Məhkəmə qərarları › İş №2(004)-297/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-297/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-297/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31.08.2012-ci il tarixli, 424/F23 №-li təminatlı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 6% (altı) faiz ödənilmək şərtilə, 15.000 (on beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 11 dekabr 2018-ci il tarixində edilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 ilə 26.09.2012-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.12.2009-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa əsasən (Seriya MA № 0018313, Reyestr nömrəsi: **********31-05101-093002, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 03.12.2009, 45 nömrəli reyestr kitabının 4249 nömrəli vərəqində qeydiyyata alınmışdır) Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzil İddiaçı ASC-yə ipoteka qoyulmuşdur. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındıqdan sonra mənzilin İddiaçı ASC-nin xeyrinə yükİü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 05 oktyabr 2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, eyni zamanda İddiaçı ASC ilə Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 arasında 31 avqust 2012-ci il tarixli, 424/F23 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş pul borcu 31.08.2012-ci il tarixli, 424/F23 №-li kredit müqaviləsinə əsasən 26 noyabr 2019-cu il tarixinə 9,734.49 manat (doqquz min yeddi yüz otuz dörd manat, qırx doqquz qəpik) əsas, 1,910.22 manat (min doqquz yüz on manat, iyirmi iki qəpik) faiz, 1,138.88 manat (min yüz otuz səkkiz manat, səksən səkkiz qəpik) cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 2,959.20 manat (iki min doqquz yüz əlli doqquz manat, 20 qəpik), cəmi 15 742.79 manat (on beş min yeddi yüz qırx iki manat, 79 qəpik) təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 31.08.2012-ci il tarixli, 424/F23 №-li kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 9,734.49 manat əsas, 1,910.22 manat faiz, 1,138.88 manat cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən 5% ilə hesablanan borc üzrə 2,959.20 manat, cəmi 15,742.79 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 AZN (qırx qəpik), həmçinin DƏDRX-nin 1 sayı Bakı Ərazi İdarəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi; həmin borcun ipotekaya qoyulmuş Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik küçəsində yerləşən Dos-3 nömrəli, 2 mərtəbəli binanın, ümumi sahəsi 32.0 kv.m, yaşayış sahəsi 32.0 kv.m, köməkçi sahəsi 0 kv.m olan, 2 otaqlı, 15 nömrəli mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə satılması, satıldıqdan bir ay sonra boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, həmin məbləğ kifayət etmədikdə isə qalan borc məbləğinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Babayev Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda məhkəmə tərəfindən bildirişlər cavabdehlərin qeydiyyatda olduğu yer üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini etiraz edərək bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31.08.2012-ci il tarixli, 424/F23 №-li təminatlı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilmək şərtilə, 15.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, İddiaçı ASC ilə Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 həmçinin mənim ilə arasında 31 avqust 2012-ci il tarixli, 424/F23 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit borcu uzun müddət qabağ götürülmüşdür. O, borcu almamış, əsas borclu Vüqara zamin durmuşdur. Hazırda Vüqarın harda olmağı barədə məlumatı yoxdur, Vüqarı çox axtarsa da bir nəticə əldə edə bilməmişdir. Onların adına digər kredit borcları da var, onlar bank tərəfindən restrukturizasiya olunacaqdır. Tərəflərindən banka xeyli ödənişlər olmuşdur. Hesab edir ki, bank iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. Bunları nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.08.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 6 faiz olmaqla 15000 məbləğində kredit vermiş, verilmiş kreditin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzil banka ipoteka qoyulmuşdur. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 arasında 31 avqust 2012-ci il tarixli, 424/F23 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə cavabdehin bank qarşısında borcu yaranmışdır. X3 Mərkəzi MMC-nin YDQ 177 nömrəli saylı, 28.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilin likvid qiyməti 28000 manat müəyyən edilmişdir. Məhkəmə Cavabdeh2 iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunvericiliklələ müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassızdır. Belə ki, cavabdehlər tərəfindən müqavilə müddətdi bitdikdən sonra kredit müqaviləsi üzrə ödənişlər edilmiş, cavabdeh sonuncu dəfə 11.12.2018-ci il tarixində ödəniş etmiş və bununla da, iddia müddətinin axımını bərpa etmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 iddiaçının xeyrinə əsas borc üzrə 9734.79 manat, faiz borcu üzrə 1910.22 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 31.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 9734 (doqquz min yeddi yüz otuz dörd) manat 49 (qırx doqquz) qəpik, faiz borcu üzrə 1910 (bir min doqquz yüz on) manat 22 (iyirmi iki) qəpik, cərimə üzrə 900 (doqquz yüz) manat, cəmi 12544 (on iki min beş yüz qırx dörd) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarında olan maliyyə arayışına əsasən, cavabdehin kredit müqaviləsinin qüvvədə olma tarixinə 9734.49 manat əsas borcu, 1910.22 manat faiz borcu varıdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 1138.88 manat məbləğində cərimə borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bank tərəfindən hesablanmış kredit müqaviləsi üzrə 1139.88 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 900 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə həmçinin iddia tələbinin borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməli və həmin və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5. maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7 maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1 maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iddia tələbinin mənzilin boşaldılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzil boşaldılmalıdır. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcu müştərək qaydada zaminlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 arasında bağlanmış 31.08.2012-ci il tarixli müqavilə üzrə zaminlik 36 ay müddətinə verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bundan başqa İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 31.08.2012-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan aldığı krediti 36 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 31.08.2015-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminlərə qarşı 31.08.2016-cı il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, zaminlik müqavilələri üzrə öhdəliyin və eləcə də, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2959.20 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Müfaviq qərardan da, göründüyü kimi kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı, cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödəniş cədvəlinə əsasən ödəməli olduğu məbləğləri ödəmədiyi (qrafik üzrə gecikmələr olduğu halda) və kredit müqaviləsinin qüvvədə olma müddəti bitdiyi halda məhkəməyə müraciət etməmiş, kredit müqavilələrinin qüvvədə olma müddətləri bitdikdən sonra da, iddia müddətini gözləyərək məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi bu halı bankın öz hüquqlarından istifadəsi kimi qiymətləndirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, cavadbeh tərəfindən kredit öhdəliklərinin uzun müddət icra edilməməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş iddia müddətlərinə dair hüquqlarından isdifadə edərək kredit müqavilələrinin qüvvədə olma müddətləri bitdikdən sonra (iddia müddətini gözləyərək) məhkəməyə müraciət etməklə əldən çıxmış faydaya dair riskləri də, özü daşımışdır. Məhkəmə bunula yanaşı qeyd edir ki, iddiaçı hazırda ləğv prossesində olduğundan, onun kredit vermək yəni, əldən çıxmış faydanı (borcludan tələb etdiyi və əldə edəcəyi vəsaiti) yenidən tədavülə buraxaraq ondan gəlir əldə etmək imkanının olmadığı halda, əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, ipoteka və girov ilə yüklü edilmiş əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi İcra Haqqında Qanuna əsasən icra mərhələsində həll edildiyindən iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 31.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 9734 (doqquz min yeddi yüz otuz dörd) manat 49 (qırx doqquz) qəpik, faiz borcu üzrə 1910 (bir min doqquz yüz on) manat 22 (iyirmi iki) qəpik, cərimə üzrə 900 (doqquz yüz) manat, cəmi 12544 (on iki min beş yüz qırx dörd) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulmalı; tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus iş üzrə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilməli və mənzil açıq hərracdan satılmalı, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı ASC-yə borcu ödənilməli; ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh3 verilməli; ipoteka predmetinin ilkin satış məbləği 28000 (iyirmi səkkiz min) manat müəyyən edilməli; ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzil boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 40 (qırx) qəpik xidmət haqqının 20%-i, yəni 6 (altı) manatı iddiaçıya aid edilməli, qalan 80%-i, yəni 24 (iyirmi dörd) manat ödənilmiş məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərcinin 20%-i, yəni 40 (qırx) manat İddiaçı ASC-dən, qalan 80%-i, 160 (bir yüz altmış) manatı məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq «X3 Mərkəzi» MMC-nin xeyrinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 31.08.2012-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 9734 (doqquz min yeddi yüz otuz dörd) manat 49 (qırx doqquz) qəpik, faiz borcu üzrə 1910 (bir min doqquz yüz on) manat 22 (iyirmi iki) qəpik, cərimə üzrə 900 (doqquz yüz) manat, cəmi 12544 (on iki min beş yüz qırx dörd) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus iş üzrə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilinə yönəldilsin və mənzil açıq hərracdan satılsın, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı ASC-yə borcu ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaiti Cavabdeh3 verilsin. İpoteka predmetinin ilkin satış məbləği 28000 (iyirmi səkkiz min) manat müəyyən edilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzil boşaldılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 40 (qırx) qəpik xidmət haqqının 20%-i, yəni 6 (altı) manatı iddiaçıya aid edilsin, qalan 80%-i, yəni 24 (iyirmi dörd) manat ödənilmiş məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərcinin 20%-i, yəni 40 (qırx) manat İddiaçı ASC-dən, qalan 80%-i, 160 (bir yüz altmış) manatı məbləğində pul vəsaiti isə Cavabdeh1 tutularaq «X3 Mərkəzi» MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar