Məhkəmə qərarları › İş №2(040)-1265/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1265/2023

13.12.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1265/2023 13.12.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (qardaşı) X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onu aldatması nəticəsində bağlanmış 15 mart 2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 10000 (on min) manat pulun və 120 (yüz iyirmi) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh etibarından sui-istifadə edərək onun 10000 (on min) manatını mənimsəmişdir. O, onkoloji xəstə olduğunu öyrənmişdi. 3-cü dərəcəli invaziv diqutal karsenoma bədxassəli şiş olduğunu və metastaz verməsi xəbərini yenicə almışdı. Çox pis olmuş, özündə olmamışdır. Bu halı bir müddət davam etmişdir. Cavabdeh Fazil öz həyat yoldaşının vasitəsilə ona təklif etmişdir ki, yarımtikili olan evini satsın və onlara məxsus mənzili alsın. Cavabdehin həyat yoldaşı Rəna ona demişdir ki, “xəstə adamsan, sənə rahatçılıq lazımdır”. O, mənzili almağa razı olduğunu bildirmiş, özünə məxsus yarımtikili evi 2 günün içində satmışdır ki, Fazilin təklif etdiyi evi ala bilsin. Belə olduqda cavabdeh Fazil ona demişdir ki, mənzili hələlik alqı-satqı etmək olmur, lakin sonra rəsmiləşdirməni təmin edəcək. Fazil ona təklif etmişdir ki, formal nəsə müqavilə bağlasınlar, pulu verib mənzilə yerləşsin. O, müqavilənin hansı müddətə bağlanmasını da bilməmişdir. Fazil onun vəziyyətindən istifadə edib onu aldatmışdır. Fazil söz vermişdir ki, bir ay içində mənzili onun adına rəsmiləşdirəcəkdir. Lakin deyilən müddət keçsə də cavabdeh evi onun adına rəsmiləşdirməmişdir. O, evin sənədlərini israrla tələb etdikdən sonra Fazil evin sənədlərini vermiş və o, görmüşdür ki, ev başqa şəxsin adınadır. O, dəfələrlə cavabdehin ünvanına gedib pulunu geri tələb etsə də cavabdeh onun pulunu qaytarmamış, üstəlik onu təhqir edib qovmuşdur. O, çarəsiz halda DİN-in 102 xidmətinə şikayət etmişdir. Polisdə araşdırma aparılmış, lakin cinayət işinin rədd edilməsi haqda 22 iyun 2022-ci il tarixli qərar qəbul edilmişdir. Cavabdeh izahatında bildirmişdir ki, pulu 6-7 ay ərzində qaytaracaqdır. Beləliklə cavabdeh etdiyi əməli etiraf etmiş olmuşdur. Çünki cavabdeh bilirdi ki, onu aldadıb. Kim 10 il müddətinə borc verər? Onun ifadələri qərarda öz əksini tapmışdır. Hesab edir ki, əqd ləğv edilməlidir. Çünki cavabdeh onu aldadıb, müqavilənin 10 illik olmasından xəbərsiz olmuşdur, həmçinin, şərait də əhəmiyyətli dərəcədə dəyişmişdir, cavabdeh verdiyi sözə əməl etməmişdir. Həmçinin, o, 10000 (on min) manat pulu ona görə vermişdir ki, cavabdeh mənzili onun adına rəsmiləşdirsin, bu pulu ona borc verməmişdir. O, 10000 (on min) manat pulu cavabdehə əvvəlcə 7800 manat olaraq ilk dəfə, 1000 (min) manatını “Ayan” qadın geyimləri mağazasında kollektivin içində vermişdir. 200 (iki yüz) manat notariusda dövlət rüsumu ödəmiş, 1000 (min) manat da mənzilin şəraitinin yaxşılaşdırılmasına xərcləmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, onkoloji xəstədir. Cavabdeh mənzil satmaq adı ilə onu aldadaraq pulunu mənimsəmişdir. Cavabdehə əvvəlcə 7800 (yeddi min səkkiz yüz) manat, daha sonra 1000 (min) manat pul vermişdir. 200 (iki yüz) manat notariusda dövlət rüsumu ödəmiş, 1000 (min) manat da mənzilin şəraitinin yaxşılaşdırılmasına xərcləmişdir. Cavabdehin özü də sadaladığı faktları etiraf etmişdir. Hal-hazırda cavabdeh ona 10000 (on min) manat pul qaytarmalıdır. Ona görə də Cavabdeh 10000 (on min) manat pulun və onun məhkəmədə iddia qaldırarkən ödədiyi 120 (yüz iyirmi) manat dövlət rüsumunun pul əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi (qardaşı) X3 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçının izahatında göstərdikləri qismən doğrudur. O, mənzilini iddiaçıya satmaq istəmiş, lakin sənədləşdirə bilməmişlər. Bununla bağlı aralarında 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 15 mart 2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. 2022-ci ilin iyun ayında polis şöbəsində İddiaçı olan borcunu 6-7 ay müddətinə qaytaracağına söz versə də həmin borcdan bir manat da olsun qaytarmamışdır. Belə ki, özünün kreditləri olduğuna görə maddi vəziyyəti borcunu qaytarmağa imkan verməmişdir. İddiaçı ona əvvəlcə 7800 (yeddi min səkkiz yüz) manat, daha sonra 1000 (min) manat pul vermişdir. Onun iddiaçıya 9000 (doqquz min) manat borcu vardır. O, iddiaçı ilə aralarında bağlanan kredit müqaviləsinin ləğv edilməsinə razıdır. 9000 (doqquz min) manat pulun 5000 (beş min) manatını ən geci 6 ay müddətinə, qalan 4000 (dörd min) manatını isə daha 6 ay müddətinə qaytaracaqdır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: “Borcverən” İddiaçı ilə “Borcalan” Cavabdeh arasında bağlanmış, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 15 mart 2022-ci il tarixli kredit müqaviləsindən (notariat reyestri № 3M-243) görünür ki, borcverən borcalana 7800 (yeddi min səkkiz) manat məbləğində borc pul verir, borcalan krediti 15 mart 2032-ci il tarixinədək Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, cavabdehin iddiaçıya 9000 (doqquz min) manat pul qaytarmalı olduğunu cavabdeh verdiyi yazılı izahatında etiraf etmişdir. Belə olan halda, Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş 110 (yüz on) manat dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilməlidir. Həmçinin, tərəflər arasında bağlanan, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 15 mart 2022-ci il tarixli kredit müqaviləsi tərəflərin qarşılıqlı razılığına əsasən ləğv edilməlidir. Qalan hissədə- 9000 (doqquz min) manatdan artıq olan 1000 (min) manat pul və 10 (on) manat dövlət rüsumunun pul əvəzi tələbinə dair hissədə iddia əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə 9000 (doqquz min) manatdan əlavə 1000 (min) manat pul tələbinin əsasları barədə məhkəməyə sübut təqdim etməmiş və iddia tələbinin həmin hissədə əsaslılığını sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanan, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 15 mart 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul, həmçinin, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 110 (yüz on) manat hissəsinin pul əvəzi, cəmi 9110 (doqquz min yüz on) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar