Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2998/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) Nümayəndə2, Cavabdeh xxxxnın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh xxxxna qarşı “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına İddiaçı mövcud qanunvericiliyə uyğun olaraq ayrılmış 100.000 manat məbləğində 4 faizli güzəştli ipoteka kreditinin ona verilməsindən imtina edilməsi barədə xxxxnın qərarının və onun nəticələrinin ləğv edilməsi və 4000 manat maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh xxxxna qarşı “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına İddiaçı mövcud qanunvericiliyə uyğun olaraq ayrılmış 100.000 manat məbləğində 4 faizli güzəştli ipoteka kreditinin ona verilməsindən imtina edilməsi barədə xxxxnın qərarının və onun nəticələrinin ləğv edilməsi və 4000 manat maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditinin əldə edilməsi üçün elektron müraciət etmişdir. Müraciətə ilkin cavab olaraq iddiaçıya 100.000 manat kredit məbləği təklif edilmişdir. xx.xx.2025-ci il tarixli elektron bildirişə əsasən müraciət bank tərəfindən aktivləşdirilmişdir. xx.xx.2025-ci il tarixli elektron bildirişə əsasən (e-gov kabinetində yerləşdirilmiş) müvəkkil bank xxxx tərəfindən 70.000 manat kredit verilməsinə ilkin razılıq verilmiş, ipoteka krediti hesabına alınacaq yaşayış sahəsinin tapılması, tapılmış yaşayış sahəsinə dair müvəkkil bankın məlumatlandırılması və müvafiq şirkət tərəfindən qiymətləndirilərək xx.xx.2025-ci il tarixədək "xxxx" Bankı ASC “Mərkəz” filialı bölümünə təqdim etməsi izah edilmişdir. xx.xx.2025-ci il tarixli elektron bildirişə əsasən tapılmış yaşayış sahəsi "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli elektron bildirişə əsasən müvəkkil cavabdeh bank tərəfindən ipoteka kreditinin verilməsinə dair qərar qəbul edilmiş və xx.xx.2025-ci il tarixədək ipoteka kreditinin rəsmiləşdirilməsi üçün "xxxx" Bankı ASC “Mərkəz” filialı bölümünə yaxınlaşması izah edilmişdir. xx.xx.2025-ci il tarixli bildirişə əsasən iddiaçının müraciətinə dair “Digər” əsaslarla imtina qərarı qəbul edilmişdir. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı nümayəndəsi (atası) Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xxxxnın nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs İpoteka və Kredit Zəmanət Fondu məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan cavabdeh ASC "xxxx" Bankının xx.xx.2025-ci il tarixli məktubuna əsasən qeyd edilmişdir ki, .....”Vətəndaşın gəlir və xərcləri nəzərə alınmaqla əmək haqqına uyğun olaraq 70.000 manat məbləğində kreditin verilməsinə ilkin razılıq verilmişdir. Kreditin məbləğinin 70.000 manat dəyərində qiymətləndirilməsi, həmçinin ipoteka ilə yüklü edilməsi üçün təqdim edilən yaşayış sahəsi və kreditin rəsmiləşdirilməsinə dair Bank tərəfindən verilən suallar İddiaçı tərəfindən birmənalı qarşılanmamış və aqressiv davranışları olmuşdur. Müştəri məmnunluğunu təmin etmək məqsədilə Bank tərəfindən İddiaçı ətraflı təhlil aparılacağı bildirilmişdir. Buna baxmayaraq vətəndaşın atası həm şifah, həm də mesaj vasitəsilə Bank əməkdaşına hədə-qorxu gəlmiş, onu işdən çıxartdıracağını və ASC "xxxx" Bankına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 70.000 manat məbləğində təzminat alacağını bildirmişdir. Həmçinin, vətəndaş ASC "xxxx" Bankının rəsmi saytının “Təklif və iradlar” bölməsinə məktub yazaraq ona düşəcək olan limitin başqa məqsədlər üçün istifadə olunduğunu və qəsdən bank tərəfindən kredit müraciətinə imtina verildiyi barədə yanlış məlumatlar vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq vətəndaşın qeyri-adekvat hərəkətləri və şəxsi keyfiyyətləri qeyri-məqbul hesab edildiyi üçün İddiaçı kreditn verilməsi Bank tərəfindən məqsədə uyğun hesab edilməmiş və sistemdə kreditin verilməsinə dair rəsmi qaydada imtina edilmişdir”. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsində müqavilələr azadlığı prinsipi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən, güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.10cu bəndinə əsasən, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Həmin Qaydanın 4.11-ci bəndinə əsasən, bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditinin əldə edilməsi üçün elektron müraciət etmişdir. Müraciətə ilkin cavab olaraq iddiaçıya 100.000 manat kredit məbləği təklif edilmişdir. xx.xx.2025-ci il tarixli elektron bildirişə əsasən müraciət bank tərəfindən aktivləşdirilmişdir. xx.xx.2025-ci il tarixli elektron bildirişə əsasən (e-gov kabinetində yerləşdirilmiş) müvəkkil bank xxxx tərəfindən 70.000 manat kredit verilməsinə ilkin razılıq verilmiş, ipoteka krediti hesabına alınacaq yaşayış sahəsinin tapılması, tapılmış yaşayış sahəsinə dair müvəkkil bankın məlumatlandırılması və müvafiq şirkət tərəfindən qiymətləndirilərək xx.xx.2025-ci il tarixədək "xxxx" Bankı ASC “Mərkəz” filialı bölümünə təqdim etməsi izah edilmişdir. xx.xx.2025-ci il tarixli elektron bildirişə əsasən tapılmış yaşayış sahəsi "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli elektron bildirişə əsasən müvəkkil cavabdeh bank tərəfindən ipoteka kreditinin verilməsinə dair qərar qəbul edilmiş və xx.xx.2025-ci il tarixədək ipoteka kreditinin rəsmiləşdirilməsi üçün "xxxx" Bankı ASC “Mərkəz” filialı bölümünə yaxınlaşması izah edilmişdir. xx.xx.2025-ci il tarixli bildirişə əsasən iddiaçının müraciətinə dair “Digər” əsaslarla imtina qərarı qəbul edilmişdir. İddiaçı Nəsimi RPİ-nin müstəntiqidir. O, müvafiq ipoteka krediti barədə müraciət etməmişdən bir neçə ay əvvəl “polis sahə inspektoru” vəzifəsindən “müstəntiq” vəzifəsinə təyin edilmiş və əmək haqqı 2 qat artmışdır (əvvəlki vəzifə üzrə maaşı aşağı məbləğ təşkil etdiyindən orta aylıq əmək haqqı müəyyən edilərkən 70.000 manat kreditin verilməsi mümkün hesab edilmişdir). Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır. Cavabdeh ASC "xxxx" Bankının xx.xx.2025-ci il tarixli məktubuna (2-3-cü abzaslar) əsasən, .....”Vətəndaşın gəlir və xərcləri nəzərə alınmaqla əmək haqqına uyğun olaraq 70.000 manat məbləğində kreditin verilməsinə ilkin razılıq verilmişdir. Kreditin məbləğinin 70.000 manat dəyərində qiymətləndirilməsi, həmçinin ipoteka ilə yüklü edilməsi üçün təqdim edilən yaşayış sahəsi və kreditin rəsmiləşdirilməsinə dair Bank tərəfindən verilən suallar İddiaçı tərəfindən birmənalı qarşılanmamış və aqressiv davranışları olmuşdur. Müştəri məmnunluğunu təmin etmək məqsədilə Bank tərəfindən İddiaçı ətraflı təhlil aparılacağı bildirilmişdir. Buna baxmayaraq vətəndaşın atası həm şifah, həm də mesaj vasitəsilə Bank əməkdaşına hədə-qorxu gəlmiş, onu işdən çıxartdıracağını və ASC "xxxx" Bankına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 70.000 manat məbləğində təzminat alacağını bildirmişdir. Həmçinin, vətəndaş ASC "xxxx" Bankının rəsmi saytının “Təklif və iradlar” bölməsinə məktub yazaraq ona düşəcək olan limitin başqa məqsədlər üçün istifadə olunduğunu və qəsdən bank tərəfindən kredit müraciətinə imtina verildiyi barədə yanlış məlumatlar vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq vətəndaşın qeyri-adekvat hərəkətləri və şəxsi keyfiyyətləri qeyri-məqbul hesab edildiyi üçün İddiaçı kreditn verilməsi Bank tərəfindən məqsədə uyğun hesab edilməmiş və sistemdə kreditin verilməsinə dair rəsmi qaydada imtina edilmişdir”. Mübahisə məhz bu hissədədir. Yəni, cavabdeh bankın müdafiəsinin əsasını təşkil edən xüsusat odur ki, iddiaçı özünü adekvat aparmamış, mobil telefonla danışıq zamanı bank əməkdaşına qarşı hörmətsizlik etmişdir. Məhz bu əsasa görə imtina verilməsinin qanuni əsası kimi “digər” əsaslarla ipoteka kreditinin verilməsindən imtina edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, ipoteka kreditinin 70.000 manat həddində müəyyən edilməsi müvəkkil bandın müvafiq maliyyə riskləri, “ümidsiz kreditlər”in qarşısının alınması strategiyası, bankı qiymətləndirmə azadlığı və “müqavilə azadlığı” prinsipinin tələbləri nəzərə alınmaqla əsaslıdır. Baxmayaraq ki, sözügedən vəsait İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ayrılmış, həmin kreditin maliyyə riski bankın üzərindədir. Yəni, gələcəkdə hər hansı maliyyə riski yaranan zaman Fond hər hansı risk daşımır, müvafiq məbləği bankdan tələb edir. Kredit riski ilə bağlı digər hərəkətlər isə bank tərəfindən həyata keçirilməlidir (iddia irəli sürülməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və s.). Lakin, 70.000 manat güzəştli ipoteka kreditinin verilməsindən imtina edilməsi barədə qərar əsassızdır. Çünki, mülki iş üzrə bir nüçə məhkəmə iclası keçirilmiş və cavabdehə izah edilmişdir ki, imtinada qeyd edilən əsaslarla bağlı müvafiq sübutlar (səs yazısı, telefon danışığı, video görüntü və s.) məhkəməyə təqdim edilə bilər. Lakin, cavabdeh tərəfindən imtinanın əsasları barədə əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin iqtisadi baxımdan güclü subyekt olması və kifayət qədər kadr resurslarının olması, bu səbəbdən sübutetmə yükünün qərarı qəbul etmiş cavabdehin üzərində olması diqqətə alınmalıdır. Cavabdeh bank qəbul etdiyi imtina qərarının qanuniliyini və əsaslılığını sübut etməlidir. Cavabdeh bankın kredit verilməsi və imtina edilməsi ilə bağlı qiymətləndirmə azadlığı olsa da, bu azadlıq müəyyən həddlər çərçivəsində, qanunla müəyyən edilmiş qaydada həyata keçirilməli, digər şəxslərin hüquqlarını pozmamalıdır. Nəzərə almaq lazımdır ki, mübahisənin predmetini məhz dövlət siyasətinin tərkib hissəsi kimi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına dair güzəştli ipoteka kreditinin verilməsi təşkil edir. Bu səbəbdən, müvəkkil bank imtinanı əsaslandırmalı, səlahiyyət həddlərini aşmamalı, qəbul etdiyi imtina qərarı qarşıya qoyulan məqsədlərə (maliyyə riskləri) hesablanmalıdır. İddiaçının vətəndaş kimi hər hansı dövlət orqanlarına, məhkəməyə və ya bankın özünə müraciət etməsi, şikayətlər etməsi onun konstitusion hüququdur, bu hüquqlarından istifadənin məhdudlaşdırılması və ya hüquqdan istifadəyə görə subyektə müvafiq mənfi tədbirlərin tətbiq edilməsi yolverilməzdir, hüquqi dövlətin prinsiplərinə ziddir. Bankın müvafiq imtina məktubunda qeyd edilən kimi vətəndaş məmnunluğu xüsusatı diqqətdə saxlanılmalıdır. İddiaçı qeyd edir ki, o, müvafiq kreditləşmə zamanı 1 otaqlı mənzil tapmış, həmin mənzil qiymətləndirilmiş, lakin cavabdeh bankın əməkdaşı mənzilin 1-ci mərtəbədə yerləşməsi xüsusatı ilə bağlı digər mənzilin tapılmasının zəruriliyini bildirmişdir. Məhz bundan sonra iddiaçı ilə sözügedən əməkdaş arasında yüngül polemika yaranmışdır. Bu xüsusata dair məhkəmə qeyd edir ki, sözügedən mənzilin 1-ci mərtəbədə yerləşməsi, ipoteka kreditinin həcminin 70.000 manat olması və mənzilin ipoteka ilə yüklü edilməsi nəzərə alınarsa iddiaçı bankın üzərinə hər hansı əlavə risk qoymur. Yəni, mənzilin 1-ci mərtəbədə yerləşməsi bazar dəyərinə cüzi təsir etsə də, ipoteka predmeti olmasına maneə deyildir. Müvəkkil bankın bu tipli tələbləri də müvafiq kredit üçün müraciət etmiş şəxsin zəruri ehtiyacları (mənzil şəraitinin yaxşılaşdırılması), güzəştli kreditin əldə edilməsinin çətinliyi, ildə yalnız 1 dəfə verilməsi nəzərə alınmaqla vətəndaşda narazılığa səbəb ola və ani gərginlik yarada bilər. İddia tələbi məhz “100.000 manat məbləğində 4 faizli güzəştli ipoteka kreditinin ona verilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi” olsa da, məhkəmə hesab edir ki, bu hal iddianın predmetini deyil, obyektini təşkil edir. Yəni, iddiaçı tərəfin məhkəmədən xahişi ona təyin edilmiş ipoteka kreditinin verilməsi, imtina edilməsi barədə hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlıdır. Nəzərə alınır ki, 70.000 manat kredit məbləği müəyyən edilərkən həmin hal iddiaçı tərəfindən hüquqi baxımdan bəyənilmiş (razılaşmış), beləliklə sonrakı hərəkətlər (mənzil tapılması, qiymətləndirilməsi və s.) icra edilmişdir. Odur ki, məhkəmə iddia tələbinin nəticə hissəsində qeyd edilənlərə hərfi mənada, formal yanaşmır, mahiyyəti üzrə mübahisəni həll etməyi qarşısına məqsəd qoyur. “Prosessual qənaət” prinsipinin tələbləri əsas götürülməklə gələcəkdə növbəti iddianın qaldırılması üçün iddiaçının məcbur edilməsi məqsədə müvafiq hesab edilmir. İddiaçı tərəf ipoteka kreditinin predmeti üçün tapılmış mənzilə dair beh ödəməsi və digər xərclərlə əlaqədar 4000 manat maddi zərər tələb etsə də, bu hissədə məhkəməyə hər hansı sübut (ödəniş qəbzi və s.) təqdim etməmişdir. Bu səbəbdən, iddia tələbi sözügedən hissədə əsassızdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məhkəmə xərcinin 50 (əlli) manat hissəsi cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, İddiaçı 70.000 manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh xxxxnın üzərinə qoyulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh xxxxna qarşı “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına İddiaçı mövcud qanunvericiliyə uyğun olaraq ayrılmış 100.000 manat məbləğində 4 faizli güzəştli ipoteka kreditinin ona verilməsindən imtina edilməsi barədə xxxxnın qərarının və onun nəticələrinin ləğv edilməsi və 4000 manat maddi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı 70.000 (yetmiş min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh xxxxnın üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdeh xxxxndan tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2998/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2998/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver