Məhkəmə qərarları › İş №2(004)-2979/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-2979/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2979/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 (on min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, o, 2019-cu ilin ortalarında cavabdeh inşaat işləri ilə məşğul olan Cavabdeh ilə yaşadığı evin əsaslı təmir olunması məqsədi ilə aralarında razılıq əldə edilmişdir. Cavabdehə evin təmiri üçün lazım olan tikinti materiallarını almaq və s. xərclərini qarşılamaq məqsədilə hissə-hissə olmaqla ümumilikdə 10000 manat pul vermişdir. Lakin cavabdeh keçən müddət ərzində nə evini təmir etmiş, nə də ki, dəfələrlə tələb etsə də pulunu qaytarmamışdır. Nəticədə etibarından sui-istifadə edilərək onun 10000 manat məbləğində pulu cavabdeh tərəfindən mənimsənilmişdir. Bu faktı təsdiq edə biləcək şahidləri və sübutları var. Sonda isə o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, 10000 (on min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı işə qiyabi icraat qaydasında baxılması barədə ərizə təqdim edərək, Cavabdeh 10000 (on min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona geri qaytarılması barədə qiyabi qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq izahatında göstərdi ki, cavabdeh tərəfindən uzun müddət ərzində ev təmir olunmadığından məcbur qalaraq evlərini özləri təmir etdirmiş, cavabdehin ucbatından 1 il 9 ay müddətində kirayədə yaşamış və yalnız keçən ay evlərinə köçə bilmişlər. Həmin pul məbləğini cavabdehə vermək üçün bankdan kredit götürmüşdür. Eyni zamanda, 10 000 manatdan əlavə 05 oktyabr 2020-ci ildə 1800 manat, 05 noyabr 2020-ci ildə 1500 manat, 05 dekabr 2020-ci ildə isə 800 manat pul ödəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS elektron sistemi vasitəsilə SMS bildiriş göndərilsə də, dəfələrlə məhkəmənin iclas katibi tərəfindən telefon vasitəsilə cavabdehə məxsus telefon nömrəsi ilə əlaqə saxlanılsa da, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində göstərmişdir ki, iddiaçının əmisidir. İddiaçı ailəsi ilə birlikdə Xırdalanda yaşayırmışlar. Evləri çox baxımsız vəziyyətində idi. Fərdi yaşayış evini təmir etdirmək istəyirdilər. İddiaçı ona bildirdi ki, televiziya kanallarının birində tikinti şirkətinin reklamı gedir, hətta hədiyyə olaraq mətbəx mebeli verirmişlər. Kanalda göstərilən telefon nömrələri ilə əlaqə saxlamışlar, Cavabdeh ilə danışmış, o gəlib evə baxmış, təmirin qiymətini ümumi 30000 manat dəyərləndirmişlər. İlkin ödənişi, yəni 10000 manatı ödəmək üçün bankdan kredit götürmüşlər. 2019-cu ilin yay ayında iddiaçı əri ilə birlikdə həmin məbləği Cavabdeh vermişdir. Lakin sonradan təmirin aparılmadığını görmüşlər. Uzun müddət keçməsinə baxmayaraq təmir işi getmirmiş. Hətta o, özü də cavabdehlə telefonla əlaqə saxlamış, təmiri edə bilməyəcəyi təqdirdə pulu geri qaytarmasını bildirmişdir. Eyni zamanda bildirir ki, İddiaçı Cavabdeh onun qızının bağ evinin təmiri ilə də məşğul olması üçün məsləhət görmüş, lakin sonradan təmir məbləğində razılaşmadıqlarından və cavabdehə qarşı onda inam yaranmadığından onlar qızının bağ evini təmir etdirməmişlər. İş materiallarında olan 20 iyul 2019-cu il tarixli ******* nömrəli Qaimə fakturadan görünür ki, 2600 manat və 1400 manat İddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. İş materiallarında olan 23 iyul 2019-cu il tarixli ******* nömrəli Qaimə fakturadan görünür ki, 6100 manat İddiaçı tərəfindən Cavabdeh ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 14 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə müvafiq iddia tələbi qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2019-cu ilin iyul ayında cavabdeh inşaat işləri ilə məşğul olan Cavabdeh ilə yaşadığı evin əsaslı təmir olunması məqsədi ilə aralarında razılığa gəmiş, cavabdehə evin təmiri üçün lazım olan tikinti materiallarını almaq və təmir işlərini etmək məqsədilə hissə-hissə olmaqla ümumilikdə 10000 manat pul vermişdir. Cavabdeh evi uzun müddət keçməsinə baxmayaraq vaxtında və lazımi qaydada təmir etməmiş, bununla da iddiaçıya 10 000 manat maddi ziyan vurmuşdur. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 10 000 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə iclaslarının vaxtı barədə cavabdeh məlumatlandırılsa da, cavabdeh şəxs göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı xeyrinə Cavabdeh 10 000 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddia tələbi üzrə İddiaçı xeyrinə Cavabdeh tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar