Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2985/2023 21.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-ci il buraxılışlı «Mercedes Benz» E230 markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt avtomobil bazarından alarkən cavabdehə verdiyi 4800 manat pulu, ona verdiyi 3 ayın faiz pulu 1600 manatı cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ildə Sumqayıt avtomobil bazarında Sənan adlı şəxsin satdığı «Mercedes Benz» E230 markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş, onunla həmin avtomobili 8800 manata almağa razılaşmış, lakin yanında 4800 manat olduğundan, bazarda olan şəxslərin məsləhəti ilə bazarda borca pul verən şəxs kimi tanınmış cavabdehə müraciət edərək ondan 4500 manat borc pul götürmüşdür. Cavabdehlə aralarında razılaşmaya əsasən iddiaçı bir il ərzində hər ay 550 manat ödəməklə borcu cavabdehə qaytarmalı idi və cavabdeh də ona hər ay avtomobili idarə etmək üçün 1 aylıq etibarnamə verməli idi. Onun tərəfindən faiz olaraq cavabdehə cəmi 1600 manat pul verilmişdir. Lakin 3 aydan sonra yeni etibarnamə istəyəndə cavabdeh etibarnaməni verməmiş və onunla razılaşmayaraq avtomobili götürüb aparmışdır. Odur ki, cavabdeh maşını ondan aldığından ondan avtomobili alarkən ödədiyi 4800 manatı və faiz olaraq ödədiyi 1600 manat pulu tələb edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, onun tərəfindən iddiaçıya faizə pul verilməmiş, 4500 manat borc pul verilmişdir. 4800 manat pulu isə iddiaçı maşını aldığı şəxsə vermişdir. Maşın alınarkən onun tərəfindən iddiaçının kürəkəninə maşını idarə etmək üçün etibarnamə verilmişdir. Borcdan iddiaçı tərəfindən ona 1500 manat geri qaytarılmışdır. İddiaçı qalan borcu ödəmədiyindən ona yeni etibarnamə verməmişdir. Maşın etibarnaməsiz idarə olunduğundan onun adına 1400 manat məbləğində inzibati cərimə yazılmışdır. İddiaçıdan həmin cərimənin ödənilməsini tələb etdikdə iddiaçı tərəfindən həmin cərimə ödənilməmişdir. Odur ki, Xaçmaz Rayon Yol Polisi İdarəsinə müraciət edərək avtomobilin etibarnaməsiz idarə olunması barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə Xaçmaz Rayon Yol Polis Xidmətinin duracağından maşının cərimələrini ödəyərək götürmüşdür. Bu barədə iddiaçıya məlumat vermişdir ki, maşın ondadır, ona olan borcunu ödəsin, maşını aparsın. Maşını duracaqdan götürərkən maşın yararsız vəziyyətdə olmuş və onun təmiri üçün 3000-4000 manat vəsait lazım idi. O heç kimin hüquqlarını pozmamış, əksinə iddiaçı onun etibarından sui istifadə etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin və Xaçmaz Rayon Polis İdarəsinin iddiaçının cavabdeh barəsində həmin polis idarələrinə müraciəti əsasında toplanmış materialların surətindən görünür ki, şikayət əsasında izahatları alınmış iddiaçı və cavabdeh məhkəmədə verdikləri izahata uyğun izahat vermişlər. Eyni zamanda həmin materiallardan görünür ki, tərəflər arasında razılaşmaya əsasən avtomobil formal olaraq cavabdehin yaxın dostunun ona verdiyi etibarnamə əsasında həmin dostunun adına rəsmiləşdirilmiş və cavabdeh iddiaçının kürəkəninə idarə etmək üçün etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin verdiyi izahat və təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, X1 adlı şəxsdən ona məxsus avtomobilin alınması üçün 8800 manat satış qiymətinin 4800 manatını iddiaçı ödəmiş, qalan məbləğin ödənilməsi üçün cavabdehdən 4500 manat borc pul götürmüş və ondan 1500 manat qaytarmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə borcun əvəzi olaraq 1600 manat pul ödəməsini bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh borcdan 1500 manat ödənildiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən maşın geri alındığından iddiaçı haqlı olaraq ona qarşı maşına görə ödədiyi pulun geyri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təsdiq edildiyindən maşına görə ödənilmiş 4800 manat pul və cavabdehə ödənilmiş 1500 manat pulun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə izah edir ki, cavabdeh həqiqətən iddiaçının və ya onun yaxın qohumlarının təqsiri nəticəsində inzibati cərimə ödədiyi və maşının yararsız hala salınması halı olduğu halda dəymiş zərər tələbi ilə həmin şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 91 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6300 (altı min üç yüz manat) manat tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 91 (doxsan bir) manat məbləğində dövlət rüsumu iddiaçı qızının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2985/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2985/2023
21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver