Məhkəmə qərarları › İş №2(004)-2965/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2965/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2965/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 12də yaşayan Cavabdeh kooperativə kommunal xidmətlərə görə olan 733 manat əsas borc və 80 manat isə müamilə pulunun ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ilin yanvar ayından etibarən “ünvan 1 ünvanında tikilmiş yaşayış binasında əhali məskunlaşmışdır. Həmin dövrdən kooperativin ümumi yığıncağının qərarına əsasən binada yaşayanlardan kommunal xidmət haqqları yığılır. Kommunal xidmət haqqının dəyəri mənzilin hər 1 m2 üçün 40 qəpik sakinlər tərəfindən kooperativə ödənilməsi müəyyən edilmişdir. Həmin ünvanın blok A, mənzil 12-də yaşayan X1 2022-ci ilin yanvar ayından indiyədək kommunal xidmət haqqlarını ödəməmişdir. Dəfələrlə kooperativ tərəfindən ona şifahi və yazılı olaraq bildirilsə də, kommunal haqqlarını ödəməyib. Bu da kooperativin işində ciddi problemlər yaradır. Bu halda, kooperativdə çalışanların əmək haqqlarının, vergi, işıq, su və digər ödənişlərin vaxtı-vaxtında ödənişində problemlər yaradır. Mənzil Məcəlləsinin 137-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq yeni tikilmiş binalarda kommunal xidmət haqqı mənzil sahibi ilə Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış müqaviləyə əsasən ödənilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2011-ci ilin yanvar ayından etibarən «ünvan 2 ünvanında tikilmiş yaşayış binasında əhali məskunlaşmışdır. Kooperativin ümumi yığıncağının qərarına əsasən binada yaşayanlardan kommunal xidmət haqları yığılır. Kommunal xidmət haqqıın dəyəri mənzilin hər 1 m2 üçün 0,40 qəpik sakinlər tərəfindən kooperativə ödənilməsi müəyyən edilmişdir. Həmin ünvanın blok A, mənzil 12-də yaşayan Cavabdeh 2022-ci ilin yanvar ayından indiyədək kommunal xidmət haqlarını ödəməmişdir. Dəfələrlə kooperativ tərəfindən ona şifahi və yazılı olaraq bildirilsə də, kommunal haqlarını ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, qeyd olunan ünvanda 400 yaxın mənzil var. Həmin mənzilin sakinlərinin 80 faizi binanın saxlanmasında narazıdırlar. İddiaçının hər gün bir neçə məhkəmələri olur və sakinlərə qarşı pul tələbinə dair iddia qaldırırlar. Binanın hər yerinə, liftlərə yazıb yapşıdırblar ki, kommunal pulları ödəyin, əslində isə öz işlərini yaxşı görsələr, bunu deməyə ehtiyac yoxdur. Onun başqa mənzili də var, liftə minəndə ürəklə minir. Binanin hər yeri güldüçiçəkdir. Hər gün təmizdənir. Bir nəfər kənar şəxs binaya girə bilməz. Onların həyəti isə “proxodnoy dvordur”. Mühafizəçi bütün günü oturub nərd, domino oynuyur. Qeyd etmişdir ki, bütün pulları özləri üçün yığıllar. Onlar pulları ancaq öz ciblərinə doldururlar, binanın remontu isə tökülür. Orada bir gün xəta baş verəcəkdir, binanın qarajları suyun içindədir. O, iki dəfə öz qarajını təmir elətdirib. O, Hikmət müəlimə bildirmişdir ki, bu suyun qarşısı alınsın, lakin o bildirmişdir ki, “siz nə danışırsız, mən indi İcra başçısı ilə başa-baş gəlim”. Su axması nəticəsində binanın kabelləri zədələnmiş və beş gün müddətində binada işıq olmamışdır. Binada yanğın olmuş, fövqəladə halların əməkdaşları odu söndürə bilmirdilər. Sakinlərin təmirləri hədər getdi hamısı. Hamı sevinirdi ki, yanğın vaxtında söndürülmüşdür, yoxsa qarajlara keçib bütün maşınlar yanacaqdır və bina partlama nəticəsində havaya uçacaqdır. Bu günə kimi o, bütün ödənişləri etmiş, qəbzləridə ondadır. Bina çox pis vəziyyətdədir. O, maşınını qarajda saxlaya bilmir, çünki təmir olunmuş yerlər hamısı maşınının üstünə tökulur. Baxmayaraq ki, bina keyfiyətli tikilib, amma bunlar binanın axırına çıxıblar. Bir qəpik olsun belə binaya xərcləmirlər. 400 mənzildən ayda nə qədər pul yığılır. Amma bir qəpik belə binaya xərclənmir. Onun 80 yaşında atası liftə minmiş və liftin trosu qırılması nəticəsində xəsarət almışdır. Bütün qeyd etdiklərinə görə 2022-ci ilin yanvar ayından ödəniş etmir. Gecə vaxtı o, binanın pilləkənlərindən istifadə edə bilmir, çünki onun pilləkənlərində işıq yanmır, qaranlıq olur, məcbur olur liftdən istifadə etsin. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə prosess iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - "xxxx" MTK-nın ümumi yığıncağının xx.xx.2010-cu il tarixli protokoluna əsasən binanın sahə mülkiyyətçilərinin mütləq ödənişləri və haqları aşağıdakı qaydada müəyyən edilmişdir: mənzillərdə təmir aparanlar və yaşayanlar hər ay üçün 30 qəpik, təmirə başlamayanlar isə 15 qəpik ödəsinlər. - xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən "xxxx" MTK ilə Cavabdeh arasında "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A-da yerləşən 12 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 4-cü maddəsində göstərilmişdir ki, bütün kommunal xərclər və sair üçün ödənişin aylıq məbləği mənzilin hər 1 m2 üçün 30 qəpik təşkil edir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirzə Seyidov küçəsi, ev 4, 12 nömrəli mənzil xüsusi mülkiyyət kimi xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - "xxxx" MTK-nın idarə heyətinin yığıncağının xx.xx.2023-cü il tarixli 1 saylı protokoluna əsasən "xxxx" MTK-nın sakinlərə göstərdiyi kommunal xidmət haqqları 01 mart 2023-cü il tarixindən etibarən mənzilin hər 1 m2 üçün 30 qəpikdən 40 qəpiyə qaldırılması qərara alınmışdır. - "xxxx" MMC-nin arayışına əsasən Cavabdeh aylıq 2022-ci il üçün 39 qəpik hesablanmaqla 468 manat, 2023-cü mart ayından 52 qəpik hesablanmaqla həmin ilin iyun ayına kimi 234 manat, cəmi 702 manat kommunal borcu yığılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin tələblərinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 122.1.3-ci maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Beləliklə, işin məhkəmə baxışında müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 4, blok A, mənzil 12 Cavabdeh məxsus olmaqla, onun həmin daşınmaz əmlaka görə bilavasitə qanunvericilin tələblərindən irəli gələn ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsi yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, mənzil sahəsinin mülkiyyətçisinin müştərək cəmiyyətdə qanunla iştirak etmək hüququ vardır, lakin onun müştərək cəmiyyətdə iştirak etmək hüququnu həyata keçirməməsi yeni Mənzil Məcəlləsinə görə sahə mülkiyyətçisi kimi ümumi yığıncaq tərəfindən müəyyən edilmiş binanın ümumi saxlanması xərclərindən mülkiyyətçini azad etmir. "xxxx" MMC-nin təqdim etdiyi arayışa əsasən Cavabdeh 2022-ci il üçün aylıq 39 qəpik hesablanmaqla 468 manat, 2023-cü mart ayından 52 qəpik hesablanmaqla həmin ilin iyun ayına kimi (may ayı daxil olmaqla iddia qaldırılan müddətə) 234 manat, cəmi 702 manat kommunal borcu yığılmışdır. Buna görə də işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh kommunal xidmətlərə görə 702 (yeddi yüz iki) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin, iddia tələbinin “cavabdehdən 80 manat müamilə (cərimə, peniya) pulunun tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə dəbbə pulu tutulacağı barədə hər hansı bir müddəa yer almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kommunal xidmətlərə görə 702 (yeddi yüz iki) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar