Məhkəmə qərarları › İş №2(004)-2964/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2964/2022

05.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2964/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 07 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ali təhsilli ixtisaslı kadr kimi xx.xx.1994-cü ildən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçı, 1997-ci ildən 2016-cı ilədək Elmi-Metodiki şöbənin müdiri, 2016-cı ildən xx.xx.2022-ci il tarixədək İnformasiya- resurs şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə qüsursuz işçi kimi tanınmış, dəfələrlə Mədəniyyət Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdur. 2007-2017-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində cəlb olunmuş işçi kimi işləmiş və 2016-cı ildən etibarən Aslan Cəfərov bölmə rəhbəri olmuşdur. Qeyd olunan tarixdə Aslan Cəfərov onu öz sektoruna işçi kimi dəvət etsə də, bu dəvəti qəbul etməyərək öz vəzifəsində qalmışdır. Bundan hiddətlənən Aslan Cəfərov ona qarşı kin bəsləyərək qərəzli münasibət göstərmişdir. 2018-ci ildən etibarən yenidən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında əmək fəaliyyətini davam etdirmişdir. 2021-ci ilin oktyabr ayınadək əmək fəaliyyəti olduqca yüksək səviyyəli və məhsuldar olmuşdur. Aslan Cəfərov xx.xx.2021-ci il tarixdən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına rəhbər təyin olunduqdan sonra ona qarşı qərəzli münasibətlərini davam etdirmiş və ona qarşı psixoloji təzyiqlər etmişdir. Belə ki, rəhbər təyin olunduqdan sonra ona ilk sözü “Mədəniyyət və Turizm Nazirliyində sən mənimlə işləmək istəmədin, indi də mən səninlə işləmək istəmirəm” olmuşdur. Məruz qaldığı psixoloji təzyiqlərlə və haqqında deyilən alçaldıcı və təhqiramiz ifadələrlə bağlı Mədəniyyət Nazirinə dəfələrlə teleqram vursa da, bu məsələlər araşdırılmamışdır. Baş verən hadisələrlə bağlı ilk olaraq xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinə ərizə ilə müraciət etmiş, daha sonra isə dəfələrlə Nazirə teleqram və məktub göndərsə də, heç bir nəticə olmamışdır. Yaranmış vəziyyətlə əlaqədar noyabrın 23-də Nazirin qəbulunda olmaq üçün yenidən teleqram vurmuş, noyabrın 24-də Nazirlikdən teleqramla bağlı xəbəri eşidən kimi ona qanunsuz olaraq töhmət verilmiş və məcburi şəkildə məzuniyyət ərizəsi yazdırılmışdır. Bu ərizələrdən və teleqramlardan xəbər tutan Aslan Cəfərov onun tabeliyində olan əməkdaşları xidməti kabinetinə çağırıb onları təhdid etmiş və demişdir ki, “İddiaçı işdən qovacam, siz mənimlə işləmək istəyirsizsə onun əleyhinə şikayət dolu ərizə yazmalısınız.” Bir nəfər razılaşmamış, digər üç işçi isə ərizə yazmışdır. Qeyd olunan ərizələri əsas gətirən Aslan Cəfərov 07 nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad etmişdir. Öz şöbəsində olan əməkdaşlarla 3 ilə yaxın bir müddətdir ki, bir yerdə işləyir və indiyə kimi aralarında heç bir problem olmamışdır. X15 Kitabxanaya rəhbər təyin olunduqdan sonra şöbədə olan əməkldaşlardan qərəzli ərizələr alınaraq işdən azad olunmuşdur. Bütün bu sadalanan hallar Aslan Cəfərovun ona qarşı şəxsi qərəzini və kinini ifadə edir. Ona görə də qanuna uyğun şəkildə verilməmiş bu əmr ləğv edilməli və hüquqları bərpa olunmalıdır. 2007-2017-ci illərdə Mədəniyyət və turizm Nazirliyində kitabxana sektorunda müqavilə əsasında cəlb olunmuş işçi kimi çalışmışdır. Respublikada həmin dövrdə 4500-ə yaxın kütləvi kitabxana fəaliyyət göstərirdi, sektorda isə cəmi 3 nəfər çalışırdı. Kitabxanaların hesabat sənədləri, statistik göstəricilərinin təhlili və şöbədaxili işlərə kömək məqsədilə cəlb olunmuşdur. İşlədiyi dövrdə bir çox kitab və broşürlərin tərtibində yaxından iştirak etmişdir. Belə ki, “Heydər Əliyev və mədəniyyət” İİİ cildlik, “X8 və mədəniyyət: 2003-2008” İİ cildlik, Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva haqqında üç dildə nəşr olunmuş “Mədəniyyətimizin və mədəni incilərimizin hamısı” kitablarında redaksiya heyətinin üzvlərindən biri olmuşdur. Azərbaycan xalqının mədəniyyətinə qismən də olsa töhfələri olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində yuxusuzluq, depressiya, yorğunluq, bitkinlik, enerjisizlik kimi psixoloji problemlərdən əziyyət çəkmişdir. Daimi yorğunluq fonunda istirahət etməyə daha çox ehtiyac hissi yaranmış, özünə güvən və inam hissi azalmış, kefsizlik və həyata marağın tükənməsi, günlük məsuliyyətlərin sonraya saxlanılması, diqqət pozğunluğu, düşünməyin çətinləşməsi, qorxaqlıq və əsəbilik, hər şeyi özünə almaq kimi pis vəziyyət yaranmışdır. Barəsində tərtib olunmuş 07 nömrəli, xx.xx.2022-ci il tarixli əmr xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə ona təqdim edilmişdir. Əmri alan kimi dərhal xx.xx.2022-ci il tarixdə cavabdehə mediasiya təklifini özündə ehtiva edən məktub göndərmişdir. İlkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixə saat 15:40-a təyin olunmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirakdan imtina etdiyi üçün xx.xx.2022-ci il tarixli, MŞB/6-1695 nömrəli mediasiya arayışı alınmışdır. Cavabdeh Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndini əsas götürərək onu işdən çıxarsa da, yol veridiyi “kobud pozuntunun” nədən ibarət olması haqqında, eyni zamanda bu “pozuntu” nəticəsində işəğötürənin qanuni mənafeyinə hansı ciddi xələl gəlməsi barədə məlumat verməmişdir. Yalnız məcburiyyət nəticəsində tabeliyində olan işçilərdən qərəzli ərizələr alaraq əmək fəaliyyətinə xitam vermişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olduğu, yəni əmək qabiliyyəti olmadığı üçün işdə olmamış və bu barədə işəgötürənə məlumat verilmişdir. Bu faktı gözardı edən işəgötürən onu xx.xx.2022-ci il tarixdə dizlərində olan ağrıları və xəstəliyi nəzərə almadan tələm-tələsik işə çağırmış və işdən azad etmişdir. Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir. İş üzrə cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Bu səbəbdən də, ötürülmüş iddia müddətinin nəzərə alınmasını, iddianın qeyd olunan əsasla rədd edilməsini xahiş edir. Həmçinin, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının informasıya-resurs şöbəsinin işçiləri həmin şöbənin şöbə müdiri İddiaçı haqqında şikayət ərizəsi ilə müraciət ediblər. 2021-2022-ci illəri əhatə edən fəaliyyəti dövründə İnformasiya-resurs şöbəsinin müdiri İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla, əmək funksiyasını, əmək borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının gedişatını pozmuş və işəgötürənin habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunar mənafelərinə ziyan vurmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 35-ci maddəsinin 3- cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edilirsə, qəbul olunmayan elan edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Bu səbəbdən də, ötürülmüş iddia müddətinin nəzərə alınmasını, iddianın qeyd olunan əsasla rədd edilməsini xahiş edir. Həmçinin bildirir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya-resurs şöbəsinin işçiləri həmin şöbənin şöbə müdiri X5 haqqında şikayət ərizəsi ilə müraciət etmişlər. 2021-2022-ci illəri əhatə edən fəaliyyəti dövründə informasiya-resurs şöbəsinin müdiri X5 qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla, əmək funksiyasını, əmək borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının gedişatını pozmuş və işəgötürənin habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Göstərilənlərə əsasən iddianı əsassız hesab edərək təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, cavabdeh müəsisədə çalışır və iddiaçı əvvəllər onun şöbə müdiri olmuşdur. İddiaçı onunla və digər işçilər ilə yola getmirdi. Həmişə onlara qarşı kobud rəftar edirdi və hətta qarğıyırdı. Yeganə xanım həmişə ona və digər işçilərə qərəzli yanaşırdı. Olurdu ki iddiaçı günlərlə işə gəlmirdi, müxtəlif vaxtlarda bülletenlər açdırırdı və icazələr alırdı. Onlar Yeganə xanım barəsində əvvəlki direktorları olan Oruc Quliyevə dəfələrlə şikayət etmiş, lakin sonuncu onların şikayətlərinə məhəl qoymamışdır. Oruc müəllimin bu davranışını ilk vaxtlar anlamasalar da, sonradan onlara bəlli olmuşdur ki, Yeganə xanım Oruc Quliyev barəsində müxtəlif qurumlara, eləcə də Mədəniyyət Nazirliyinə şikayət ərizələri ünvanlamışdır. Oruc müəllim məhz bu səbəbdən Yeganə xanımdan çəkinirmiş. Yeganə xanım kobud hərəkətləri ilə yanaşı onun barəsində həqiqət olmayan məlumatlar da yaymışdır. Hətta Yeganə xanımın bu hərəkətinə görə onun ailəsi də dağıla bilərdi. İddiaçı işçilər və rəhbərlik arasında onunla iş yoldaşı Elman müəllim arasında qeyri-etik münasibətlər olduğunu yaymışdır. X9 otağına dəvət edərək bu hal barədə izahat almışdır. Yeganə xanımın bu məlumatları yaymasına səbəb isə bir gün özümü pis hiss etdiyindən işə gəlməməyi və Elman müəllimə mesaj yazaraq onu əvəz edə bilib-bilməyəcəyi barədə məlumat almağı olmuşdur. Elman müəllim onun nömrəsini bilmədiyindən telefonundakı mesajı işçilərə göstərərək həmin nömrənin ona aid olub-olmadığını öyrənərkən Yeganə xanım bunu eşitmiş və hər yerdə onun şəxsiyyətini, ləyaqətini alçaldan və ləkələyən məlumatlar yaymasına səbəb olmuşdur. Yeni rəhbərlik yəni, Aslan Cəfərov gəldikdən sonra da Yeganə xanım davranışlarına və hərəkətlərinə davam etmişdir. Onlar yeni rəhbərliyə onun barəsində şikayət etmiş və iddiaçı barəsində tədbirlər görülmüşdür. Həmkarların iclasında isə Yeganə xanım səsini yüksəltmiş, nalayiq ifadələr işlədərək iclası yarımçıq tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, hazırda cavabdeh təşkilatda çalışır. O, iddiaçı ilə həmin müəssisədə çalışmış, iddiaçı bir müddət onun şöbə müdiri olmuşdur. Başqa bir şöbədə çalışarkən Yeganə xanımın işçilərindən birinə yardım etmişdir. Bunun üstündə Yeganə xanım əsəbləşib özündən çıxmış və problem yaratmışdır. Karantindən sonra isə onu Yeganə xanımın şobəsinə verdilər və onunla çalışmağa başladı. Həmin müddətdə də Yeganə xanım xırda mövzulara ilişərək problemlər yaradırdı. Məsələn pəncərəni açdığına görə dəfələrlə onlara qışqırıb nalayiq sözləş işdədirdi. Oruc Quliyevə onlar tərəfindən müraciətlər olmuşdur, Yeganə xanımın davranışları barədə şikayətlər edilmiş, lakin Oruc müəllim sanki Yeganə xanımdan qorxduğu üçün tədbirlər görməmişdir. Sonradan rəhbərlik dəyişdikdən sonra, onlar Yeganə xanım barəsində Aslan müəllimə də şikayət etmişlər. Həmkarların iclası təşkil olunmuş və orada da Yeganə xanım etik olmayan hərəkətlər nümayiş etdirərək oranı tərk etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, kadrlar üzrə mütəxəssis Vüsal Məmmədov, şöbə müdirləri Nübar Cəlilova, Günay Həsənova həmin aktı tərtib edərək, xx.xx.2022-ci il tarixdə informasiyaresurs şöbəsinin müdiri İddiaçı işə gəlməməsi ilə əlaqədar ona zəng etdiklərini, telefon səs ucaldıcıya qoşulduğu üçün danışıqları hamının eşitdiyini, İddiaçı kollektivin qadınlarını ən alçaq küçə söyüşləri ilə ( fahişə, küçə qadınları) təhqir etdiyini göstərmiş və aktı imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqdimatın surətindən görünür ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru X2 Həmkarlar İttifaqı komitəsinin sədri Xalidə Musayevaya müraciət edərək, İnformasiya-resurs şöbəsinin işçilərinin həmin şöbənin şöbə müdiri X5 haqqında şikayət ərizəsi ilə müraciət etdiklərini, 2021-2022- ci illəri əhatə edən fəaliyyəti dövründə İnformasiya-resurs şöbəsinin müdiri İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasizlıqla, əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozduğunu, işəgötürənin və əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurduğunu göstərmiş, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilməsinə rəy verilməsini xahiş etmişdir. İş materiallarında olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli iclasının 02 saylı protokolunun surətindən görünür ki, informasiya resurs şöbəsinin üç nəfər əməkdaşının şöbə müdiri İddiaçı şikayət ərizələrinə, kitabxananın direktoru Aslan Cəfərovun xx.xx.2022-ci il tarixli təqdimatına baxılmış və kitabxana daxilində etik normalara uyğun olmayan hərəkətlərini nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının həmkarlar ittifaqı komitəsinin üzvləri N.Cəlilova, G.Əsgərova, N.Xəlilli, L.Xasıyeva, T.Məmmədova, Q.Mustafayeva, E.Əliyev həmin aktı tərtib edərək, xx.xx.2022-ci il tarixdə keçirilmiş kitabxana həmkarlar ittifaqı komitəsinin ümumi iclasında İnformasiya-resurs şöbəsinin müdiri İddiaçı iclasın sonuna qədər oturmadığını, çığıra-çığıra bütün çıxış edənlərə qarşı etirazını bildirdiyini, kitabxana həmkarlar ittifaqı komitəsinin iclasına, kollektiv üzvlərinə qarşı hörmətsizlik edərək zalı tərk etdiyini göstərmiş və aktı imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov xx.xx.2022-ci il tarixli, 07 saylı əmrinin surətindən görünür ki, Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmiş, mühasibatlığa istifadə olunmamış əmək məzuniyyətinin təqvim günləri və əmək haqqının son haqq-hesab olaraq hesablanması və ödənilməsi tapşırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kadrlar üzrə mütəxəssisi Vüsal Məmmədov, mühasib Aygün Hüseynova, şöbə müdiri Mehriban Abbasova həmin aktı tərtib edərək, xx.xx.2022-ci il tarixdə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixlərədək olan xəstəlik bülletenini kitabxana həmkarlar ittifaqı komitəsinin sədri Xalidə Musayevaya təqdim edərkən ona xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi haqqında məlumat verildiyini göstərmiş və aktı imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan X3, Nərminə Xəlilli və Gülşən Əsgərova tərəfindən Kitabxananın rəhbərliyinə ünvanlanmış ərizələrdən görünür ki, yuxarıda adları sadalanan şəxslər müxtəlif vaxtlarda İddiaçı hərəkətləri barədə rəhbərliyi barədə şikayətlər etmişlər. İş materiallarında olan izahat İddiaçı məxsus izahatlardan görünür ki, sonuncu xx.xx.2021-ci il tarixində işə gecikdiyi üçün, gecikməsinin üzürlü hesab edilməsi barədə izahat yazmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tarixində əmək kitabçasını təhvil almışdır. İş materiallarında olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov xx.xx.2021-ci il tarixli, 43 saylı əmrinin surətindən görünür ki, Kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri İddiaçı məsul şəxsləri məlumatlandırmadan və birbaşa rəhbərin razılığı olmadan xx.xx.2021-ci il tarixində üzrsüz səbəbdən 09:00-dan 12:00-dək işə gecikərək daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmasına görə töhmət elan edilmişdir. İş materiallarına əlavə olunmuş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilsə də, əmək qabiliyyətinin olmaması vərəqəsinə poliklinikanın möhürü ilə təsdiqlənməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilməsi barədə qeydlər ləğv edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2016-cı il mtarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov xx.xx.2022-ci il tarixli, 07 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmiş, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğun olaraq son haqq-hesab ödənilməsi onunla əmək müqaviləsinə xitam verildiyi gün təmin olunmuşdur. Məhkəmə iddiaçının iddia ərizəsində əsaslandığı mülahizələrə tənqidi yanaşaraq hesab edir ki, iddiaçının mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və qəbul edilə bilməz. Belə ki, iddiaçı iddia ərizəsində qüsursuz xidmət göstərdiyini qeyd etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, ona sonuncu dəfə xx.xx.2021-ci il tarixli, 43 saylı əmri ilə daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmasına görə töhmət elan edilmişdir. Lakin, İddiaçı verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur ki, bu da, qanunvericiliyin tələbinə əsasən (AR ƏM- 72-ci mad. “ə” bəndi) işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmçinin, İddiaçı iddia tələbinin əsası kimi AR ƏM-nin 73-cü maddəsinin 2-ci hissəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi, həmin maddənin tələbləri müddətli əmək müqaviləsi əsasında çalışan işçilərə şamil olunur və hazırki halda, iddiaçı onunla cavabdeh təşkilat arasında müddətli müqavilənin bağlanmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu baxımdan iddiaçının qanunun həmin normasına isrinadı əsassızdır. Bundan başqa işin halları ilə o da, müəyyən edilmişdir ki, iddiaçı X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmiş, xx.xx.2002-ci il tarixdə iş yerində olaraq, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş, lakin iclası yarımçıq tərk etmiş, bundan sonra isə əmək qabiliyyətinin olmaması vərəqəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilməsinə dair qeydlərin yazılmasına nail olsa da, sonradan müvafiq poliklinikanın möhürü ilə təsdiqlənməklə əmək qabiliyyətinin olmamasına dair vərəqədə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilməsi barədə qeydlər ləğv edilmişdir. Belə olan halda, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Kitabxananın direktoru Aslan Cəfərovun xx.xx.2022-ci il tarixli, 07 saylı əmrinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla qəbul olunması təsdiq olunmuşdur. Ona görə də, məhkəmə işin faktiki hallarına əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilərkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam əməl edilməsini, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlillərinin məhkəmə baxışında təsdiqini tapmamasını və əmrin ləğv edilməsi üçün əsasların olmamasını nəzərə alıb qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Bununla yanaşı, məhkəmə cavabdehin iddia tələbinə iddia müddətinin tətbiqinə dair ərizəsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin ərizə əsassız olduğundan hazırki iş üzrə iddia tələbinə iddia müddəti tətbiq edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 292-ci maddəsinin 1-ci bəndinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə görə isə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə “Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir.” İş materiallarına əlavə olunmuş mediator X7 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MŞB/6-1695 saylı arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022-ci il tarixində, 15:40-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nümayəndəsi iştirak etməmişdir. Həmçinin, iş materiallarından müəyyən olunur ki, iddiaçının hazırki iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Beləliklə, iddiaçı qanunvericiliklə nəqərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli ilə bağlı məhkəməyə qədər baxan orqana 3 ay ərzində müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə, 1 ay müddətində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair” iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar