavabdehin hesabında olduğunu, buna dair Bankdan çıxarışın olduğunu, bununla yanaşı cavabdeh tərəfin də bunu etiraf etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onların da vəsaiti itmiş, kriptovalyuta əldən çıxmış və Mustafa Polat adlı bir şəxsə köçürülmüşdür. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət etmişlər və cinayət işi açılmışdır. Onlara qarşı irəli sürülən iddianı əsassız hesab edirlər. Odur ki, tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iddia tələbinə münasibətdə qeyd etmişdir ki, pul İddiaçı kartından çıxaraq Cavabdeh kart hesabına köçürülmüşdür. Hesab edir ki, pul Eldardan tutulmalı və daha sonra Eldarın təqsiri sübuta yetirilməsə, o zərərçəkmiş şəxs kimi tanınsa, o, təqsiri sübuta yetirilmiş cinayətkara qarşı iddia qaldırmaq hüququ olacaqdır. Hələ ki, Eldarın təqsirsizliyi sübuta yetirilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. 9.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 10.Mülki işin materiallarında olan İddiaçı tərəfindən imzalanan xx.xx.2022-ci il tarixli ərizə və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən İddiaçı məxsus karta 8700 manat məbləğində kredit köçürülmüşdür. 11.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı AGİD**********5 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas məbləğ üzrə borcu 8700 manat, faiz üzrə borcu 841,93 manat, cərimə faizi 10 manat olmaqla 9551,93 manat təşkil edir. 12.Mülki işin materiallarında olan “X6” ASC tərəfindən İddiaçı Qabil oğluna ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə yeni mobil cihaz vasitəsi ilə tətbiqə giriş olunub. Yeni cihazdan giriş izni isə, Leobank tətbiqində qeydiyyatdan keçid etdiyi **********20 mobil nömrəyə daxil olan OTP kod ilə icra olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 11:43-11:45 aralığında ümumilikdə 8400 manat məbləğində kartdan karta köçürmə (C2C) əməliyyatı icra olunmuşdur. Əməliyyat kredit xəttindən icra olunduğu üçün 168 manat məbləğində komissiya tətbiq olunmuşdur. Beləliklə, hesaba giriş müştərinin OTP kodu təsdiq etməsi ilə baş vermiş və qeyd olunan əməliyyat mobil bankçılıq vasitəsilə həyata keçirilmişdir. Qeyd edilir ki, mobil bankçılıq vasitəsilə aparılan əməliyyatlar üçün təsdiq kodu tələb olunmur. Məlumat üçün bildirilir ki, müştərinin yazılı ərizəsi ilə bütün müddəaları onun tərəfindən qəbul edilmişdir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair standart şərtlərə əsasən kartın itirildiyi, oğurlandığı və müştərinin iradəsinə ziddi olaraq digər vasitələrlə onun sahibliyindən çıxdığı hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə, həmçinin mobil telefon SİMkartının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə müştərinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində müştəriyə dəymiş zərərə görə Bank məsuliyyət daşımır. Qeyd edilənləri nəzərə alaraq dələduzluq halı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. 13.Mülki işin materiallarında olan “X6” ASC-yə İddiaçı tərəfindən ünvanlanan ərizədən görünür ki, İddiaçı hesabından silinmiş vəsaitin geri qaytarılması və hesabından pulun iradəsinə zidd formada köçürüldüyü gündən bu məsələyə hüquqi qiymət verilənədək hesablanmış faizlərin silinməsinin təmin edilməsini xahiş etmişdir. 14.Mülki işin materiallarında olan çıxarışlardan görünür ki, İddiaçı məxsus kart hesabından 04 iyul 2024-cü il tarixdə, saat 09:42-də 3400 manat, həmin tarixdə saat 09:45-də isə 5000 manat pul köçürülmüşdür. 15.Mülki işin materiallarında olan flaşkart. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli ərizə və leobank.az rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən İddiaçı məxsus karta Bank tərəfindən 8700 manat məbləğində kredit köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə iddiaçı sosial şəbəkə vasitəsi ilə Leo loqosu altında saxta sayta daxil olmuş, kibercinayətkar tərəfindən hesabına sızma halı baş vermiş və bundan sonra qeydiyyatdan keçdiyi mobil nömrəyə gələn OTP kodunu icra etmiş, bununla da kartından başqa şəxsə məxsus karta 8400 manat məbləğində köçürmə əməliyyatı kibercinayətkar tərəfindən icra edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, cavabdeh isə kriptovalyuta ilə məşğul olmuş və internet səhifəsində 2941,17 USDT və 2000 USDT kriptovalyutalarını alqı-satqı qaydasında satışa çıxarmış və satmışdır. Həmçinin, cavabdeh tərəfindən kriptovalyuta satılmasına baxmayaraq ona da gələn pul Mustafa Polad adlı üçüncü şəxsə köçürülmüşdür. 16.Hazırda iddiaçı pulun köçürüldüyü kart sahibindən, yəni hazırki iş üzrə cavabdehdən 8400 manat məbləğində pulun tutularaq ona ödənilməsini tələb edir. 17.Cavabdeh isə onun da kart hesabında kriptovalyutaları satmasına baxmayaraq pulun olmadığını, pulun Mustafa Polat adlı şəxsə köçürüldüyünü və bununla bağlı kibercinayətkarlıqla mübarizə baş idarəsinə müraciət etdiklərini bildirərək ona qarşı irəli sürülən tələbin əsassız hesab edilməklə rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsassız varlanma halı qeyd edilmişdir; 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 19.Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. 20.Hazırki iş üzrə müəyyən edilən hallardan göründüyü kimi iddiaçı ilə üçüncü şəxs olan Bank arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçıya məxsus bank hesabına pul köçürülmüşdür. Bundan sonra iddiaçı şans oyunu oynamaq istəmiş, internet səhifəsində Leo loqosu altında saxta sayta daxil olmuş və bundan sonra qeydiyyatdan keçdiyi mobil nömrəyə gələn OTP kodunu icra etmiş, nəticədə iddiaçının kartından cavabdehə məxsus karta 8400 manat məbləğində pul köçürülmüşdür. Bunlar işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı isə odur ki, cavabdeh ona köçürülən pulun qarşılığında özünə məxsus kriptovalyutalarını satdığını, lakin buna baxmayaraq ona köçürülən məbləğin kartından Mustafa Polat adlı üçüncü bir şəxsə köçürüldüyünü iddia edir, halbuki iddiaçı tərəf isə ümumiyyətlə kriptovalyutadan məlumatsız olduğunu, cavabdehi tanımadığını, onunla hansısa bir müqavilənin bağlanmadığını iddia edir və məhkəmə araşdırması zamanı da həmin hal müəyyən edilməmişdir. Hazırki vəziyyətdə göründüyü kimi iddiaçıya münasibətdə kart hesabından pulun cavabdehə köçürülməsi işin sübuta yetirilmiş halıdır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamaqla faydalanmışdır (özünün qeyd etdiyi kimi onun kartına köçürülən pulun sonradan üçüncü şəxsə göndərilməsindən asılı olmayaraq). Bununla da cavabdeh əsassız varlanmışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Belə olan halda tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Ona görə tərəflər arasında yaranmış münasibətlər əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. 21.Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərindən çıxış edərək hesab edir ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və hazırkı vəziyyətdə cavabdeh iddiaçının hesabına əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. 22.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 23.Beləliklə də məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən 8400 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. 24.Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdehin kartından üçüncü şəxs Mustafa Polata köçürülən pul vəsaitinə dair AR DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə edilən müraciət üzrə cavabdehin təqsirinin olmaması sübuta yetirildiyi halda o zaman cavabdeh də pulunun Mustafa Polat tərəfindən qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Hazırki vəziyyətdə isə iddiaçı X4 iddiası hazırki cavabdehə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. 25.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 26.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-540/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-540/2025
12.05.2025 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver