Məhkəmə qərarları › İş №2(004)-302/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-302/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-302/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 33336,10 manat əsas borc, 8652,72 manat faiz borcu, 4,14 manat cərimə olmaqla, cəmi 41992,96 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 11 D, giriş-2, 158 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borcun cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "AmrahBank” ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.07.2019-cu il tarixli 555/E saylı kredit müqaviləsinə əsasən borcalanaa 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 40000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bank arasında bağlanmış 15.07.2019-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bankla borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 15.07.2019-cu il tarixli 555/E saylı İpoteka müqaviləsinə əsasən kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu. Dadaş Biinyadzadə küçəsi, ev 11 D, giriş-2, 158 saylı mənzil ipotekaya qoyulmuş, müqavilə notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə 17.07.2019-cu il tarixli ********** nömrəli çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********268 saylı 08.05.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, banka heç bir cavab verilməmiş və borcun qaytarılması təmin edilməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 03.05.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 41992.96 manat, 33336.10 manat əsas, 8652.72 manat faiz, 4.14 cərimə borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34, 36 və 59-cu maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, "AmrahBank” ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.07.2019-cu il tarixli 555/E saylı kredit müqaviləsinə əsasən borcalanaa 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 40000 manat məbləğində kredit verilmişdir. "AmrahBank” ASC-nin Azadlıq filialı ilə Cavabdeh2 arasında bağlanmış 15.07.2019-cu il tarixli 555/EZ saylı zaminlik müqaviləsinə əsasən, zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsiə götürmüşdür. "AmrahBank” ASC-nin Azadlıq filialı ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 15.07.2019-cu il tarixli 555/E saylı ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu. Dadaş Biinyadzadə küçəsi, ev 11 D, giriş-2, 158 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Hazırda iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 03.05.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 41992.96 manat, 33336.10 manat əsas, 8652.72 manat faiz, 4.14 cərimə borcu təşkil edir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və məhkəməyə iddia verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, bank kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Habelə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 1 nömrəli Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası əsasında iş materiallarına əlavə edilmiş “X3 Mərkəzi” MMC tərəfindən verilmiş 13.12.2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 11 D, giriş-2, 158 saylı mənzilin bazar dəyəri 73.000 manat, likvid dəyəri 67.900 manat təşkil edir. Habelə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə 33336,10 manat əsas borc, 8652,72 manat faiz borcu, 4,14 manat cərimə olmaqla, cəmi 41992,96 manat borc və 70 manat ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti 67.900 manat dəyərində qiymətləndirilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş pul vəsaiti iddia tələbi həcmində, banka ödənilməli və ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılmaldır. Məhkəmə qeyd edir ki, ipoteka predmeti satıldıqdan sonra, mülkiyyətçi dəyişdiyinə görə yeni mülkiyyətçinin mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsini tələb etmə hüququ olduğundan, müvafiq olaraq, iddiaçının həmin tələblə çıxış etməyə dair subyektiv hüququ olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, mMəhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 33336,10 manat əsas borc, 8652,72 manat faiz borcu, 4,14 manat cərimə olmaqla, cəmi 41992,96 (qırx bir min doqquz yüz doxsan iki manat 96 qəpik) məbləğində borc və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma (ipoteka predmetinin ilkin satış qiyməti 67.900 (altmış yeddi min doqquz yüz) manat dəyərində qiymətləndirilməklə) Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 11 D, giriş-2, 158 saylı mənzilə yönəldilsin və açıq hərracda satılsın.. Əldə olunan vəsait hesabına iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə olan borc ödənilsin. İpoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğ ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulsun. İddiaçının tələbi ödənildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldısın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 250 (iki yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “X3 Mərkəzi” MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar